İş yerində rəhbər və işçi arasında münasibətlər qarşılıqlı hörmət, əmək intizamı və qanunvericiliyin tələblərinə əsaslanmalıdır. Xüsusilə təhsil müəssisələrində rəhbər şəxslərin müəllim və digər əməkdaşlarla davranışı yalnız xidməti münasibətlər çərçivəsində deyil, həm də insan hüquqları və ləyaqətinin qorunması baxımından qiymətləndirilir. İşçinin təhqir olunması, alçaldılması və ya fiziki zorakılığa məruz qalması bir sıra hüquqi məsuliyyət məsələlərini gündəmə gətirə bilər.
Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququnu təmin edir və heç bir halın insan ləyaqətinin alçaldılmasına əsas vermədiyini müəyyənləşdirir. Təhsil sahəsində isə pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşılması qanunvericilikdə ayrıca təsbit olunub.
Bəs rəhbər tərəfindən işçiyə qarşı fiziki və ya psixoloji təzyiq göstərilməsi hansı hüquqi nəticələrə səbəb ola bilər? Zərərçəkmiş şəxs öz hüquqlarını hansı yollarla müdafiə edə bilər? Hadisə zamanı kamera görüntülərinin və tibbi sənədlərin hüquqi əhəmiyyəti nədir?
Gundelik.az bu və digər suallara aydınlıq gətirmək üçün tanınmış hüquqşünas, Bakı 24 saylı Mediasiya Təşkilatının mediatoru Xəlil Süleymanlı ilə söhbətləşib.
Xəlil müəllim, rəhbərin işçi ilə münasibətlərində hansı hüquqi prinsiplər əsas götürülməlidir? İşçinin şərəf və ləyaqətinin alçaldılması hansı hallarda hüquq pozuntusu sayıla bilər?
– İlk növbədə qeyd etmək lazımdır ki, rəhbər və işçi arasında münasibətlər hansı formada olmasından asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun qurulmalıdır. Xüsusilə işçinin şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması və fiziki zorakılığa məruz qalması yolverilməzdir.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ olduğu təsbit edilir. Həmin maddəyə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bu baxımdan rəhbər vəzifədə çalışan şəxsin öz əməkdaşına qarşı davranışı da insan ləyaqətinə hörmət prinsipinə əsaslanmalıdır.
Əgər söhbət müəllimdən gedirsə, təhsil qanunvericiliyində bu məsələ necə tənzimlənir?
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilverənlərin hüquq və vəzifələri ayrıca müəyyənləşdirilib. Qanunun 33-cü maddəsinə əsasən, təhsilverənlərin hüquq və vəzifələri Konstitusiya, “Təhsil haqqında” Qanun, digər normativ hüquqi aktlar, təhsil müəssisəsinin nizamnaməsi, daxili intizam qaydaları və əmək müqaviləsi ilə tənzimlənir.
Bundan başqa, təhsil münasibətlərində pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşılması, etik normalara əməl edilməsi mühüm prinsiplərdəndir. Deməli, təhsil müəssisəsində rəhbər şəxsin müəllimə qarşı davranışı həm əmək münasibətləri, həm də təhsil qanunvericiliyinin tələbləri baxımından qiymətləndirilə bilər.
Rəhbər işçiyə qarşı fiziki zor tətbiq edərsə, hansı məsuliyyət yarana bilər?
– Burada konkret olaraq hadisənin xarakteri, zorakılığın forması və nəticələri araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulur. Həmin maddənin sanksiyasına əsasən, 300 manatdan 500 manatadək cərimə və ya işin hallarından və xətanı törədənin şəxsiyyətindən asılı olaraq iki ayadək müddətə inzibati həbs tətbiq edilə bilər.
Lakin zorakı hərəkət nəticəsində sağlamlığa zərər vurulubsa, məsələ artıq yalnız inzibati xəta çərçivəsində qalmaya və cinayət məsuliyyəti məsələsi yarana bilər. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin qeydində də göstərilir ki, əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələri tətbiq edilir.
Bəs işçi fiziki xəsarət alıbsa, hansı hallarda Cinayət Məcəlləsinin 128-ci maddəsi tətbiq oluna bilər?
