Gundelik.az Elm və təhsil Ədəbiyyat AŞIQ HÜSEYN SARAÇLI: MİLLİ SƏNƏT ƏNƏNƏSİNİN USTAD DAŞIYICISI
Elm və təhsil Ədəbiyyat Mədəniyyət və cəmiyyət

AŞIQ HÜSEYN SARAÇLI: MİLLİ SƏNƏT ƏNƏNƏSİNİN USTAD DAŞIYICISI

“Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir. Bu gün bizim ideoloji əsaslarımız milli əsaslar, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər arasında bizim musiqimiz, ədəbiyyatımız, aşıq sənətimiz xüsusi yer tutur. Aşıq sənəti sadəcə olaraq xalq yaradıcılığı deyildir, bu, Azərbaycan xalqının ürəyində yaşayan çox böyük dəyərdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

  Ədəbiyyat incəsənətin mühüm sahələrindən biri, söz vasitəsilə həyatın və insan gerçəkliyinin bədii ifadəsidir. Ədəbiyyat insan həyatını, cəmiyyəti və təbiəti geniş şəkildə əhatə etməsi, janr müxtəlifliyi, ideya və məzmun zənginliyi, bədii orijinallığı ilə seçilir. Eyni zamanda, sənətin digər sahələri üçün mühüm ideya və mövzu mənbəyi rolunu oynayır. Şifahi ədəbiyyat xalqların yazılı mədəniyyəti formalaşmazdan əvvəlki dövrlərdən başlayaraq əsrlər boyu nəsildən-nəslə ötürülən ən qədim ədəbi irs nümunələrindəndir. O, yalnız bədii söz sənəti deyil, həm də xalqın tarixini, dünyagörüşünü, həyat fəlsəfəsini, müdrikliyini və yaradıcılıq imkanlarını özündə yaşadan canlı mədəni sərvətdir. Azərbaycan şifahi xalq ədəbiyyatı zəngin janr və mövzu müxtəlifliyi ilə seçilir. Nağıllar, dastanlar, əfsanələr, miflər, tapmacalar, atalar sözləri, bayatılar və aşıq yaradıcılığı xalqımızın çoxəsrlik mənəvi yaddaşının mühüm hissəsini təşkil edir. Şifahi ənənənin əsas xüsusiyyətlərindən biri onun ifa zamanı yeni çalarlar qazanmasıdır. Hər bir söyləyici və ifaçı əsəri öz dünyagörüşü və yaradıcılıq imkanları ilə zənginləşdirir.

   Şifahi xalq ədəbiyyatının ən ahəngdar, musiqili və poetik sahələrindən biri aşıq poeziyasıdır. Aşıq yaradıcılığı Azərbaycan və ümumtürk folklorunun qədim və zəngin qollarından hesab olunur. Əsrlər boyu aşıqlar sazın sədası və sözün qüdrəti ilə xalqın duyğu və düşüncələrini, həyat tərzini, arzu və istəklərini ifadə etmiş, milli-mənəvi dəyərlərin qoruyucusuna çevrilmişlər. Aşıq sənəti yalnız şeir və musiqinin vəhdəti deyil. Bu sənətdə fəlsəfi düşüncələr, epik süjetlər, qəhrəmanlıq motivləri, məhəbbət, təbiət, insan mənəviyyatı, ictimai münasibətlər və sosial ədalət kimi mövzular geniş yer tutur. Qoşma, gəraylı, divani və digər poetik formalar aşıq yaradıcılığının zənginliyini nümayiş etdirir.     Dədə Qorquddan üzü bəri Qaracaoğlan, Qurbani, Molla Cuma, Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və Aşıq Hüseyn Saraçlı kimi sənətkarların yaradıcılığı bu zəngin ənənənin formalaşmasında mühüm rol oynayıb.         Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması da bu sənətin milli və ümumbəşəri mədəniyyət baxımından əhəmiyyətini göstərir.

