İyul 8, 2026
Baku
Ədəbiyyat

Milli istiqlal vurğunu-Səməd Mənsur

      İctimai-siyasi və tarixi hadisələrlə zəngin bir dövr olan XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı bir sıra görkəmli sənətkarlar yetirmişdir. Keşməkeşli zəmanə onların başına çox oyunlar açıb, taleləri ilə oynasa da, bu şəxsiyyətlər Vətən və millətin azadlığı uğrunda heç bir fədakarıqdan çəkinməmişlər. Ədəbiyyatımızın çoxəsirlik  zəngin ənənələrinə arxalanan bu qələm sahiblərinin hər biri öz qabiliyyət və imkanı dairisində yazıb-yaratmış, millətin güzəranı, arzu, istəkləri, mübarizəsi barədə öz ürək sözlərini demişlər. 1905-ci il inqilabından sonra nisbi söz azadlığının verilməsi, qəzet və jurnalların çıxması bu yazılarla öz fikirlərini xalqa çatdırmaq imkanı vermişdir.

   Bu gün təəssüflə qeyd etməliyik ki, öz yaradıcılıqları ilə xalqımızın mədəniyyət tarixində unudulmaz səhifələr açmış bu şəxslərin hamısı, hətta 37-ci ilə qədər həyatdan köçənlər də, sovet quruluşunun dəhşətli repressiyalarından yaxalarını qurtara bilmişlər. Bu baxımdan bütün ömrünü xalqına xidmət edən, onun maariflənməsi yolunda çalışan ədib, naşir, teatr xadimi,  dövrünün məşhur ziyalılarından biri Səməd Mənsur xüsusi yer tutur. O, bütün ömrünü xalqına xidmət edən,onun maariflənməsi yolunda çalışan ədib, naşir dövrünün məşhur ziyalılarından biri olub. Milli teatr, mətbuat, ədəbiyyat tariximizdə bu şəxsiyyətin böyük xidmətləri var. Amma sovet dövründə onun  adı uzun illər unudulub. Çünki yaratdığı əsərlər sovet ideologiyasına, onun ədəbi postulatlarına tamamilə tərs idi.

   Həyat və yaradıcılğı

    Səməd Mənsur Kazımov 31 yanvar 1879-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini artırmışdır. O 1907-ci ildə Bakıda düzələn “Səfa” cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə “Şeypur” jurnalında baş mühərrir olmuş, “Molla Nəsrəddin” də ədəbi parçalar, “Bəsirət” və “Tuti” də şeirlər çap etdirirmiş, xırda pyeslər yazmışdır. Şəmsəddin Sami bəyin “Gavəyi-Ahəngər” əsərini təbdil etmişdir. Bu əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.

                 Bir səd qədər qəlb danışırdüşvar söz,

                   Əqldir xurşidi-rəxşan, pərtövi-ənvar söz.

                   Sözdür ruzqi-nəfs üçün əsbabi-sülh, alati cəng,

                   Qəlbi-məcruhun şəfası tıği-cövhərdar söz.

                   Rəhməti-xəllaqə nayil söz qananlardır fəqət,

                   Əql olan başlarda cənnət, təntəhul-ənhar söz…

   Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. “İçkilər, oflar”, “Ey həkim”, “Qarabağlı”, “Qələmim” belə şeirlərdəndir. Şəməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Füzulinin çox məhzun və mütəəssir bir lirika ilə yazdığı məşhur “Ey həkim” rədifli qəzəli vardır. Burada aşiq həkimə müraciətlə eşq dərdindən şikayət edir:

            Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!

            Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

Səməd Mənsur isə ayrı münasibətlə həkimə müraciət edir. O, Bakıda yoxsulluq, pulsuzluq ucbatından həkimə gedə bilməyən xəstələrin şikayətini qələmə almışdır. İnsafsız və pulpərəst həkimlər belə xəstələri qapıdan qovurdular. Şair həmin xəstələrin dilindən yazır:

             Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

             Nəbzimi bihudə sıxma, çəkmə azar, eyhəkim!

             Ət yemək pəhrizini əmr etmə kim bazardə,

             Hər qədər axtarsa ət tapmaz xiridar ey həkim.

