ABŞ Prezidenti Donald Trampın ticarət məsələləri üzrə baş müşaviri Piter Navarro milyarder İlon Maskı sosial media platformasında Hindistandan yayılan Rusiyayönlü təbliğata şərait yaratmaqda ittiham edib.
Gundelik.az xəbər verir ki, bu barədə Navarro şəxsi hesabında paylaşım edib.
İttihamlara səbəb Navarro tərəfindən X sosial şəbəkəsində Hindistanın Rusiya nefti almasına dair tənqid yazılarına istifadəçilər tərəfindən əlavə edilən “kontekst” şərhləri olub. Həmin qeydlərdə Avropa ölkələrinin də Rusiya neftindən asılı qaldığı, ABŞ-ın isə Rusiyadan uran, gübrə və digər malların idxalını davam etdirdiyi vurğulanıb.
Navarro bildirib: “İlon Mask insanların paylaşımlarında təbliğata imkan verir. Bu axmaq məqalə də bunun nümunəsidir. Cəfəngiyatdır. Hindistan Rusiya neftini yalnız mənfəət üçün alır”. O, həmçinin istifadəçilərin bu cür şərhlərin göstərilməsinə münasibətlərini öyrənmək üçün sorğu keçirib. Təxminən 56 min nəfərin iştirak etdiyi sorğuda 75 faizdən çox istifadəçi funksiyanın saxlanılmasını dəstəkləyib.
Xatırladaq ki, Tramp administrasiyası Hindistanın Rusiya neftinin idxalını dayandırmaqdan imtina etməsinə cavab olaraq avqustun 27-də bu ölkədən idxal olunan bir sıra məhsullara 50 faiz rüsum tətbiq edib. Tariflər geyim, toxuculuq, qiymətli daşlar, ayaqqabı və mebel kimi sahələri əhatə etsə də, Hindistanın ABŞ-a ixracının təxminən 30 faizi – əsasən yanacaq, elektronika və bəzi əczaçılıq məhsulları – yeni rüsumlardan azad edilib.
Hindistan tərəfi daha əvvəl ABŞ-nin tətbiq etdiyi tariflərin nəticələri barədə rəsmi açıqlama yaymışdı.
Gundelik.az

