Müasir dövrdə urbanizasiya, dayanıqlı inkişaf və insan yönümlü şəhərsalma siyasəti dünyanın əsas prioritet istiqamətlərindən birinə çevrilib. Məhz bu baxımdan Bakıda keçirilən WUF13 – Dünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Forum çərçivəsində səsləndirilən çağırışlar təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin formalaşdırılmasının artıq qlobal zərurət olduğunu göstərir.
Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Nigar Məmmədova WUF13 forumunun ölkəmiz üçün sosial və iqtisadi əhəmiyyətini Gundelik.az-a verdiyi müsahibədə dəyərləndirib.
Bu beynəlxalq tədbirin Azərbaycana sosial təsiri necə olacaq və əhalinin gündəlik həyatında hansı dəyişikliklər gözlənilir?
— Prezident İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü zamanı da WUF13-ün mühüm sosial-iqtisadi əhəmiyyət daşıdığı vurğulandı. WUF13 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycana sosial təsiri ilk növbədə şəhərsalma, yaşayış keyfiyyəti və ictimai xidmətlər sahəsində yeni yanaşmaların tətbiqində özünü göstərə bilər.
Forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” olaraq müəyyənləşdirilib və burada şəhərlərin daha rahat, inklüziv və iqlim dəyişikliklərinə davamlı inkişafı əsas prioritet kimi təqdim olunur.
Forumun ilk günündə keçirilən sessiyalarda xüsusi vurğulandı ki, şəhərlər qlobal problemlərin həll platformasına çevrilir. Yeni yanaşmaların müəyyənləşdirilməsi, davamlı şəhər inkişafı artıq bütün ölkələr üçün vacib mərhələyə daxil olub. Ekspertlərin də gəldiyi qənaət bundan ibarətdir ki, dayanıqlı yaşayış mühiti ilə bağlı beynəlxalq standartların tətbiqi genişlənəcək.
Şəhərsalma sahəsində vətəndaş iştirakçılığı və ictimai müzakirələr artacaq. İnsanların gündəlik həyatında daha təhlükəsiz yollar, daha keyfiyyətli kommunal xidmətlər və müasir urban mühitə keçid hiss olunacaq.
Forum çərçivəsində səslənən fikirlərdən biri də kommunal xidmətlərin ayrıca strateji istiqamət kimi qəbul edilməsidir. Qeyd olundu ki, dayanıqlı şəhər üçün infrastrukturla yanaşı xidmət keyfiyyəti və idarəetmə bacarığı da əsas şərtdir.
Tədbirin iqtisadi nəticələri barədə nə deyə bilərsiniz? Bu tədbir yerli bizneslərə, əmək bazarına və ümumiyyətlə iqtisadi inkişafımıza necə təsir edəcək?
— Tədbirin iqtisadi nəticələrinə gəlincə, WUF13 Azərbaycanın beynəlxalq iqtisadi nüfuzunun və investisiya cəlbediciliyinin artmasına mühüm töhfə verir. Forum dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni, investorları, şəhərsalma şirkətlərini, ekspertləri və beynəlxalq təşkilatları Bakıya cəlb edib.
Bu, ilk növbədə xidmət sektorunda ciddi iqtisadi canlanma yaradır, yerli biznes subyektlərinin gəlirlərini artırır, xüsusilə kiçik və orta sahibkarlığın dövriyyəsinə müsbət təsir göstərir. Forum müddətində paytaxtda keçirilən sərgilər, təqdimatlar və biznes görüşləri şirkətlər üçün yeni tərəfdaşlıqlar qurmaq imkanı yaradır.
Əmək bazarı baxımından da tədbir yeni ixtisaslara tələbatı artırır. Xüsusilə şəhərsalma, memarlıq, rəqəmsal idarəetmə, tikinti və infrastruktur sahələrində yeni layihələrin genişlənməsinə imkan yaranır.
Bundan əlavə, forumlar uzunmüddətli iqtisadi planlaşdırmaya təsir göstərir. Şəhərsalma ilə bağlı qəbul olunan yeni yanaşmalar nəqliyyat, kommunal xidmətlər, yaşayış infrastrukturu və rəqəmsal idarəetmə sistemlərinin modernləşdirilməsinə səbəb olur. Bu isə gələcəkdə şəhərlərin iqtisadi səmərəliliyini artırır, biznes fəaliyyəti üçün daha əlverişli mühit formalaşdırır.
Forum çərçivəsində aparılan müzakirələrdə “investisiyanın yalnız infrastruktura deyil, insan kapitalına da yönəldilməsi” xüsusi vurğulandı. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə urbanistika və dayanıqlı inkişaf üzrə yeni peşələr və təlim proqramları aktuallaşacaq.
Ümumilikdə, WUF13 qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəmində fəal iştirak edən ölkə kimi Azərbaycanın mövqeyini gücləndirən mühüm platformadır.
Aynur Turan
Gundelik.az