       Sazın və sözün böyük ustadı Aşıq Hüseyn Saraçlı Borçalı aşıq mühitinin yetişdirdiyi ölməz sənətkarlardan biridir. Borçalı əsrlər boyu mühüm mədəniyyət mərkəzlərindən biri olmuş, burada Göyçə, İrəvan, Qarabağ, Təbriz, Ərdəbil və Azərbaycanın digər bölgələrindən gələn aşıqlar çıxış etmiş, saz-söz məclisləri keçirilmişdir.

          Aşıq Hüseyn Saraçlı 1916-cı ildə Tiflis quberniyasının Borçalı qəzasında, Saraçlı kəndində savadlı və nəsilli bir ailədə dünyaya gəlmişdir. Atası Qurban kişi dövrünün tanınmış, dünyagörüşlü və hörmətli ağsaqqallarından olmaqla yanaşı, aşıq yaradıcılığının bilicisi idi. Ailədə poeziyaya, musiqiyə və dastan yaradıcılığına böyük maraq vardı. Dövrün tanınmış söz və saz ustalarının bir çoxu bu ailənin qonağı olmuş, burada dastan axşamları, poetik yarışmalar və deyişmələr keçirilmişdir.

Saraçlı nəslinin adı da qədim sənət ənənəsi ilə bağlıdır. “Sarac”, daha dəqiq desək, “sərrac” Şərqdə, xüsusilə türkdilli xalqlar arasında at üçün yəhər və digər ləvazimat hazırlayan sənətkarlara verilən ad idi. Sərraclıq qədim dövrlərdən etibarən yüksək və şərəfli sənət hesab olunurdu.

Saraçlı nəslinin müxtəlif qollarının nümayəndələri sonrakı dövrlərdə Türkiyədə, Ağrı dağı ətrafında, Naxçıvanın Şahbuz, Şıxmahmud və Dədə kəndlərində, eləcə də Yevlax və Gəncədə məskunlaşmışdılar.

   Hüseyn kiçik yaşlarında mollaxanaya göndərilir. Lakin burada uzun müddət qala bilmir. Öz xatirələrinə görə, iki il ərzində nəinki lazımi səviyyədə oxumağı, hətta ərəb əlifbasını tam mənimsəməyi də bacarmamışdı.       1929-cu ildə yeni tipli məktəbə daxil olan Hüseyn burada latın əlifbası əsasında təhsil almağa başlayır. Məktəbdə iki il oxuyur. Lakin ailəsinin üzləşdiyi ağır hadisələr onun həyat yolunu dəyişir.

1930-cu illərdə Stalin rejiminin repressiyaları, xüsusilə Gürcüstan və Ermənistanla sərhəd bölgələrində yaşayan azərbaycanlı əhalinin həyatına ciddi təsir göstərirdi. Əmlakların müsadirə edilməsi, insanların həbs və sürgün olunması, ziyalıların təqib edilməsi ictimai və mədəni həyata da ağır zərbə vururdu.   Aşıq Hüseynin atası Qurban kişi də repressiyaların qurbanı olur. Ailənin bütün əmlakı, o cümlədən evdə saxlanılan əlyazmalar və kitablar müsadirə edilir. Bu hadisələrdən sonra 11 yaşlı Hüseyn məktəbi buraxmalı olur.

