Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətənimiz Azərbaycandır, ulu babalarımızın bugünkü nəsillərə Müqəddəs əmanəti, atalarımızın hər bir Vətən övladına candan əziz yadigarı-Azərbaycan! Vətən bizim tərcümeyi-halımız, şanlı keçmişimiz, bu günümüz, sabahımız, əbədiyyətimizdir. Vətən torpağı bizə candan əzizdir. Çünki bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş ata-babalarımız qanından yoğrulmuşdur. Dünyanın ən qədim məmləkətidir vətənimiz!
Bəşər var olduğu gündən Azərbaycan xalqı böyük dahilər, dünya miqyasında şöhrət tapan şəxsiyyətlər yetişdirib, Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyətlər olub. Atropat, Tomris, Cavanşir, Babək, Bəhmənyar, Q.Təbrizi, X.Şirvani, Nizami, M.Ə.Rəsulzadə, H.Cavid, Mübariz İbrahimov… və s. yüzlərlə Azərbaycan övladlarını saymaqla qurtarmaz.
Vətən-müdrikliyi, uzaqgörənliyi, sərkərdəlik istedadı, və igidliyi ilə dünyaya səs salan… 600 ilə yaxın müddət ərzində Azərbaycanımızda topçuluq sənətini inkişaf etdirmək, güclü nizami ordu yaratmaq üçün can qoymuş böyük babamız Uzun Həsənin yadigarıdır.
Həsən bəy Bayandur (Uzun Həsən) 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman Bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52–ci babası olması gösərilir. Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında o yazır: “Uzun Həsən yeməyi və öz qonaqlarına qulluq etməyi sevir. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var”.
Uzun Həsən, Həsən bəy Bayandur-Ağqoyunlu dövlətinin (1468-1503-1508) banisi, eyni zamanda mənşəcə Oğuz türklərindən olan sərkərdə və dövlət xadimi Bayandur tayfasından idi. Uca boylu olduğuna görə “Uzun Həsən” ləqəbini almışdır.
Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər qurub. O, Ağqoyunlu tayfalarını birləşdirir, Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur. Özünə qərb dövlətləri arasında müttəfiqlər axtarır, bir neçə Avropa ölkəsindən odlu silah almaq üçün danışıqlar aparır.
Baş Qafqaz sıra dağları ilə Araz çayı arasındakı Azərbaycan torpaqlarında Oğuz tayfalarından olan Ağqoyunlular yaşayırdılar. Onlarm maldarlıqla, əsasən də qoyunçuluqla məşğul olurdular. Buna görə də Ağqoyunluların bayraqlarındam ağ qoç təsvir olunurdu. Ağqoyunlu dövlətinin başında duran hökmdarlar sultan və padşah adlanırdılar. Padşahın dövründə Ağqoyunlu dövləti çox gücləndi. Daimi nizami qoşun yaratmaq məqsədi ilə qoşunlara aylıq məvacib təyin edildi. Uzun Həsənin dövründə dövlətin ərazisi Qafqaz sıra dağlarından Fars körfəzinədək, Xorasandan Mərkəzi Anadoluyadək uzanmışdır.O, dövlətinin güclənməsi üçün xüsusi “Qanunnamə” hazırlatdı. Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi “Qanunnamə” nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin “Həsən padşah qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında “Tarix əl-Qiyasi” də deyilir: “Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı. O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid “Qanunnamə” də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan “Qanunnamə” ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi”.
Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində alınmağa başlandı. Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi. Azərbaycan tarixində Salari hökmdarı Mərziban ibn Məhəmmədin “Qanunnamə” sindən sonra ən möhtəşəm “Qanunnamə” Həsən Bayandurinin dövründə verilən qanunlar toplusudur.
