Sentyabr 17, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqları zərərli qəlyanaltılardan necə uzaq tutmaq olar?

Gənclərin böyüklərlə müqayisədə daha sürətli metabolizmə sahib olduğu düşünüldüyündən, məktəbə gedərkən bir şokolad, evə qayıdarkən isə bir paket çipsi yeməyin ciddi problem yaratmadığı düşünülür. Lakin mütəxəssislər bunun belə olmadığını bildirirlər.

İngiltərə Qidalanma Fondundan qidalanma üzrə mütəxəssis Dr. Simon Steensonun sözlərinə görə, 4 yaşdan yuxarı artıq çəkili və piylənməsi olan oğlan uşaqları hər gün 140-500, qız uşaqları isə 160-290 artıq kalori qəbul edir.

Steenson bildirir ki, piylənmə uşağın fiziki və psixi sağlamlığına təsir göstərə, yüksək təzyiq və tənəffüs çətinliyi kimi problemlərin riskini artıra bilər. Bundan əlavə, uşaqların zorakılıq və lağlağı ilə üzləşməsi, özünəinamının azalması kimi problemlərə də səbəb olur.

Leeds Universitetindən, uşaqlara qidalanma təhsili verən Flavour School-un həmtəsisçisi Dr. Nicholas Wilkinson isə erkən yaşlarda qeyri-sağlam qidalanmanın gələcəkdə də orqanizmə təsir göstərə biləcəyini deyir.

Pediatrik dietoloq Hannah Whittaker də problemin erkən yaşda qarşısının alınmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, uşaq 5 yaşında artıq çəkiyə malikdirsə, sonradan çəkini normallaşdırmaq daha çətin olur.

Hansı uşaqlar daha çox risk altındadır?

Dr. Steensonun sözlərinə görə, İngiltərənin ən yoxsul bölgələrində yaşayan uşaqların piylənmə ehtimalı ən varlı bölgələrdəki uşaqlardan iki dəfə çoxdur.

Onun sözlərinə görə, aşağı gəlirli ailələr üçün sağlam qidalanma gəlirin böyük hissəsini tələb edir. Eyni zamanda, yüksək şəkər, duz və yağ tərkibli qidalar çox vaxt daha ucuz olur.

Yoxsul ərazilərdə fast-food restoranlarının daha çox olması və fiziki aktivlik üçün imkanların məhdudluğu da bu riski artırır.

Uşaqları sağlam qidalanmağa necə təşviq etmək olar?

1. Kiçik yaşdan qidalarla tanış edin

Uşaqları meyvə və tərəvəzləri sınamağa həvəsləndirmək üçün yeməyi əyləncəli təcrübəyə çevirmək olar.

Məsələn, uşağa tərəvəzi çeynəyərkən hansı səsin çıxdığını soruşmaq onun qidaya marağını artırır. Bu üsul yeni qidaları sınamağa həvəs göstərməyən uşaqlar üçün də faydalı olur.

2. Yeni qidaları süfrədən əvvəl tanıdın

Uşağın yeni yeməyi bəyənməyəcəyindən narahat olaraq saatlarla xüsusi yemək hazırlamaq əvəzinə, ona əvvəlcə yeni tərəvəz və ya meyvədən kiçik bir parça daddırmaq olar.

Beləliklə, uşaq əsas yemək zamanı həmin qida ilə ilk dəfə qarşılaşmır.

3. Porsiyalara diqqət edin

Qida etiketləri məhsulların tərkibi və qida dəyəri barədə məlumat versə də, fast-food məntəqələrində bu məlumatlar hər zaman əlçatan olmur.

Bu səbəbdən uşaqlara yaşlarına uyğun porsiyanın necə göründüyünü öyrətmək vacibdir.

Məsələn, televizor qarşısında fərqinə varmadan iki-üç porsiya çipsi yemək mümkündür. Daha şüurlu qidalanmaq üçün həm nə yediyimizə, həm də nə qədər yediyimizə diqqət etməliyik.

4. Hazır yeməkləri evdə hazırlayın

Uşaq və ya valideynlər hazır yeməkləri sevirsə, onları evdə daha sağlam formada hazırlamaq olar.

Məsələn, yağ, doymuş yağ, duz və şəkərin miqdarını azaltmaq mümkündür. Beləliklə, həftəsonu hazır yemək sifariş etmək əvəzinə, onun daha sağlam variantını evdə hazırlamaq olar.

5. Uşaqları yemək hazırlamağa cəlb edin

Uşaqların yemək hazırlanması prosesində iştirak etməsi onların qidaya marağını artırır.

Mütəxəssislərin fikrincə, uşaqlar yeməyə hansı ərzaqların əlavə edildiyini gördükdə ona daha çox güvənirlər. Yeməyi özləri hazırladıqda isə onu dadmağa daha həvəsli olurlar.

6. Məktəblə əlaqə saxlayın

Əgər uşağın hazırladığınız sağlam qidanı yemədiyini, əvəzində çipsi, şokolad və digər qəlyanaltıların qablarını gətirdiyini görürsünüzsə, bu qidaları haradan əldə etdiyini öyrənmək lazımdır.

Mütəxəssislər belə hallarda müəllim və ya məktəb rəhbərliyi ilə danışmağı tövsiyə edirlər. Qidaları uşağa sinifdəki başqa bir şagirdin verib-vermədiyini də araşdırmaq olar.

7. Uşağın evdən tox çıxmasına çalışın

Uşağın evdən çıxmazdan əvvəl yemək yeməsinə diqqət edin.

Səhər tost və ya məktəbə gedərkən yeyə biləcəyi meyvə kimi sadə qidalar onun gün ərzində zərərli qəlyanaltılara yönəlməsinin qarşısını almağa kömək edir.

8. Bütün ailəni prosesə cəlb edin

Valideynlərin sağlam qidalanma və yemək hazırlama məsələsində uşağa nümunə olması vacibdir.

Uşaqla vaxt keçirən digər ailə üzvləri də bu prosesdə eyni yanaşmanı tətbiq etməlidirlər. Məsələn, nənə və babaların uşağa mükafat kimi şirniyyat və digər zərərli qəlyanaltılar verməməsi önəmlidir.

9. Özünüzə qarşı səbirli olun

Uşağın qidalanmasını dəyişmək asan proses deyil. Valideynlər hər şeyi düzgün etməyə çalışsalar belə, müəyyən çətinliklərlə qarşılaşa bilərlər.

Mütəxəssislər valideynlərə özlərini günahlandırmamağı, səbirli olmağı və dəyişikliklərin zaman tələb etdiyini nəzərə almağı tövsiyə edirlər.

Dr. Wilkinsonun sözlərinə görə, uşaqların sağlam qidalanmasını təmin etmək olduqca çətin ola bilər və bu, yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətin qarşılaşdığı problemdir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az