Həmin dövrdə dayısı ona beş simli saz bağışlayır və sənət öyrənməsi üçün ustad yanına getməsini məsləhət görür. Beləliklə, Hüseynin həyatında saz və aşıq sənəti yeni mərhələnin başlanğıcına çevrilir.   Hüseynin sənətə yiyələnməsində ilk mühüm təsir göstərən şəxs atası Qurban kişi idi. O, dövrünün tanınmış dastanlarını əzbər bilir, saz çalır və oxuyurdu. Sonralar ailənin böyük oğlu Kəsəm bir toy məclisində gənc Hüseyni tanınmış aşıq İbrahim Quşçulu ilə tanış edir və onun şagirdliyə götürülməsini xahiş edir. Aşıq İbrahim bu təklifi qəbul edir.     Mənbədə göstərilir ki, 1931–1933-cü illərdə Hüseyn Aşıq İbrahim Quşçuluya qulluq etmiş, 1933-cü ildə onunla birlikdə Bolnisi Mədəniyyət Evinin ansamblı tərkibində Tiflisdə keçirilən Respublika Xalq Yaradıcılığı Olimpiadasında iştirak etmişdir. Uğurlu çıxışdan sonra sərbəst aşıqlığa başlasa da, sənətdə daha da kamilləşmək üçün müxtəlif ustadlardan dərs almağı davam etdirir. Aşıq İbrahim onun həyatında xüsusi yer tuturdu. 1895–1943-cü illərdə yaşayan İbrahim, yəni İrvaham, Aşıq Dollu Abuzərin şagirdi olmuşdu. Cənubi Azərbaycandan olan Dollu Abuzər XIX əsrin sonlarında Borçalıya köçmüşdü. İrvaham güclü səsi, ifaçılıq məharəti, dözümlülüyü və məclis aparmaq bacarığı ilə seçilirdi. Aşıq Hüseyn Saraçlı öz xatirələrində İrvahamın yanında üç il şagirdlik etdiyini bildirirdi. Ailəsinin maddi vəziyyətinin ağırlaşması səbəbindən ustadı ona evinə qayıtmağı məsləhət görmüşdü. Buna baxmayaraq, onlar sonrakı illərdə bir çox toy və şənliklərdə birlikdə çıxış etmişdi.      1933-cü ildə Hüseyn Saraclı İrvahamla birlikdə Bolnisi Mədəniyyət Evinin ansamblının tərkibində Tiflisdə keçirilən Respublika Xalq Yaradıcılığı Olimpiadasında iştirak edir və xüsusi mükafata layiq görülür. Həmin illərdə Aşıq Hüseyn sənətini daha da təkmilləşdirmək məqsədilə başqa ustadların yanına da gedirdi. O, şair Hüseyn, şair Ağacan, Faxralı şair Nəbi və digər sənətkarlardan bəhrələnir, eyni zamanda Faxralı aşıq Sarvan Bayramdan dərs alırdı. Hüseyn bir müddət sonra Tiflisə gedərək məşhur Aşıq Sadığın yanında şagird olmaq istəyir. Lakin Aşıq Sadığın tələb etdiyi yüksək məbləği ödəyə bilmədiyi üçün bu arzusunu reallaşdıra bilmir və geri qayıdır. İrvaham isə şagirdinin bu addımını bağışlayaraq ona yenidən ustadlıq edir və Borçalının tanınmış sənətkarlarından olan şair Nəbi Faxralıya müraciət etməsini məsləhət görür. Şair Nəbi Faxralı 1877–1945-ci illərdə yaşamış, həm mahir ifaçı, həm də güclü improvizasiya qabiliyyətinə malik sənətkar olmuşdur. O, musiqi və görmə yaddaşı ilə seçilir, sinədən demək bacarığı ilə tanınırdı. Nəbi Faxralı 1934–1936-cı illərdə Hüseyni şagirdliyə götürür. İki il ərzində gənc sənətkar ustadının yanında sənətin incəliklərini öyrənir və onu sazla müşayiət edir. Aşıq Hüseyn Saraclı aşıq havalarını, çalğı texnikasını və klassik dastanları Aşıq İrvahəmdən öyrəndiyi halda, Nəbi Faxralıdan iri həcmli kompozisiyalar qurmağı, hazırcavablığı, səlist danışmağı və fikri lakonik ifadə etməyi mənimsəyir.

Unudulmaqda olan bəzi dastan nümunələrini də Aşıq Hüseyn məhz Nəbi Faxralıdan eşidərək yaddaşında qoruyub saxlayır və sonrakı nəsillərə çatdırır. “Mehdibəy” və “Nigar xanımın Çənlibelə gəlməsi” kimi dastanlar buna nümunədir.   1936–1938-ci illərdə Aşıq Hüseyn Saraçlının sənət həyatında yeni mərhələ başlayır. O, ailə qurur və tədricən yalnız Borçalıda deyil, bölgədən kənarda da tanınmağa başlayır. 1937-ci ildə Bolnisi rayon Mədəniyyət Evinin üzvü kimi Respublika Olimpiadasında iştirak edir və ilk mükafatlarını – fəxri fərman, Gürcüstan gerbinin üzərində çonquri təsviri olan döş nişanı və tar alır.       1938-ci ildə Respublika Xalq Yaradıcılığı Olimpiadasında iştirak edir. Həmin dövrdə ailə qurduqdan sonra “pantürkist” ittihamı ilə iki dəfə həbs olunur. Əvvəlcə Qullar sovxozunda yerləşən həbsxanada, daha sonra Tiflisin Ortacala həbsxanasında cəza çəkir.   1941–1945-ci illərdə Aşıq Hüseyn Mollaoğlu – Zop kəndində yerləşən Sadaxlı mərmər karxanasında çalışır. Əvvəl desyatnik, daha sonra texnadzor vəzifəsində işləyir.

