Gundelik.az Dünya Xərçəngə qarşı dünyada ilk: Yeni mRNA vaksini hazırlanıb
Dünya Xəbərlər

Xərçəngə qarşı dünyada ilk: Yeni mRNA vaksini hazırlanıb

Oxford Universiteti və Moderna əməkdaşlığı ilə hazırlanmış yeni nəsil vaksin, genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçəngini hələ başlamadan dayandırmağı hədəfləyir.

İngiltərəli alimlər xərçəng müalicəsində inqilab sayılacaq yeni bir vaksin üzərində çalışırlar. Oxford Universiteti ilə Moderna şirkətinin birgə layihəsində xüsusilə genetik olaraq yüksək risk qrupuna daxil olan insanlarda bağırsaq və yumurtalıq xərçənginin qarşısının alınması nəzərdə tutulur.

COVID-19 vaksinlərində uğurunu sübut edən mRNA texnologiyası bu dəfə ilk dəfə xərçəngin qarşısını alma məqsədilə istifadə ediləcək. İlk xəstə üzərində sınaqların bu yay başlaması planlaşdırılır.

Hədəfdə “Lynch sindromu” var

Hazırlanan vaksin ilk növbədə “Lynch sindromu” adlanan irsi xəstəliyi olan insanları qorumağı hədəfləyir. İngiltərədə hər 300 nəfərdən birində rast gəlinən bu genetik vəziyyət, DNT-ni bərpa edən genlərin zədələnməsi nəticəsində yaranır.

Bu sindromu daşıyan insanlarda ömür boyu bağırsaq xərçənginə tutulma riski təxminən 80% artır. Bundan əlavə yumurtalıq, uşaqlıq, mədə və mədəaltı vəzi kimi orqanlarda xərçəng riski də xeyli yüksəlir. Üstəlik, təxmin edilən 175 min daşıyıcıdan yalnız təxminən 5%-i bundan xəbərdardır.

Vaksin bu şəxslərdə xərçəng hüceyrələri yaranmadan, yəni “xərçəng öncəsi” mərhələdə olan anormal hüceyrələri aşkar edib məhv etməyi hədəfləyir.

İmmun sisteminə “xərçənglə mübarizə təlimatı”

mRNA texnologiyası ilə hazırlanan vaksin ənənəvi peyvəndlərdən fərqli işləyir. Orqanizmə zəifləşdirilmiş virus vermək əvəzinə, hüceyrələrə immun sistemini aktivləşdirmək üçün genetik “təlimat” göndərilir.

Mütəxəssislər bu vaksinin sanki bir “istifadə kitabçası” kimi immun sistemini öyrətdiyini bildirirlər.

Bu sayədə müdafiə sistemi Lynch sindromunun yaratdığı hüceyrə dəyişikliklərini hələ xərçəngə çevrilmədən tanıyıb məhv edə bilir. Vaksinin təsirini qorumaq üçün müəyyən aralıqlarla gücləndirici dozaların lazım ola biləcəyi də qeyd olunur.

Gələcəkdə bütün xərçənglər üçün ümid ola bilər

Bu yay başlayacaq ilk mərhələdə xəstələr üzərində düzgün doza və təhlükəsizlik yoxlanılacaq. Tədqiqatın ikinci geniş mərhələsinin isə 2027-ci ildə aparılması planlaşdırılır.

Alimlər bildirirlər ki, bu vaksin yalnız Lynch sindromu olan şəxsləri qorumaqla kifayətlənməyə bilər, eyni zamanda xərçəng keçirmiş insanlarda ikinci dəfə xərçəng yaranmasının da qarşısını ala bilər.

Araşdırma komandası bu nəticələrin gələcəkdə genetik olmayan digər geniş yayılmış xərçəng növlərinə qarşı da vaksin hazırlanmasına yol aça biləcəyini düşünür.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version