Gundelik.az Mədəniyyət və cəmiyyət WUF13 ərəfəsində: Sağlam şəhərlər, təmiz hava və insan həyatı
Mədəniyyət və cəmiyyət Xəbərlər

WUF13 ərəfəsində: Sağlam şəhərlər, təmiz hava və insan həyatı

Nadir Xəstəlliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova:WUF13 ərəfəsində: Sağlam şəhərlər, təmiz hava və insan həyatı
Bu gün ölkəmizdə çox mühüm beynəlxalq tədbirə – WUF13 hazırlıqların getməsi hər bir Azərbaycan vətəndaşı kimi məni də qürurlandırır. Xüsusilə Bakı şəhərinin belə böyük beynəlxalq səviyyəli tədbirə ev sahibliyi etməsi həm ölkəmizin nüfuzunun göstəricisidir, həm də Azərbaycanın dünyaya açıq, inkişaf edən və qlobal problemlərə həssas yanaşan bir ölkə olduğunu göstərir. Mən bir ictimai təşkilat rəhbəri olaraq bununla fəxr edirəm.
Çünki bu kimi beynəlxalq tədbirlər təkcə siyasət və diplomatiya deyil. Bu tədbirlər insanların həyatı, sağlamlığı, gələcəyi və yaşadığı mühit haqqında verilən mühüm qərarların platformasıdır.
Mən səhiyyə istiqamətli təşkilatların rəhbəri kimi hər gün sağlamlıq imkanları məhdud uşaqlarla, ağır xroniki  xəstəliklərlə yaşayan insanlarla təmasdayam. Bizim fəaliyyət göstərdiyimiz sahədə dərman, müalicə və tibbi xidmət nə qədər vacibdirsə, insanların yaşadığı mühit də bir o qədər həyati əhəmiyyət daşıyır.
Xüsusilə də təmiz hava.
Bəzən insanlar düşünür ki, şəhərsalma, urbanizasiya və yaşıllaşdırma yalnız memarlıq və estetika məsələsidir. Amma əslində bu, birbaşa insan sağlamlığı məsələsidir. Ağıllı şəhərlər dedikdə biz yalnız müasir binaları və texnologiyanı yox, insanın rahat və sağlam yaşaya bildiyi bir mühiti nəzərdə tutmalıyıq.
Məsələn, Kistoz fibroz və eləcə də digər  ağciyər problemləri və tənəffüs çətinlikləri ilə mübarizə  aparan pasiyentləri götürək. Onların həyatı yalnız dərmanlardan asılı deyil. Təmiz hava, oksigen, yaşıl mühit və ekoloji balans onların gündəlik yaşam keyfiyyətinə birbaşa təsir edir.
Çirkli hava, ağır atmosfer, yaşıllığın azlığı isə belə xəstələrin sağlamlığını daha da ağırlaşdıra bilir.
Bu səbəbdən mən hesab edirəm ki, gələcəyin şəhərləri planlaşdırılarkən sağlamlıq meyarları ən yüksək səviyyədə nəzərə alınmalıdır. Şəhərlərdə parkların, yaşıllıq zonalarının artırılması, ekoloji nəqliyyatın inkişafı, havanın keyfiyyətinə nəzarət və insanların nəfəs ala biləcəyi sağlam mühitin yaradılması artıq seçim deyil — zərurətdir.
Çünki sağlam şəhər yalnız gözəl şəhər deyil. Sağlam şəhər insanı yaşadan şəhərdir.
Bu gün dünyada iqlim dəyişiklikləri, ekoloji problemlər və urbanizasiya sürətlə artır. Belə bir dövrdə Azərbaycanın beynəlxalq platformalarda bu mövzulara diqqət ayırması çox vacib və dəyərlidir.
Mən inanıram ki, ölkəmizdə keçirilən bu kimi beynəlxalq tədbirlər gələcəkdə daha sağlam, daha yaşıl və daha humanist şəhərlərin qurulmasına töhfə verəcək.
Çünki hər bir insanın ən əsas haqqı sağlam nəfəs almaqdır.
Gundelik.az
Exit mobile version