Müharibə illəri onun həyatı üçün ağır itkilərlə yadda qalır. Ustadı Aşıq İbrahim Quşçulu cəbhədən qayıtmır, Aşıq Ağacan repressiya qurbanı olur. 1945-ci ilin əvvəllərində isə şair Nəbi Faxralı vəfat edir.1945-ci ildən etibarən Aşıq Hüseyn Saraçlı ustad aşıq kimi tanınmağa başlayır. Həmin il ilk şagirdi Aşıq Əmir Sarallını qəbul edir. 1945–1948-ci illərdə Çataxda, 1948–1950-ci illərdə isə İncəoğlu kəndində yaşayır. 1947-ci ildə Respublika Xalq Yaradıcılığı Olimpiadasında iştirak edir. 1948-ci ildə Qazaxıstana sürgün olunmaq təhlükəsi ilə üzləşsə də, mənbədə qeyd edildiyi kimi, “güc və qoçaqlığı” sayəsində sürgündən yaxa qurtarır. 1950-ci ildə doğma Saraçlıya qayıdır.

SAZIM

Sinəsi genişdir söz meydanında,

Həmişə könüllər alandı sazım.

Ağardıb üzümü ellər yanında,

Gözəl “El havası” çalandı sazım.

Qərbi vaxtında yara yetirən,

Oğul evləndirən, gəlin gətirən.

Kamil ustadlardan dərsin götürən.

Ələsgəri yada salandı sazım.

Məndən üz çevirib ayrılmaz bir an.

  Şair burda göstərmək istəyir ki, Saz insanın sevincini, kədərini, sevgisini və mənəvi duyğularını ifadə edən, ustadlardan gələn sənət ənənəsini yaşadan müqəddəs bir dəyərdir. Şeirdə saz “könüllər alan”, “El havası çalan”, yaxşı ilə yamanı ayıran canlı bir sənət yoldaşı kimi təqdim edilir.Aşıq Ələsgər və Kərəm obrazlarına müraciət edilməklə sazın klassik aşıq sənəti ilə bağlılığı vurğulanır.  “Hüseynin dərdinə qalan” ifadəsi sazla şairin mənəvi bağlılığını gücləndirir; saz burada sanki insanın dərdini anlayan sirdaş obrazındadır. Axı şair həyatının ən ağır günlərində saza sarınıb, onunla həmdəm olub.

Şairin şeirin dili sadə, səmimi və xalq danışıq üslubuna yaxındır. “Sazım” sözünün təkrar olunması mətnə ritm və emosional bütövlük verir. Ümumilikdə, şeir sazı milli-mənəvi yaddaşın, aşıq ənənəsinin və insan duyğularının simvolu kimi səciyyələndirir…

Aşıq Hüseyn Saraçlı yalnız mahir ifaçı deyil, həm də yaradıcı aşıq idi. Onun “Gürcü qızınnan Qaçaq Kərim”, “Bimar və Gülnar”, “Dostluq”, “Aşıq Ələhvərnən şəyirdi Qaranın əhvalatı”, “Hüseyn Saraçlının Yaylaq səfəri”, “Hüseyn Saraçlının Naxçıvan səfəri”, “Hüseyn Saraçlının Türkiyə səfəri” və başqa dastanların müəllifi olduğu qeyd edilir.

