Gundelik.az Mədəniyyət və cəmiyyət Üzücüdür ki, bəzi təhsilli xanəndələrimiz də maddi ehtiyaca görə bayağı mahnılar oxumağa başlayıblar
Mədəniyyət və cəmiyyət Müsahibə

Üzücüdür ki, bəzi təhsilli xanəndələrimiz də maddi ehtiyaca görə bayağı mahnılar oxumağa başlayıblar

Musiqi, xüsusən də muğam ən qədim mədəni irsimizdəndir. Muğam xalqındır, xalq isə muğamın deyərdik ki, tərkib hissəsidir. Bəs bu gün qiymətli el xəzinəmizə olan maraq necədir? İstədik ki, Gundelik.az olaraq  bu məsələyə  peşəkar gözü ilə baxaq. Müsahibimiz filoloq-xanəndə  — Mehranə Vəliqızıdır. 

Müsahibəni təqdim edirik. 

Mehranə xanım, xoş gördük sizi.  Muğam xalqımızın əbədi sevdasıdır desək yanılmarıq. Zaman-zaman düşüş yaşasaq da, bu bütün dövrlərə şamildir. Elə  son vaxtlar da   xalqımızın muğama olan marağı artıb. Bu haqda nə deyə bilərsiniz?

 — Hər bir ölkənin tərəqqisi, gələcəyi başqa məsələlərlə yanaşı, onun mədəniyyətinin səviyyəsindən, ahəngdarlığından, milli ruha doğmalığından, musiqisinin taleyindən çox asılıdır. Xalqın qəlbindən, ruhundan doğan muğamı xilas etmək, qoruyub saxlaya bilmək, onun inkişafı üçün böyük imkanlar yaratmaq xalqın taleyi üçün çox böyük əhəmiyyət daşıyan bir işdir.   XX əsrin əvvəlləri Azərbaycan mədəniyyəti üçün köhnəliyin yenilik ideyaları ilə əvəz olunması  dövrü olmuşdur. Həmin dövrdə bildiyiniz kimi, dahi şəxsiyyət, ölməz bəstəkarımız Üzeyir Hacıbəyov tərəfindən professional Azərbaycan musiqisinin əsası qoyulub.Və muğamla bağlı böyük işlər görülüb, Azərbaycan muğamı təkmilləşdirilərək bu günümüzə gəlib çatmışdır.

Azərbaycanın birinci xanımı Mehriban xanım ruhumuza bu qədər doğma olan, milli kodlarımızı oyadan muğamımızla bağlı xeyli işlər görərək,ölkənin bu gününün, gələcəyinin qayğısına qalan tarixi şəxsiyyətdir. Onun təşəbbüsü ilə ölkəmizdə beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, muğam mərkəzlərinin tikilməsi, 2005 – ci ildən başlayaraq ölkədə keçirilən Televiziya Muğam Müsabiqələri muğamın çox populyarlaşmasında mühüm rol oynadı.Bu müsabiqələr həm muğamın dərindən təbliğində, əhalinin musiqi yönündən maariflənməsində, onlarda vətənpərvərlik hisslərinin artmasına kömək edirdi, həm də xeyli gənc xanəndələrin yetişməsinə səbəb oldu.

Razılaşmadığınız məqamlar varmı?

— Çox təəssüf hissiylə onu da qeyd etmək istəyirəm ki, son vaxtlar ölkəmizdə tik-tok və digər sosial şəbəkələr vasitəsiylə, televiziyalar vasitəsiylə cəmiyyətimizə ziyanlı musiqilər, bayağı müğənnilər geniş şəkildə təbliğ edilir.Və məclislərdə, tədbirlərdə bu kimi ifaçılara  daha çox üstünlük, dəyər verilir. Ən üzücü vəziyyət budur ki, neçə il əziyyətlə, zəhmətlə təhsil alan xanəndələrimiz də artıq maddi ehtiyac səbəbiylə bayağı mahnılar oxumağa başlayıblar. Musiqinin insan tərbiyəsində böyük rolu var, bu mənada, bayağı, zövqsüz mahnıların kütləvi şəkildə təbliğ edilməsi gələcəyimiz üçün yaxşı hal deyil.

Gundelik.az oxucuları adından istedadlı  gənc xanəndə  Mehranə Vəliqızına təşəkkür edirik.

Gundelik.az

 

 

 

 

 

Exit mobile version