Bu səbəbdən beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Kibercinayətkarlıq transmilli xarakter daşıdığı üçün onunla yalnız milli qanunvericilik çərçivəsində mübarizə aparmaq mümkün deyil. Ən mühüm beynəlxalq hüquqi sənəd 2001-ci ildə qəbul olunmuş Budapeşt Konvensiyasıdır. Bundan əlavə, INTERPOL, Europol nəzdində fəaliyyət göstərən Avropa Kibercinayətkarlıq Mərkəzi (EC3) və BMT kiberməkanda təhlükəsizliyin təmin olunması və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayırlar.
Bu mexanizmlər dövlətlər arasında operativ məlumat mübadiləsini, kibercinayətkarların müəyyən olunmasını, birgə əməliyyatların keçirilməsini və vahid hüquqi standartların formalaşdırılmasını təmin edir. Bununla belə, texnologiyanın inkişaf tempi hüquqi tənzimləməni daim yenilənməyə məcbur edir.
Bu sahədə beynəlxalq hüququn qarşılaşdığı əsas çətinliklər hansılardır və Azərbaycanın mövqeyi necədir?
– Ən böyük problemlərdən biri yurisdiksiya məsələsidir. Kiberhücum bir ölkədə planlaşdırıla, başqa ölkənin serverlərindən həyata keçirilə və nəticədə üçüncü dövlətə zərər vura bilər. Belə hallarda hansı dövlətin cinayət təqibi aparacağı, hansı qanunvericiliyin tətbiq ediləcəyi və sübutların necə toplanacağı mürəkkəb hüquqi problemlər yaradır. Bundan başqa, dövlətlər arasında hüquqi sistemlərin fərqliliyi və siyasi amillər də beynəlxalq əməkdaşlığın effektivliyinə təsir göstərir.
Süni intellektin inkişafı isə yeni risklər yaradıb. Deepfake texnologiyalarının hazırlanması, dezinformasiyanın yayılması və avtomatlaşdırılmış kiberhücumların həyata keçirilməsi dövlətləri yeni hüquqi normalar hazırlamağa sövq edir.
Azərbaycan da bu istiqamətdə beynəlxalq əməkdaşlığa qoşulub, kibercinayətkarlıqla mübarizə üzrə qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırır. İnformasiya təhlükəsizliyi, kritik informasiya infrastrukturunun qorunması və rəqəmsal təhlükəsizlik sahəsində həyata keçirilən institusional tədbirlər ölkəmizin bu sahədə potensialını gücləndirir.
Hesab edirəm ki, gələcəkdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi, vahid hüquqi standartların yaradılması və süni intellekt kimi yeni texnologiyalara uyğun hüquqi mexanizmlərin hazırlanması kiberməkanda təhlükəsizliyin təmin edilməsinin əsas şərtlərindən biri olacaq.
AYNYUR TURAN
Gundelik.az