“Qarabağlı” rədifli şeirində şair qoçuluq, qolu zorbalıq, qan ədavəti kimi köhnə, vəhşi adətləri tənqid edir. Səməd Mənsurun bu şeirləri gündəlik felyeton ruhu daşısa da, ictimai cəhətdən faydalı parçalardır. Bu parçaların “Molla Nəsrəddin” səhifələrində çap olunması da təsadüfı deyildir. Bunlar üslubca aydın, mövzuca zəruri, Bədii ifadəcə maraqlı və şirin yazılmış həcvlərdir. Ancaq bu şeirlər ümumiyyətlə Səməd Mənsur yaradıcılığı üçün səciyyəvi deyildir.

S.Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli şairdir.

 

Səməd Mənsurun ən məşhur şeiri “Rəngdir” şeiridir. Bu şeir şairin yaradıcılığında xüsusi yer tutur. Şair əslində varlıq aləmini yoxluqla müqayisə edərək fəlsəfi anlamda hər şeyin rəngdən ibarət olduğunu yazır.

            Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.

            Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,

            Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,

            Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.

            Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

      “Özünüzü tənqid və biblioqrafiya seriyaları üstdə kökləyin”…deyən şair öz zəmanəsindən acı-acı şikayətlər etmişdir…

Sovet zəmanəsinin oçerk və monoqrafiyalarında bu sayaq “poçerk” lərə tez-tez rast gəlirdik. Məsələn, “şurəvi” lərin acından gecəyarı oyanan dəmlərində yazılmış:

            O tayda aclar-yalavaclar yığılıblar bazara,

             Dinləyirlər qoca dərviş babanı.

             Baba dərviş yığaraq pul, dolanır meydanı.

             Sol qolundan asılan, söylə, nədir?-Kəşküldür…

 Mənə bunsuz yaşamaq müşküldür” misralarını öyən bir “alim” bunu belə tədqiq-təhqiq edirdi: “…deyən şair qolçomaq-mülkədar sinfini mübariz sovet poeziyasının dar ağacı ayağına çəkmişdir”.

   O alimnümalar hər gün gözlərinin “uzağında” NKVD ayağına çəkilən, Sibir “yaylaq” larına göndərilən milli iş “dərviş” ləri bir yana, qonşuluqlarında yaşayıb-yaradanları, hamını düşünüb, özünü unudan Səməd Mənsur kimlərini də “görmürdülər”. Füzulinin “Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!” kimi beytlərini oxuyub məst olur, Səməd Mənsurun “Nə cibimdə parə, nə evdə çörək var, ey həkim! Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim! Ət yemək pəhrizini əmr etmə kim, – bazaridə, Nə qədər axtarsa da, ət tapmaz, ey həkim!” kimi “öyüd-nəsihət” lərini eşidib, pəs olurdular.

Bəli, avanqard savadlı, ali təhsilli sovet epoxasında mükəmməl şifahi xalq ədəbiyyatı, başda Səməd Mənsur olmaqla, “disident-poet” lər də vardı. Mətbuatda, efirdə yad edilməyən o şairlərin şeirləri  tanıdığımız və tanımadığımız köhnə (hər iki mənada) kişilərin milli dil-ağızlarında “çap” lanıb yayılır, səslənib yayımlanırdı. Azərbaycan Dövlət Universitetində ayrıca bir universitet olan, bütün mühazirələrinin “iftar”ını milli irfan-mədəniyyət nümunələrimizlə açıb, “məxfi-pünhan” şeiriyyət seçkinlərimizlə “imsak”layan Əli Fəhmi Səməd Mənsurdan öz yaddaş kəhkəşanında qoruyub saxladığı elə misralar söyləyirdi ki, o sətirlərə müəllifin bugünkü çap məhsullarında rast gəlinmir. Özü də Əli müəllim o misraları elə söyləyirdi ki, dövrümüzün heç bir aktyorunda, ədəbi qiraətçisində o sayaq alınmır. Əli müəllim Səməd Mənsurun lirik-dramatik abidəsini qoyduğu məlum sevgili sözün – “naz”ın səs portretini yaradırdı hər dəfə. Bu sözdəki “n” və “z” səsləri arasındakı “a” saitini qəlb dünyasının o başınadək uzadır, “tekst”də aşiqin yana-yana rica etdiyi fərdi iltiması, müəllifin doğal iddiası olaraq, ümumaşiqlik kontekstinə çıxarırdı. Zəmanəsinin öz qiymətini layiqincə almamış aydını – görkəmli alim-müəllim Abbas Zamanov, o vaxtlar Xalq Nəzarəti Komitəsində çalışan şair Teyyub Qurban, Azərbaycan radiosunda baş redaktor işləyən Rafiq Savalan və o qədər də çox olmayan “başqaları” da Səməd Mənsurun gəzəri “nəşriyyat” larından idilər. Onlar sovet dövrünün “əsl vətəndaş-şair”, “mərd-mübariz ədib”, “milli sovet ədəbiyyatı” trafaretləri mövzularında mozaik “serial”lar danışmaqdan yorulmayanları “Həpsi rəngidir” kimi “arxaik-geri al”larla bir az susdurub-dincəldirdilər…

