Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargah rəisi Oleksandr Sırskini vəzifəsindən azad edərək, onun yerinə Birləşmiş Qüvvələr Komandanı, briqada generalı Mixaylo Drapatını təyin edib.
Zelenski gündəlik videomüraciətində Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib.
O bildirib ki, ordunun yüksək rütbəli rəhbərliyi ilə görüş keçirərək, Baş Qərargahda planlaşdırılan kadr dəyişikliklərini müzakirə edib.
Prezident Oleksandr Sırskinin yerinə Baş Qərargah rəisi vəzifəsinə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr Komandanı briqada generalı Mixaylo Drapatının təyin olunmasına qərar verdiyini açıqlayıb.
Zelenski qeyd edib ki, Sırski müharibənin ilk günlərində Kiyevin müdafiəsində, daha sonra Xarkov vilayətində həyata keçirilən əks-hücum əməliyyatında və Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətinə təşkil etdiyi hücumlarda mühüm rol oynayıb. O, xidmətlərinə görə Sırskiyə təşəkkür edərək bildirib: “Sabah bütün bu qərarları rəsmiləşdirəcəyik.”
Müdafiə naziri ilə hərbi rəhbərlik arasında fikir ayrılığı
Zelenski iyulun 16-da verdiyi açıqlamada müdafiə naziri Fedorov ilə Baş Qərargah rəisi Sırski və onun komandası arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.
Həmin gün axşam saatlarında Zelenski Fedorovun yerinə müvəqqəti olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri Yevgeni Xmaranın təyin edildiyini açıqlamışdı.
İyulun 16-da Kiyev, Odessa, Lvov və ölkənin digər şəhərlərində Fedorova dəstək məqsədilə etiraz aksiyaları keçirilmişdi.
Qeyd edək ki, Oleksandr Sırski 8 fevral 2024-cü ildə Zelenskinin qərarı ilə Ukraynanın Baş Qərargah rəisi vəzifəsinə təyin olunmuşdu.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