– Bunun üçün xəsarətin faktiki olaraq müəyyən edilməsi və hüquqi baxımdan müvafiq meyarlara uyğun olması vacibdir. Cinayət Məcəlləsinin 128-ci maddəsi qəsdən sağlamlığa yüngül zərər vurmanı tənzimləyir. Maddəyə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən yüngül zərər vurma cinayət məsuliyyətinə səbəb ola bilər. Hazırkı qanunvericiliyə görə bu əmələ görə 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 360 saatadək ictimai işlər, bir ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Bu baxımdan xəsarət alan şəxsin tibbi müayinədən keçməsi və xəsarətin müvafiq qaydada sənədləşdirilməsi mühüm əhəmiyyət daşıyır.
Belə hadisə ilə üzləşən işçi, xüsusilə müəllim hansı addımları atmalıdır?
– Əgər şəxs zorakılığa məruz qalıbsa, ilk növbədə hadisənin hüquqi qaydada rəsmiləşdirilməsi vacibdir. Zərərçəkmiş şəxs polisə müraciət edə bilər. Əgər söhbət müəllimdən gedirsə, təhsil sahəsində səlahiyyətli qurumlara da müraciət etmək mümkündür.
Hadisə zamanı müşahidə kameraları varsa, həmin görüntülərin qorunması və araşdırmaya təqdim edilməsi əhəmiyyətlidir. Eyni zamanda hadisəni görən şahidlərin ifadələri, yazılı müraciətlər və digər sübutlar da hüquqi qiymətləndirmə zamanı nəzərə alına bilər.
Əgər xəsarət yetirilibsə, tibbi müəssisəyə müraciət edilməsi və tibbi sənədlərin əldə olunması da vacibdir. Çünki xəsarətin mövcudluğu və dərəcəsi məsələnin hansı hüquqi müstəvidə qiymətləndiriləcəyinə təsir göstərə bilər.
İşçi hadisə nəticəsində mənəvi sarsıntı keçiribsə və kollektiv qarşısında alçaldılıbsa, mənəvi zərərin ödənilməsini tələb edə bilərmi?
– Bəli, konkret hallardan asılı olaraq belə tələb irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsi şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini nəzərdə tutur. Şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsini, qanunda nəzərdə tutulan hallarda isə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Bundan başqa, şəxsin fiziki və mənəvi iztirablarının xarakteri və dərəcəsi də məhkəmə tərəfindən konkret işin hallarından asılı olaraq qiymətləndirilə bilər.
Əgər şəxs kollektiv qarşısında təhqir olunub, alçaldılıb və bunun nəticəsində onun işgüzar nüfuzuna və mənəvi vəziyyətinə zərər dəyibsə, bütün bu hallar hüquqi müstəvidə araşdırıla bilər.
Belə vəziyyətdə əmək müfəttişliyinə də müraciət etmək mümkündürmü?
– Hadisənin əmək münasibətləri ilə bağlı aspektləri varsa, əmək qanunvericiliyinin pozulması ilə əlaqədar səlahiyyətli əmək nəzarəti orqanına müraciət etmək də mümkündür. Burada müraciətin məzmunu, hadisənin necə baş verdiyi, əmək münasibətlərinin mövcudluğu və pozuntunun xarakteri ətraflı göstərilməlidir.
Əsas məsələ odur ki, zərərçəkmiş şəxs hüquqlarının pozulması ilə bağlı susmamalı, hadisəni mümkün qədər vaxtında sənədləşdirməli və hüquqi müdafiə mexanizmlərindən istifadə etməlidir.
Sonda, belə hadisə ilə üzləşən işçiyə əsas tövsiyəniz nə olardı?
– Ən vacib məsələ emosional reaksiyadan daha çox hüquqi mexanizmlərdən düzgün istifadə etməkdir. Hadisə baş veribsə, onu mümkün qədər dəqiq şəkildə rəsmiləşdirmək, sübutları qorumaq, tibbi xəsarət varsa bunu sənədləşdirmək, şahidlərin məlumatlarını saxlamaq və müvafiq dövlət orqanlarına müraciət etmək lazımdır. İşçinin hüquqları yalnız əmək müqaviləsi ilə məhdudlaşmır. Şəxsin şərəf və ləyaqəti, fiziki toxunulmazlığı və işgüzar nüfuzu qanunvericiliklə qorunan hüquqi dəyərlərdir. Bu hüquqların pozulması halında isə hadisənin konkret hallarından asılı olaraq inzibati, cinayət, əmək və mülki-hüquqi müdafiə mexanizmləri gündəmə gələ bilər.
Tərtib etdi: Əliyeva Jalə
Gundelik.az