Doğrudan da – Səməd Mənsurun bir çox şeiri o dövrün mənzum tabloları təsirindədir. Bu tablolardakı rənglərin əsasını barışmazlıq təşkil edir. Bu rəngin çalarları içərisində isə şəxsi umarlıq adına, demək olar, heç nə yoxdur. Sətirlərindəki igid-cigid xarakterindən aydın görünür ki, o, çox fərasətli, ev-eşiyi üçün gün-güzəran qura bilən kişiymiş. Amma, bəs, qohum-qonşu, kənd-kəsək, xalq? Özü də tək elə qarınmı? Bəs, qədir? Söhbətin milli qədir-qiymətdən getdiyi də ki, məlum!..

   Pəs elə isə hamısı nəymiş? “Həpsi rəngidir”miş. Seçilmiş, sürtülmüş, “yuxari dürtülmüş süxari-“xox” qurular” (Ə.Fəhmidən eşitdiyim misralardan) sayca az olsa da, “ahu-vayca çox olan yaşlar”ı da bəzi misralarının oduna yandırırmış:

               Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,

               Məscidü-meyxanə rəng, eyşü-ibadət rəngidir.

              Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,

              Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.

             Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir…

İstiqlal nəğməsinə təşnə şair

Yarımbaşlıqda bu kimi şeirləri “mənzum tablo” adlandırmaqda yanılmamış olduğumu elan etməklə, bunu da əlavə edim ki, bu “şəkil”lərin müəllifini rəssamlığın hər hansı “izm”inə şamil etmək müşkül. Nədən ki, bunlar başdan-başa hiss fəlsəfəsidir. Necə ki ruslar Anton Pavloviç Çexovu – başdan-başa leksik “görüntü” olduğuna görə – kinolaşdırmağın çox çətin olduğunu söyləyirlər, eləcə də – büsbütün qəlb çəkən, duyğu eydirən “kamerman” Səməd Mənsur yaradıcılığını vizuallaşdırmaq çətindir. Bir oxuyun, görün bu misralara baxmaq da mümkünmü:

            O, kimdir ki, alov yağır gözündən?

            O, kimdir ki, məna çıxmır sözündən?

            O, kimdir ki, qorxur özü özündən?

            Buna cavab verən aşıq sağ olsun!

           …Mirzoyandır – alov yağır gözündən.

           Mir Bəşirdir – məna çıxmır sözündən.

           Qəzənfərdir – qorxur özü özündən,

           Cavab verənlərə Allah yar olsun!

   Burada sadalanan ad-soyadlar o dövrün hakimiyyət-rəyasət “qoçu”ları idilər. Gərək nə qədər qurd ürəyi yemiş millət “qoçu”su olasan ki, o cür repressiv zillət müəlliflərinə bu cür sataşa biləsən! “ÇK” kalibrli Mirzoyan, sonda “troyka” -“silist” təpkisindən çarpayı altına girib zingildəyən Qəzənfər Musabəyov haqda yazmalı olsaq, axirətədək davam etməli olacağımızdan, “məna çıxmır sözündən” tipajının – Mir Bəşir Qasımovun kimliyi haqda bir kaç kəlmə söyləyək. O, Moskva nümayəndələrinin də iştirak etdiyi müşavirələrin birində guya rusca çıxış etmək istəyib və sonda lap “gül” vurub: “Mıy (biz) Ərəseyə (Rusiyaya) nöyt kaçay-kaçay, vıy Azerbayjana qultura kaçay-kaçay!..”

