Gundelik.az Xəbərlər Nigar Məmmədova: “Reallaşan layihələr Cəbrayılda yeni sosial-iqtisadi həyatın formalaşdırıldığını təsdiqləyir”
Xəbərlər

Nigar Məmmədova: “Reallaşan layihələr Cəbrayılda yeni sosial-iqtisadi həyatın formalaşdırıldığını təsdiqləyir”

4 oktyabr Cəbrayıl şəhər günüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edilib. 44 günlük Vətən müharibəsində Cəbrayıl şəhəri ilə yanaşı, çoxsaylı yaşayış məntəqələri və strateji yüksəkliklər azad edildi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun sosial-iqtisadi infrastrukturu dağıdıldı, əhali doğma torpaqlarından didərgin salındı, tarixi və mədəni irsə ciddi ziyan vuruldu. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, muzeylər, yaşayış evləri və digər obyektlər məhv edildi.
Cəbrayılın işğal altında qaldığı illər həm də tarixi-mədəni irsin məqsədyönlü şəkildə dağıdılması ilə yadda qaldı. Xudafərin körpüsü, tarixi türbələr, məscidlər, qalalar, kurqanlar və digər abidələr vandallığa məruz qaldı. Prezident İlham Əliyev Cəbrayıl şəhərinə ilk səfəri zamanı şəhərin vəziyyətini qiymətləndirərək, işğal dövründə demək olar ki, bütün yaşayış və ictimai infrastrukturun dağıdıldığını bəyan etmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündə Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi Cəbrayıl istiqamətində ilk böyük uğurlardan oldu. Oktyabrın 3-də daha bir neçə yaşayış məntəqəsi azad edildi. Nəhayət, oktyabrın 4-də Cəbrayıl şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Prezident İlham Əliyevin də söylədiyi kimi, “burada düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.”
Beləliklə, Cəbrayıl İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk şəhər oldu. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, şəhərin azad olunması Azərbaycan Ordusuna əlavə mənəvi güc verdi və sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar yaratdı.
Cəbrayıl istiqamətində yaradılmış düşmən istehkamlarının yarılması asan başa gəlmədi. Burada aparılan döyüşlər Azərbaycan hərbçilərinin peşəkarlığı və fədakarlığı ilə yadda qaldı. Cəbrayılın azad edilməsindən sonra Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində əməliyyatların genişləndirilməsi üçün mühüm imkanlar yarandı.
Bu baxımdan Cəbrayıl sonrakı hərbi uğurların mühüm başlanğıc nöqtələrindən biri idi.
Beləliklə, Azərbaycan Laçın dəhlizini tam nəzarətə götürə bildi.
Cəbrayılın azad edilməsinin əsas rəmzi məqamlarından biri Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu.
Azərbaycan dövlətçiliyinin və tarixi yaddaşının mühüm simvollarından olan Xudafərin körpüsündə üçrəngli bayrağın dalğalanması Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının rəmzinə çevrildi.
2020-ci il noyabrın 26-da isə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda döyüşlərdə iştirak edən 22 797 hərbi qulluqçu bu medalla təltif edildi.
Cəbrayılın azad edilməsindən sonra dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsi istiqamətində fəaliyyət başladı.
2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayıla səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Həmin səfər zamanı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “Cəbrayıl” yarımstansiyasının, rayon xəstəxanasının, məktəbin, yaşayış məhəlləsinin və digər mühüm layihələrin təməli qoyuldu.
Rayonun strateji coğrafi mövqeyi, nəqliyyat imkanları və iqtisadi potensialı onun Qarabağ və Şərqi Zəngəzurun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada logistika və ticarət mərkəzlərinin, anbar komplekslərinin, TIR parkının, gömrük və xidmət infrastrukturlarının, sənaye müəssisələrinin yaradılması nəzərdə tutulur.
Cəbrayıl həmçinin regionun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu rayonun Füzuli və Zəngilanla əlaqəsini gücləndirməklə yanaşı, daha geniş regional bağlantılar üçün imkan yaradır. Yolun İran istiqamətində bağlantısının inkişaf etdirilməsi də Cəbrayılın tranzit əhəmiyyətini artırır.
Cəbrayılın yeni inkişaf modelində enerji layihələri də mühüm yer tutur. “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun bərpa-quruculuq işlərinin enerji təminatının əsas elementlərindən biri oldu. Sonrakı mərhələdə günəş enerjisi layihələrinin reallaşdırılması ilə Cəbrayıl yaşıl enerji gündəliyinin də mühüm məkanlarından birinə çevrilir.
Bu proses azad olunan ərazilərdə müasir, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaqdadır.
Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi şəhərin gələcək simasını müəyyənləşdirən mühüm addımlardan biridir.
Baş plana əsasən, şəhərin inkişafı mərhələli şəkildə həyata keçirilir. Yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, xidmət infrastrukturu və ictimai məkanlar müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılır. Əsas məqsəd insanların rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı və sosial həyat quracağı müasir şəhər mühiti yaratmaqdır.
Bu proses artıq real nəticələr verir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması Böyük Qayıdışın mühüm mərhələlərindən birinə çevrildi. Sonrakı dövrdə Horovlu və Şükürbəyli kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi.
Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməllərinin qoyulması rayonun kənd yaşayış sisteminin də yenidən qurulduğunu göstərir.
Horovlu kəndinin birinci mərhələsinin istifadəyə verilməsi, Şükürbəyli kəndinin açılışı və sakinlərin burada məskunlaşması Böyük Qayıdışın praktiki nəticələridir.
Böyük Mərcanlı kəndinin 2040-cı ilədək 6230 nəfərlik yaşayış məntəqəsi kimi formalaşdırılması planlaşdırılır. Kənddə yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, idman və sağlamlıq mərkəzləri, bazar kompleksi və digər sosial obyektlərin yaradılması nəzərdə tutulur.
Karxulu kəndində də 2040-cı ilədək minlərlə insanın yaşayacağı yeni yaşayış məntəqəsinin yaradılması planlaşdırılır.
Bu layihələrin hər biri Cəbrayılda yeni sosial-iqtisadi həyatın formalaşdırıldığının təsdiqidir.
2026-cı ilin sentyabrına olan göstəricilər Cəbrayılda qayıdış prosesinin artıq genişmiqyaslı mərhələyə keçdiyini göstərir.
Belə ki, Sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə – 2974 nəfər, Horovlu kəndində 321 ailə – 1326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə – 2749 nəfər məskunlaşıb.
Cəbrayıl şəhəri və iki kənd üzrə ümumilikdə 1600 ailənin, 7022 nəfərin doğma yurda qayıdışı təmin edilib.
Prezident İlham Əliyevin 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğuladığı kimi, “4 oktyabr həm Cəbrayılın işğaldan azad edildiyi, həm də onun bərpasına start verildiyi tarix kimi yadda qalacaq.”
Gundelik.az
Exit mobile version