1951-ci ildə “Qürbəti Kərəmi”, 1964-cü ildə “Bağdad dübeyti”, 1967-ci ildə isə “Baş sarıtel” və “Qəhrəmanı” kimi saz havalarını bəstələmişdir. O, bir çox şair və aşıqlarla deyişmiş, 40-dan artıq böyük xalq dastanını, ümumilikdə isə 400-ə yaxın dastan, rəvayət və hekayəni bilmişdir. Sazban kimi də tanınan Aşıq Hüseyn Saraçlının adı Qafqazda, Türkiyədə və Orta Asiyada geniş yayılmışdı.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyündə iştirak edir. 1961-ci ildə Gürcüstan SSR-nin yaranmasının 40 illiyinə həsr olunmuş konsertdə və Azərbaycan aşıqlarının III Qurultayında iştirak edir. 1963-cü ildə Bakıda keçirilən Borçalı aşıqlarının konsertində çıxış edir. Həmin il Marneuli şəhərində hərbi hissədə təşkil olunmuş konsertdəki çıxışına görə hissə rəhbərliyi tərəfindən “50–58 QRÇ” dövlət qeydiyyat nişanlı “Ford Amfibiya” avtomobili ilə mükafatlandırılır.

1964-cü ildə şagirdləri Aşıq Əhməd Sadaxlı, Aşıq Sədi Ulaşlı və Aşıq Oruc Quşçu ilə birlikdə Göyçədə Aşıq Ələsgərin məzarını ziyarət edir.

1965 və 1971-ci illərdə Naxçıvana dəvət olunur, Naxçıvan radiosu və televiziyasında çıxış edir.

18 mart 1966-cı ildə Bakı şəhərində konsert verərkən böyük qardaşı Həsən müəllimin 56 yaşında qəflətən vəfat etməsi xəbərini alır və konserti yarımçıq qoyaraq Borçalıya qayıdır. 1967-ci ildə Sovet hökumətinin qurulmasının 50 illiyinə həsr olunmuş konsertdə iştirak edir. Həmin il “Baş sarıtel” və “Qəhrəmanı” havalarını ifa edir.

1972-ci ildə Borçalının Keşəli kəndində aşıq İslam Ərdənərlə görüşür və onun Qarsdan gətirdiyi Qızıl Saz döş nişanı ilə təltif olunur. 1974-cü ildə Orta Asiyaya səfəri zamanı şair Bimar Mehralıdan qızıl saat hədiyyə alır.

Aşıq Hüseyn Saraçlının sənət irsi kino sənətində də öz əksini tapıb. Mənbədə onun 1975-ci ildə Gürcüstanın “İlk baxışdan məhəbbət”, Azərbaycanın “Tütək səsi”, “Firəngiz” və “Ələsgər”, 1981-ci ildə isə “Nəğməkar torpaq” və “Uzun ömrün akkordları” filmlərində saz havaları ifa etdiyi qeyd olunur.

“Tütək səsi” filmində ifa etdiyi “Ruhani” havası xüsusi sənət nümunəsi kimi yadda qalmışdır.

1976-cı ildə Aşıq Hüseyn Saraçlının anadan olmasının 60 illik yubileyi qeyd edilir və onun həyat və yaradıcılığı haqqında film çəkilir. 1977-ci ilin aprel və may aylarında Aktyorlar Evinin səhnəsində Dədə Qorqud obrazını canlandırır və dastanı danışır. 14 dekabr 1977-ci ildə Moskvada keçirilən Ümumittifaq Folklor Festivalında iştirak edir və qızıl medalla təltif olunur.

1980-ci ilin sentyabrında Gürcüstan SSR-nin “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülür. 1981-ci ildə onun anadan olmasının 65, aşıq yaradıcılığının isə 50 illik yubileyi Gürcüstanda böyük təntənə ilə qeyd olunur. Həmin dövrdə o, Bolnisi rayon Mədəniyyət Evinin aşıqlar ansamblına rəhbərlik edirdi.