Kəsərli satirik, incə romantik, milli qeyrət, əxlaq şairimiz Səməd Mənsurun poetik ruhu üstdə kökləndikcə könül çox söz söyləmək, qələm çox simə toxunmaq istəyir. Səməd Mənsur azad söz repressiyalarının, milli düşüncə dustaqlığının ən şiddətli dönəmlərində belə susmayıb,-deməklə bitən vətəndaş olmayıb. Səməd Mənsur Azərbaycan sovet hakimiyyətinin ən səlahiyyətli və ən qorxulu orqanlarında at oynadan erməni daşnaklarına çox satirik qırmanclar çəkib, sənətkaranə həcvlər toxuyub, – yazmaqla qurtaran olayçı olmayıb. O, necə bir millətləşməçilik “epidemiya”sı, antibolşevizm “bomba”sı idisə, hətta zəllə sovetizmin bir az boşalıb-yumşalma sonuclarında belə, arxiv-yaddaş dustaqlığından azad edilmirdi.

   Həyatda hamının, hər kəsin dostu olur – birinin az, birinin çox. Amma bütövlükdə xalq sayda dostu olanları, xalqa dost sayılanları hər millətdə barmaqla saymaq olar. Səməd Mənsurun uşaqlıq dostlarından Hacıağa Abbasov, Əliağa Vahid, Dadaş Bünyadzadə, Baba Əliyev və başqaları sonradan “bu tay-o tay” olurlar. “Bu tay”lılar öz aralarında danışırmışlar ki, Hacı Zeynalabdin bu xalqın, Vətənin əynini bəzəyir, Səməd Mənsur beynini”. “O tay”lılar haqda isə Səməd Mənsur özü deyirmiş:

         Hacıağa! Böylə də aləm olar?

           Bir ürəkdə bu qədər də qəm olar?!

           Mən deyirdim, Baba da bir kişidir,

          Kişi köhnəsidir – lap bişmişidir.

          Yoxladım, çıxmadı bir şey Babadan,

          Babasının evi olsun “abadan”!

          Dəhri-Məxrubədə bəs yoxmuş kişi?

          Bu cahanın Allaha qalıb işi…

    Düşüncələrində böyük-böyük işlərlə, Yerlə-Göylə əlləşən Səməd Mənsur hərdən belə xırdaları da qurdalayır, milli vicdandan daldalananları bənzərsiz poetik misra-gicitkənlərilə dalayırdı. Ancaq o, heç zaman boş “hap”lara dolu toplar atmayıb; aşağılara dediyindən yuxarılara, yuxarılara söylədiyindən aşağılara da pay çatıb.

        Bazar bağlanmışdır – qəhətlik çökmüş,

        Satdıq şey qalmamış vicdandan başqa.

        Hər şeyin qiyməti yüz qat “ucalmış”-

        Ucuz şey qalmamış – insandan başqa…

Sonda  “Səməd Mənsur-Hacıağa Abbasov” duetilə bağlı bir qəzet yazısına sayğı və ehtiramla dolu bir “təftiş”. Sonuncunun qızı həmin yazı müəllifinə danışıb ki: “Bir gün Səməd Mənsur bizə gəlmişdi. Atamla söhbət arası dedi:- Hacıağa, uşaqlarını gətir mən də görüm. Anam bizi otağa dəvət etdi. Səməd Mənsur adımızı soruşdu. Böyük qardaşım – Altunbay, ortancıl qardaşım – Sabutay, mən – Altuntac. O, adlarımızı eşidincə: – Hacıağa, bu adları uşaqlara Hüseyn Cavid qoyub? Atam: Bəli, – dedi. Mənsur: – Allah evini yıxsın, Hacıağa, bu adlara görə səni tutacaqlar, təcili bu adları dəyişdir! Anamın təhriki ilə bir həftədən sonra Altunbay – Rauf, Sabutay – Qorxmaz, mən isə Dilarə oldum…”

