Yeni araşdırmaya görə, aşağı karbohidratlı pəhrizdən sonra karbohidrat qəbulunu artırmaq orqanizmdə, xüsusilə də immun sistemində müxtəlif dəyişikliklərə səbəb olur. Bu təsir karbohidratın mənbəyindən də asılıdır.
New York University Langone Health rəhbərliyi ilə aparılan araşdırmada 18-50 yaş arasında olan 54 artıq çəkili və ya piylənməsi olan yetkinin məlumatları təhlil edilib. İştirakçılar əvvəlcə aşağı karbohidratlı pəhriz saxlayaraq təxminən 15 faiz çəki itiriblər. Daha sonra onlar müxtəlif qidalanma qruplarına bölünüb.
Rafinə olunmuş karbohidratlar immun reaksiyanı artırıb
Yüksək karbohidratlı qidalanmaya keçən qruplardan birində karbohidratların əsas hissəsini rafinə olunmuş nişasta təşkil edib. Buraya ağ çörək, ağ düyü və ağ undan hazırlanan məhsullar daxildir.
Bu qrupda bəzi immun hüceyrələrinin daha çox aktivləşdiyi, iltihab prosesləri ilə əlaqəli bioloji yolların isə daha fəal olduğu müəyyənləşdirilib. Tədqiqatçılar bunun rafinə olunmuş karbohidratların qan şəkərini daha sürətlə yüksəltməsi ilə bağlı ola biləcəyini düşünürlər.
Bütün karbohidratlar eyni deyil
Alimlər vurğulayırlar ki, nəticələr bütün karbohidratların zərərli olduğunu göstərmir. Əksinə, karbohidratın miqdarı ilə yanaşı, onun hansı qidadan əldə edilməsi də əhəmiyyətlidir.
Tədqiqat yalnız 54 nəfəri əhatə edib və 10 həftə davam edib. Buna görə də nəticələrin təsdiqlənməsi üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