1982-ci ildə Saraçlı kənd Sovetinin deputatı seçilir. Bir müddət sonra Moskvada Azərbaycan Konservatoriyasının 60 illik yubileyində iştirak edir. 1984-cü ildə Azərbaycan aşıqlarının IV Qurultayında münsif kimi iştirak edir. 1986-cı ildə Gürcüstanda Aşıq Hüseyn Saraçlının 70 illik yubileyi keçirilir və onun həyat və yaradıcılığı haqqında tammetrajlı film çəkilir.

Aşıq Hüseyn Saraçlının son konserti 1987-ci ilin fevralında Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.

20 aprel 1987-ci ildə musiqişünas-alim, tarzən Faiq Çələbiyev tərəfindən Leninqradda keçiriləcək Ümumittifaq Musiqişünaslıq Konfransına Aşıq Əmrahla birlikdə dəvət olunmuşdu. Lakin Aşıq Əmrah 12 mart1987-ci ildə, Aşıq Hüseyn Saraçlı isə həmin ilin aprelində vəfat etdiyindən konfransda iştirak edə bilməmişlər.

QOCALIĞIM

İstəyirəm sağı tutum,

 Sola çəkir,  qocalığım.

İnsan ömrü bir qaladı,

Daşın sökür qocalığım.

 

Gözəllər uzaqdan baxır,

Qəlbimi yandırıb yaxır.

Başım üstə ildırım çaxır,

Leysan tökür qocalığım.

 

Deyin, gəncləşəydim necə?

Çarə varmı buna, bəs necə?

Taqət qalmır artıq gecə,

Yavaş-yavaş qəddim bükür qocalığım.

Şeirin əsas mövzusu qocalıq, zamanın keçməsi və gəncliyin itirilməsidir. Lirik qəhrəman qocalığı həyatın qarşısıalınmaz mərhələsi kimi təqdim edir və bunun doğurduğu kədəri, yorğunluğu ifadə edir.  Söz xiridarı,  sazın-sözün bilicisi, elin sözçüsü Aşıq Hüseyn Saraçlı şeirdə qocalıq “daşı sökən”, “ildırım çaxdıran”, “leysan tökən”, “qəddi bükən” obrazlarla təsvir olunur. Bu ifadələr zamanın insan üzərindəki fiziki və mənəvi təsirini gücləndirir. “İllər keçir, ömür gedir” misrası isə əsərin əsas fəlsəfi düşüncəsini – insan ömrünün keçiciliyini – ümumiləşdirir. Yəni, şeir zamanın amansızlığı, gəncliyə həsrət və insan ömrünün faniliyi üzərində qurulub. Sadə və səmimi dil şeirin təsir gücünü artırır.

Aşıq Hüseyn Saraçlının məzarı Saraçlı kəndi qəbiristanlığındadır. Onun sənətinə yüksək qiymət verən Xalq şairi Bəxtiyar Vahabzadə ustadın dastan söyləmək məharətini xüsusi qeyd etmiş, Aşıq Hüseynin ifasında dastanın sanki teatr tamaşası kimi göz önündə canlandığını vurğulamışdır.

Aşıq Hüseyn Saraçlının ifasında söylənən bir sıra dastanlar Azərbaycan və Gürcüstan radio və televiziya şirkətlərinin qızıl fondunda lentə alınaraq qorunub saxlanılır. Onun sazlarından bəziləri də bu günə qədər qorunur. 1961-ci ildə bağlanan sazının Bakı şəhərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, digər sazlarının isə şəxsi evində saxlanıldığı qeyd edilir.

1989-cu ildə Estoniyanın paytaxtı Tallində onun 4 metrlik heykəli hazırlanmış, lakin Saraçlı kəndinə gətirilə bilməyərək Tallində qalmışdır. 1997-ci ildə isə Saraçlı kəndində büstü ucaldılmışdır. Heykəl və büstlərin müəllifi heykəltəraş Fərhad Qulu oğludur.

2007-ci ildə Xalq şairi Zəlimxan Yaqub “Hüseyn Saraçlı dastanı”nı yaratmışdır:

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,

Qəlbi yasda saxlamaqdan nə çıxar!

Ay Zəlimxan, ağlamaqdan nə çıxar,

Az sızılda, az inildə, az ağla!