Tarixçilərin qeyd ediyi kimi, Uzun Həsən uzaqgörən dövlət xadimi idi. O, yaxşı başa düşürdü ki, uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu impertorluğu ərazicə geniş olsa da, daxilən möhkəm deyil. Hər hansı təhlükəni aradan qaldırmaq üçün, real gücə əsaslanan, güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdir.“Qanunnamə” lər vergi ödənilməsində qayda-qanun yaratmaqla özbaşına yığılan və həmin dövürdə “ŞİLTAQAT” adlanan hər cür vergini ləğv etdi.Vilayət ərazisindən keçirilib başqa yerə satılmaq üçün aparılan maldan bac, həmin ərazidə satılan maldan isə tamğa vergisi alınmaq nəzərdə tutulmuşdu.Tamğa vergisinin dəyəri 5% idi, bac isə bundan qat-qat aşağı alınırdı.
Ağqoyunlu dövlətinin ərazisindən müxtəlif ölkələri birləşdirən çoxlu karvan yolları keçirdi. Bu yollardan keçən karvanlardan xeyli gömrük alınırdı. Bütün bunlar dövləti xeyli gücləndirdi. Uzun Həsən güclü ordu yaratmışdı.
Uzun Həsənin hökmdarlığı dövründə köçəri maldarlar “Qopuçur” əvəzinə “Rəsmi yataq” adlanan vergi ödəyirdilər. Bu vergi “qopçur” və “Çobanbəyi” yə nisbətən yüngül idi. Məsələn, Əvvəllər hər 100 baş qoyuna görə 1 qoyun ödənilirdisə, islahatdan sonra hər 300 baş qoyuna 1 qoyun vergi kimi ödənilirdi.
Qeyd edək ki, Şərqdə, Qərbdə, dünyanın hər yerində məşhur olmuş istedadlı diplomat ağbirçək nənəmiz, tariximizin ilk diplomat qadını, görkəmli dövlət xadimi Sara xatın Uzun Həsənin anasıdır. Sara xatın bütün dövlət işlərində Uzun Həsənin yaxın məsləhətçisi idi. Bir çox ölkələrdən Sara xatının adına məktublar gəlirdi. Xarici ölkələrdən Ağqoyunlu dövlətinin paytaxına gələn elçilər, səyyahlar, dövlət adamları Uzun Həsənlə görüşməzdən əvvəl onun görüşünə gedirdilər. Xarici ölkə səfirliklərinin nümayəndələri Sara xatınla danışıqlar aparırdılar.
Uzun Həsən öz dövrünün böyük alimlərindən birinə ulu babalarımız olan oğuzların tarixini də yazmışdır. Bu, böyük hökmdarın sonrakı nəsillərə qoyub getdiyi çox qiymətli töhfədir.
Uzun Həsən ölkədə elmə və abadlıq işlərinə xüsusi fikir verirdi. O, öz ölkəsindəki savadlı insanları saraya toplayır və himayə edirdi. Böyük hökmdar “Qurani Kərim”i türkcəyə çevirtdirmişdi. Onun kitabxanasında altmışa qədər alim işləyirdi. Onun özü də kitabları çox sevirdi. O, aşıq mahnılarını da xoşlayırdı. Onun göstərişi ilə saz ansanblı (sazəndələr dəstəsi) yaradılmışdı. Burda doğsan səkkiz aşıq toplanmışdı. Uzun Həsənin sarayında elmi məclis fəaliyyət göstərir, burada 58 alim çalışırdı. Təbrizdə “Qeysəriyyə” adlı örtülü bazar və “Nəsriyyə” məscidini tikdirmişdi. Bu məscid gündə üç dəfə rəngini dəyişirdi.