   Çox gözəl epizod, ağrılı xatirədir. Lakin kiçicik bir düzəliş-əlavə ilə; rəhmətlik Əli Fəhmi danışırdı ki, Səməd Mənsur: “Hacıağa, biz özümüz heç, bu uşaqlara yazığın gəlsin. Bunların adlarını dəyiş, özü də, mümkün qədər sovetləşdir” – deyib…

   Başlıqda “Bəla şair” – deyə salamlaşdığım Vətən oğlumuzla sonluqda “milli bəlalara mübtəla rəhmətliyimiz!” – deyə xudahafizləşirəm…

              Hər işə qıl dəvət, ay millət, müsəlman ustası,

              İş görəndə çox edər diqqət müsəlman ustası.

              Bircə günlik iş bir ay kifayətdir yəqin,

              Görməz heç təcilə bir hacət müsəlman ustası.

              Əgri bögri yansa da, möhkəm yapar, çün eyləmiş,

             “Tüstisi düz çıxsın”a adət müsəlman ustası…

            XX əsrin əvvəllərinin ictimai-siyasi və tarixi hadisələrlə  zəngin dövründə Azərbaycan ədəbi fikrin yetirdiyi tanınmış şairlərdən biri Səməd Mənsurdur. Təkcə klassik poeziya nümunələri yaratmaqla kifayətlənməyib, həmçinin satirik şeirin gözəl nümunələrini yaradan və “Molla Nəssrəddin” əbədi məktəbinin nümayəndəsi olaraq da tanınan Səməd Mənsurun ustadları lirikada milli şeir dühamız Məhəmməd Füzuli, satirada isə böyük Mirzə Ələkbər sabir idi.

   Böyük ideallarla yaşayan ya yaradıcılığının başlıca xəttini milli mənlik, Vətən və müstəqillik düşüncəsi təşkil edən şair dövrün haqsızlıqlarına dözə bilməmiş, vaxtsız dünyasını dəyişmişdir.

   Neçə-neçə şeirləşmədə uğur qazandığı üçün “Mənsur” təxəllüsünə layiq görülən, “Həpsi rəngdir”, “Naz et” və s. əsərləri XX əsr Azərbaycan poeziyasının qızıl fonduna daxil olan Səməd Mənsur eyni zamanda felyetonlar ustası, dramaturq, aktyor, naşir kimi də tanınmışdır.

     Oxuculara təqdim olunan seçilmiş əsərlərindən ibarət bu kitaba milli istiqlal vurğunu, amal şairi,  mübariz şəxsiyyət Səməd Mənsurun uzun illər işıq üzü görməyən məzmunlu poetik parçaları ilə yanaşı, pyesləri, məqalə və felyetonları da daxil edilmişdir.

   S.Mənsur yaradıcılığının ilk dövründə klassik üslubda şeirləriyazmaqla yanaşı, əasən, bir satirik şair kimi fəaliyyət göstərir. Bir sıra mətbuat orqanlarında əsərlərini dərc etdirən, “Tuti” jurnalında fəal iştirak edən  müəlliflərdən biri kimi, orada həm satirik şeirləri həm də felyetonlarla mçıxış etməsi buna əyani sübutdur. Professor N.Axundovun mətbuatla bağlı tədqiqatında şair haqqında dediklərinə diqqət  yetirək: “Dinə münasibət məsələsində jurnalın əməkdaşlarının hamısı eyni mövqedə dayanmışdılar. Bəziləri xalqın fəlakətdən xilasıüçün allahı köməyə çağırırdılar. Bu məsələdə  Səməd Mənsur fərqlənirdi. Onun nəğmələrinin birində deyilirdi:

                  Ya Rəbb, öz lütfünü kəsmə millətdən,

                   Lütf qıl qurtaraq cəngi-zillətdən.

                   Bu möhlik yangından saxla islamı,

                   Etmə bizi məhrum feyzü rəhmətdən”.

