ABŞ Prezidenti Donald Trump İranla mümkün razılaşma ilə bağlı nikbin mesajlar versə də, son açıqlamaları vəziyyətin hələ də qeyri-müəyyən olduğunu göstərir.
Tramp, Hörmüz boğazında gəmilərin hərəkətini təmin etmək üçün başladılan “Project Freedom” əməliyyatını müvəqqəti dayandıraraq İranla “tam və yekun razılaşma” əldə olunmasına yaxın olduqlarını bildirmişdi. Bu açıqlama neft bazarlarında gərginliyi azaltmış və diplomatik irəliləyiş ümidlərini artırmışdı.
İran isə Vaşinqtonun yeni təklifini nəzərdən keçirdiyini açıqlayıb. ABŞ mediası tərəflərin Fars körfəzindəki müharibəni dayandırmaq üçün 14 maddədən ibarət bir səhifəlik memorandum üzərində razılığa yaxınlaşdığını yazıb.
Lakin Tramp qısa müddət sonra tonunu sərtləşdirib. O bildirib ki, razılaşmanın əldə olunacağı “böyük fərziyyədir” və əgər danışıqlar nəticəsiz qalarsa, bombardmanlar əvvəlkindən daha yüksək intensivliklə bərpa olunacaq.
ABŞ dövlət katibi Marco Rubio isə bir gün əvvəl İran əleyhinə həyata keçirilən “Operation Epic Fury” əməliyyatının başa çatdığını açıqlamışdı.
Məlumata görə, mümkün memorandum müharibənin dayandırılması, Hörmüz boğazının yenidən açılması, sanksiyaların yumşaldılması və İranın nüvə proqramının məhdudlaşdırılması kimi məsələləri əhatə edir.
Bununla yanaşı, həm ABŞ, həm də İranda skeptik yanaşmalar qalır. İran parlamentinin nümayəndəsi Ebrahim Rezaei sənədi ABŞ-ın “arzular siyahısı” adlandıraraq Tehranın lazım gəlsə cavab verməyə hazır olduğunu bildirib.
Ekspertlər isə qeyd edirlər ki, mümkün ilkin razılaşma bütün problemləri həll etməyəcək. Xüsusilə İranın nüvə proqramı ilə bağlı texniki məsələlərin razılaşdırılması uzun zaman tələb edə bilər.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