Avropa ilə ticarət əlaqələrini günü-gündən genişləndirən Uzun Həsən eyni zamanda kompleks tədbirlər həyata keçirir. Belə ki, Osmanlı dövləti Avropaya yolları bağladıqda aydın olur ki, ənənəvi Böyük İpək yolu marşrutu qapanıb. Odur ki yolun mərkəzində yerləşən Azərbaycana böyük zərər dəyir (digər Şərq ölkələri də bundan əziyyət çəkirdi). Uzun Həsən Qara dənizin cənub sahillərində yerləşən Trabzon imperatorluğu vasitəsilə Avropa ilə əlaqə yaratmağa çalışır. Bu məqsədlə o, imperator IV İoanın qızı Despinə xatunla evlənir və bu izdivacdan Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Sultan Xəlil, Mirzə Yaqub, Yusif Mirzə və Məsih Mirzə adlı 7 oğlu olub. O, bacısını Şeyx Cüneydə (Şah Xətainin babası), qızı Aləmşahbəyimi isə Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə verib. 1461-ci ildə osmanlı qoşunu Trabzona hücum edəndə hələ Qaraqoyunlularla vuruşmalara başı qarışan Uzun Həsən başda anası Sara xatun olmaqla diplomatik danışıqlara nümayəndə heyəti göndərir. Osmanlıların yürüşə toplar götürməməsindən xəbərdar olan Uzun Həsən danışıqlar yolu ilə onları yubatmaq və bundan istifadə edib qoşunları ilə Trabzona doğru irəliləməyi planlaşdırır. Lakin Trabzon imperatoru Trabzonu osmanlılara döyüşsüz təslim etdiyindən Sara xatunun missiyası əhəmiyyətini itirir. Bununla belə, 1461-ci ildə Yassıçəməndə Ağqoyunlularla osmanlılar arasında müqavilə imzalanır. Osmanlılar Trabzon şəhərini, Ağqoyunlular isə onun bütün xəzinəsini götürürlər. Avropaya yol açmaq fikrindən dönməyən Uzun Həsən Aralıq dənizi limanlarından istifadə etmək qərarına gəlir. Danışıqlardan sonra Venesiya Respublikası, Macarıstan, Neapol krallığı, Papalıq, Rodos, Kipr, Burqundiya hersoqluğu, Qaraman əmirliyi ona qoşulur. Onlar müharibə zamanı osmanlılara qərbdən zərbə vuracaqlarına söz verirdilər. 1472-ci ildə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında birgə mübarizə haqqında Təbriz müqaviləsi bağlanır. Digər Avropa dövlətləri bu müqaviləyə qoşulmur və gözləmə mövqeyi seçirlər. 1472-1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsi hər iki dövlətin var qüvvələrinin səfərbər edilməsini tələb edirdi. Ağqoyunlu qoşunu Osmanlı dövlətinin lap içərilərinə qədər irəliləyir və Aralıq dənizinin sahilində yerləşən Qaraman vilayətinə çatır. Lakin Venesiya öhdəliklərini yerinə yetirmədiyi üçün Ağqoyunlu dövlətinin planları pozulur. 1473-cü ildə baş vermiş birinci döyüşdə (Malatya döyüşü) Uzun Həsən qalib gəlir, lakin ikinci döyüşdə (Otluqbeli döyüşü) məğlub edilir. Aydın olur ki, Ağqoyunlu qoşunları bütün Osmanlı dövlətinin ərazisini yarıb Avropaya çıxış əldə etmək iqtidarında deyil. Bunu başa düşdükdən sonra Uzun Həsən Suriya və ya Gürcüstanı məğlub edib, ya Aralıq dənizi, ya da Qara dəniz vasitəsilə Avropaya çıxış əldə etmək qərarına gəlir. O, Urfa və Amid şəhərlərinin yaxınlığında Suriyanı nəzarət altında saxlayan Misir məmlük dövlətinin qoşunlarını məğlub edir. Daha sonra isə gürcü çarlarını da məğlub edir. Lakin qələbələrinin nəticəsini görə bilmir. Uzun Həsən 1478-ci ildə Təbrizdə vəfat edib və Nəsriyyə kompleksində dəfn olunub.
Aynur Turan
Gundelik.az
