Sentyabr 3, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam həyat və müntəzəm müayinələr xərçəng riskini azaldır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng hadisəsinin qeydə alınacağı gözlənilir. Bu göstəricinin 2020-ci illə müqayisədə 77 faiz artacağı proqnozlaşdırılır.

Xərçəng dünyada və Türkiyədə ölüm səbəbləri arasında ikinci yerdədir. Lakin xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicənin uğurlu nəticələnmə ehtimalı əhəmiyyətli dərəcədə artır.

Mütəxəssislərin sözlərinə görə, xərçəng hüceyrələrin nəzarətsiz şəkildə çoxalması və yayılması nəticəsində yaranır. Son illərdə xəstəliyin daha erkən yaşlarda da müşahidə edildiyi bildirilir.

Türkiyədə kişilərdə ən çox ağciyər, yoğun bağırsaq,mədə xərçənginə, qadınlarda isə süd vəzi, qalxanabənzər vəz, yoğun bağırsaq, uşaqlıq və ağciyər xərçənginə rast gəlinir.

Erkən mərhələdə əlamət vermir

Xərçəngin ilkin mərhələsində çox vaxt heç bir əlamət müşahidə olunmur. Xəstəliyin növündən asılı olaraq qarın ağrısı, qəbizlik və ya ishal, erkən doyma, qusma, davamlı öskürək və qanlı bəlğəm kimi əlamətlər yaranır. Ümumi simptomlar arasında isə halsızlıq və səbəbsiz çəki itkisi qeyd olunur.

Mütəxəssislər erkən diaqnozun həyati əhəmiyyət daşıdığını vurğulayırlar. Xərçəng nə qədər erkən aşkarlanarsa, müalicənin uğurlu olma şansı bir o qədər yüksəkdir.

Sağlam həyat tərzi vacibdir

Xərçəng riskini azaltmaq üçün siqaretdən uzaq durmaq, artıq çəkidən qorunmaq, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq və alkoqol qəbulundan çəkinmək tövsiyə olunur. Bununla yanaşı, ailəsində xərçəng xəstəliyi olan şəxslərə genetik müayinələrdən keçmək məsləhət görülür.

Mütəxəssislər qeyd edirlər ki, müasir tibbdə kimyaterapiya, radioterapiya və cərrahi müalicə ilə yanaşı, hədəfli müalicə və immunoterapiya kimi yeni üsullar da tətbiq olunur. Bu yanaşmalar bir çox xəstədə daha uğurlu nəticələr əldə etməyə imkan verir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az