Saraçlının taleyindən əsər yaz,

Saraçlının dastanını yaz, ağla!!! [1, S.14].

Aşıq Hüseyn Saraçlının yaradıcılığı ilə bağlı müxtəlif illərdə kitablar da çap olunmuşdur. 1992-ci ildə “Şeirlər, söyləmələr”, 2011-ci ildə “Hüseyn Saraçlı və onun yaylaq səfəri”, 2016-cı ildə “Saz amanatı”, “Hüseyn Saraçlı”, “Nəğməli sinəmdə yüz dastan yatır”, 2018-ci ildə isə “Ben Feleği arıyorum” adlı kitablar nəşr edilmişdir.

Onun şeirləri gürcü dilinə tərcümə olunaraq çap edilmiş, həyat və yaradıcılığı haqqında geniş məlumatlar oxuculara təqdim edilmişdir.

Aşıq Hüseyn Saraçlının yaradıcılıq yolu Azərbaycan aşıq sənətinin XX əsrdə keçdiyi mürəkkəb və zəngin mərhələlərdən birini əks etdirir. O, sazı yalnız musiqi aləti, sözü isə yalnız poetik ifadə vasitəsi kimi qəbul etməyib. Saz və söz onun üçün xalqın yaddaşını, tarixini, duyğularını və mənəvi dünyasını gələcək nəsillərə çatdıran böyük bir sənət dili olub.

Ustad sənətkar müxtəlif repressiyalara, müharibə illərinin çətinliklərinə, şəxsi itkilərə və həyatının ağır sınaqlarına baxmayaraq, aşıq sənətinə sədaqətlə xidmət edib. Müxtəlif ustadlardan öyrəndiklərini öz yaradıcılıq imkanları ilə zənginləşdirərək şagirdlərinə ötürüb, bir sıra dastan və saz havalarını yaşadaraq sonrakı nəsillərə çatdırıb. Saraçlı Aşıq Hüseyn Saraçlının sənət irsi bu gün də Azərbaycan aşıq məktəbinin qiymətli nümunələrindən biri kimi əhəmiyyət daşıyır. Onun qorunub saxlanılan ifaları, dastanları, saz havaları və şagirdləri vasitəsilə davam edən sənət ənənəsi göstərir ki, həqiqi sənətkarın ömrü yalnız yaşadığı illərlə məhdudlaşmır. Sazın səsi, sözün qüdrəti və xalq yaddaşında yaşayan sənət onun mənəvi ömrünü davam etdirir. Saraçlı poeziyası xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Şeirləri dillər əzbərinə çevrilən, Azərbaycanın hər iki tayında, eləcə də bütövlükdə türk dünyasında sevilən bu qüdrətli sənətkarın zəngin ədəbi irsinə dövlət səviyyəsində hər zaman diqqət və ehtiram göstərilmişdir.

Bu qoca dünyanın əşrəfi insan,

Mənəm-mənəm deyib etməsin gərək.

Onun mənliyinə el qiyymət verər,

Qiymətsiz yaşayıb getməsin gərək…

Borçalı aşıq mühitinin yetişdirdiyi qüdrətli ustad Asıq Hüseyn Saraçlının yaradıcılığı ilə tanış olduqca sözün qüdrətinə, sözün nuruna və sözün qiymətinə heyran qalmamaq mümkün deyil. Saz və söz sənəti xalqımızın mənəvi yaddaşının, milli kimliyinin və yaradıcılıq ruhunun başlıca ifadə vasitələrindəndir.

Nə qədər ki, bu xalq yaşayacaq, telli sazın səsi eşidiləcək, söz və sənət yaşadılacaq, Aşıq Hüseyn Saraçlı da xatırlanacaq. Onun adı və yaradıcılığı nəsildən-nəslə ötürülərək xalqımızın yaddaşında əbədi yaşayacaq.

Mən Hüseynəm, saza meyl salmışam,

Öz dərsimi ustadımdan almışam,

Dost yolunda canıfəda olmuşam,

Gəzməmişəm şöhrət-şanı dünyada!.. 

Aynur Turan

“Göy Qurşağı” jurnalının redaktoru

 

Exit mobile version