Millətin azadlığını, Vətənin istiqlalını varlığı qədər sevən Səməd Mənsuruhn tənqid hədəfi dövrünün bütün ictimai-siyasi hadisələri, qolçomaqlar, bəylər, hiyləgər mollalar, millətin savadsızlığı olmuşdur.Xalqının maariflənməsini arzulayan, onun gələcəyiüçün narahat olan şair başqa millətlərin hünər göstərərək nələrə sahib olduqlarını, elm sahəsində nələri fəth etdiklərini “Bir möminin avropalıya xitabı” satirasında təsvir edir. Bu şeirində başqa millətlərin yerin üstündə, okeanın dibində axtarışlar etdiyi, yeni-yeni kəşflər nəticəsində irəlilədiyi bir zamanda millətinin geridə qalmasına acı-acı  gülür:

                 Uydurma  dərin ağlını vəzi-üləmayə,

                 Bir saətini boş yerə sən vermə fənayə,

                Tap texnikanı, padşah ol ərzə, səmayə,

                 Bul, istər isən getməyə yol ulduza, Ayə,

                 Sal elm yolunda başını dərdə, bəlayə,

                 Məruzə oxu texnikalardan cühəlayə…

“Bulvar qəhrəmanları”, “Cavan həkimlərimizə” və bu kimi digər şeirlərində şair hətta oxuyub savad almış gənclərin belə öz vaxtlarını boş, səmərəsiz keçirdiklərinə ürəkdən kədərləndiyini göstərir. Yaşadığı dəhşətli mühitdə alçaqlar, satqınlar, məsləksizlər arasında sənətkar sanki boğulur, üsyan qaldlırır, fəryad edirdi. “Həpsi rəgdir” müxəmməsi məhz belə bir etirazın, üsyanın əks-sədası deyilmi?

                Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

                Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

                Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

                Nəfsi uğrunda görüşə hər bəla, bir macəra,

                “Məslək” ə isnad edər, məslək, dəyanət rəngidir.

Səməd Mənsur zəhmətkeşlərin, əzilənlərin sadiq dostu, əzənlərin, zülmkarların  və onlara xidmət göstərən satqınların, simasızların barışmaz düşməni olmuşdur. Xüsusilə məslək dəllallarına qarşı çıxışı daha kəskin olurdu. Şair tanıdığı, təbiətinə yaxşı bələd olduğu “firqə üzvünü” belə səciyyələndirirdi:

                Adını firqəçi qoy, fəhlə tərəfdarı görün,

                Yeri düşdükcə də burjuy olana sarı görün.

                 Yel hayandan əsir isə o yana tut üzünü,

                Gündə bir rəngə düşüb gah qara, gah sarı görün.

          A canım, pul gərək insana, nə lazım məslək,

          Harda xeyrin olur isə, ora gəl barı görün.

Belə satqınlardan əzilənlərin, azadlığa can atanların heç bir nicat görməyəcəyi nəticəsinə gələn şair yazır:

            Ah, ey bunlara ümmüd qılan,

            Bu ümidlə ələm içrə yaxılan,

            Tutaraq damənin azadələrin,

           “Füqəra hamısı” üftadələrin.

            Böyləliklə, dedik azad olarız,

            Bilmədik bir daha bərbad olarız

    Səməd Mənsur   yaradıcılığının ikinci mərhələsinin məhsulu olan bu əsərlər aydın göstərir ki, o, zəmanəsinin heç bir ictimai-siyasi qüvvəsinə  ta arxalana bilməmişdi. Bu şübhələrini şair belə ifadə edirdi.

            Bigunah kəsləri mərhumi-səadət eləyən,

            Qəlbsiz əhli-cəfa bizdə də var, sizdə də var.

