Uşaqların böyümə dövründə valideynləri ilə yatmaq istəməsi geniş yayılmış haldır. Bunun əsas səbəblərindən biri onların ana və atalarının yanında özlərini daha təhlükəsiz və rahat hiss etməsidir. Lakin mütəxəssislər müəyyən yaşdan sonra uşaqların tədricən öz otaqlarında yatmağa alışdırılmasını tövsiyə edirlər.
Klinik psixoloq Seda Aydoğdu bildirir ki, xüsusilə məktəbəqədər dövrdə uşaqların valideynləri ilə yatmaq istəyi normaldır. Valideynlərin yanında hiss edilən təhlükəsizlik, rahatlıq və sevgi uşağın yuxuya getməsini asanlaşdırır.
Ayrı otağa nə vaxt keçirmək lazımdır?
Mütəxəssislər adətən 2-3 yaşdan sonra uşağın ayrı otaqda yatmağa alışdırılmasını tövsiyə etsələr də, bunun üçün konkret yaş həddi yoxdur. Bu qərar uşağın fərdi inkişafına və ailənin vəziyyətinə uyğun verilməlidir.
Aydoğduya görə, bəzi ailələr uşağı bir yaşından əvvəl ayrıca yatıra bildiyi halda, bəziləri məktəb yaşında belə bu prosesdə çətinlik çəkir. Onun fikrincə, məktəbə başlama ilə birlikdə uşağın ayrıca yatması prosesinin tamamlanması məqsədəuyğundur.
Valideynlərin narahatlığı uşağa da təsir edir
Uşaqlar valideynlərinin davranış və emosional vəziyyətlərini asanlıqla müşahidə edirlər. Buna görə də valideynlərdəki qorxu, narahatlıq və təşviş uşaqlara da təsir göstərir.
Uşaq böyüdükcə hələ də valideyni ilə yatmağa ehtiyac duyursa, bu, onun təkbaşına yuxuya getməkdə və qorxduğu zaman özünü sakitləşdirməkdə çətinlik çəkdiyini göstərir. Belə hallarda uşağın yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmalı, ehtiyac olduqda mütəxəssis dəstəyi alınmalıdır.
Uşağın öz şəxsi məkanı olmalıdır
Uşağın öz otağında yatması onun müstəqil yuxu vərdişi formalaşdırmasına, şəxsi məkanını tanımasına və özünü sakitləşdirərək yuxuya getməyi öyrənməsinə kömək edir. Şəxsi məkan uşağa məxfilik və təhlükəsizlik hissi də verir.
Uşaq gecə yuxudan oyanaraq valideynlərinin yanına gəlirsə, valideynlər onu sakit şəkildə yenidən öz yatağına aparmalı və yuxuya gedənədək yanında gözləməlidirlər. Bu prosesdə səbirli və ardıcıl davranmaq vacibdir.
Yuxudan əvvəl sabit rutin yaratmaq, uşağı zehni olaraq öz otağında yatmağa hazırlamaq və düzgün yuxu vərdişləri formalaşdırmaq da prosesi asanlaşdırır.
Mütəxəssislər vurğulayırlar ki, hər uşağın ayrıca yatmağa hazır olma müddəti fərqlidir. Buna görə də uşağın fərdi xüsusiyyətləri və ehtiyacları nəzərə alınmalı, problem uzun müddət davam edərsə, mütəxəssisə müraciət edilməlidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