           Gərçi bizlər elədik qibleyi-aləm tərkin,

          Yenidən xan, bəy, ağa bizdə də var, sizdə də var…

 Mübariz şair, mübariz şəxsiyyət

 Səməd Hacı Əhməd oğlu Kazımov (Səməd Mənsur) 1879-cu ildə Bakıda anadan olmuşdur.Uşaqlıqda xüsusi təhsil görməyən şair “Övladıma vəsiyyətim” də özü  barədə yazır:  “Çox gənc ikən on beş, on altı yaşlarımdan kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu…Daimə yazılar ilə, kitablar ilə uğraşardım.Bir məsələ barəsində bu mütəfəkkirin fikir və nəzəriyyəsini digər bir mütəfəkkirin fikri və nəzəriyyəsi ilə müqayisə etmək vasitəsilə get-gedə özüm də müəyyən bir fikir və nəzəriyyə sahibi oldum…”

    Bu parçadan göründüyü kimi, gənc Səmədin universitetləri həyat və kitablar olmuşdur. O, ağlı, zəkası ilə yaxşını pisdən, düzü əyridən seçməyi öyrənmiş,  özünü gələcək mübarizələrə hazırlamışdır.

Səməd Mənsur özünün yazdığına görə, 1908-ci ildən ədəbiyyat sahəsində çalışaraq Bakıda fəaliyyət göstərən “Məcməüs-şüəra” adlı ədəbi məclisin iştirakçıları olan Mirzə Əbdülxalıq Yusif, Əbdülxalıq Cənnəti, Mikayıl Seydi, Buzovnalı Azər, Əliabbas Münzib, Əliağa Vahid və s. sənətkarlardan öyrənmiş, onlarla şeirləşmələrdə uğurlar qazanaraq “Mənsur” təxəllüsünə layiq görülmüş və poeziya sənətinin zirvəsinə ucala bilmişdir.

Onu da qeyd edək ki, Səməd Mənsur “Məcməüş-şüarə” şairlərinin əksəriyyətindən fərqli olaraq təkcə klassik poeziyanın nümunələrini yaratmaqla kifayətlənməmiş, zənmanəsinin aparıcı istiqaməti olan satirik şeirin, yəni “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi kimi də tanınmışdır. Səməd Mənsurun lirikada  ustadı Füzuli, satirada isə M.S.Sabir olmuşdur.

Səməd Mənsurun ilk şeirlərini nə vaxt yazdığı, yaxud ilk mətbu əsəri barədə dəqiq fikir söyləmək hələlik mümkün deyildir.

    Vətən, millət, müstəqillik, milli mənlik anlayışları S.Mənsur yaradıcılığının əsas mövzularını, ana xəttini təşkil edir. Bu böyük düşüncə və amallarla yaşayıbyaradan şair dövrünün haqsızlıqlarına dözə bilməyərək 1927-ci ilinilk günlərində 47 yaşında dünyasını dəyişmişdi. Şairin vaxtsız ölümü münasibəti ilə Ə.Müznibin ürək ağrısı ilə yazdıqları müasirlərinin ona verdikləri böyük qiymətin nümunələrindəndir.” Səməd Mənsur istedadə simalar Azərbaycanda deyil, başqa yerlərdə də nadir yetişə bilir. Şairlikdən başqa musiqişünas, tarçalan və oxuyan idi. Eyni zamanda buxalterliyi mükəmməl surətdə bacarırdı. Səhnədə  iştirak etməyə  qabiliyyəti vardı. Nə çarə ki, çox vaxtsız tərki-həyat etdi”.

Həmin fikri Buzovnalı Azər isə nəzmlə çox gözəl demişdir:

                Hara getdi, hanı Səməd Mənsur?!

                Şüara içrə  fazili-məşhur.

                Şeirguluqda saniyi-Həssan,

                Həmi xanəndə, həm  də nəvazəndə,

                Barbüdlər ona kəmin bəndə.

 “Heyhat” deyiləsi…və deyilməyəsi… 48 illik bir ömür yaşadı Səməd Mənsur. Bu əyilməz, polad ömrün bir neçə ilini teatra, bir neçəsini poeziyaya, millətini, mədəniyyətini yenmək istəyənlərə qarşı mübarizəyə, vaxt tapdıqca ailə qayğılarına, hamısını isə ziyalılığa, milli xadimliyə həsr etdi. O vaxt elə sözlər deyib-danışdı ki, bu vaxt onları hamı deyib-danışır. O günlər elə misralar yazdı ki… bu günlər “o cür” lər yazmağa nə var ki?!.

AYNUR TURAN

Gundelik.az