ABŞ Prezidenti Donald Tramp “TikTok” sosial şəbəkəsinin nəzarət paketinin amerikalı investorlara verilməsi ilə bağlı sərəncam imzalayıb.
Gundelik.az-ın məlumatına görə, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, yeni sazişə əsasən, Çin şirkəti “ByteDance” və onun filialları “TikTok”un səhmlərinin 20 faizindən azına sahib olacaq, qalan 80 faizi isə amerikalı investorların nəzarətində qalacaq. Prezident vurğulayıb ki, tətbiqin ABŞ-dakı idarəçiliyi yalnız yerli səhmdarlara məxsus olacaq və xarici təsir aradan qaldırılacaq.
“Si Cinpinə böyük hörmətim var və onun bu sazişi təsdiqləməsini yüksək qiymətləndirirəm. Çinin dəstəyi olmadan bu prosesi düzgün həyata keçirmək mümkün olmazdı”, – Tramp deyib.
Dövlət başçısının sözlərinə görə, sazişdə “Oracle” şirkəti və onun həmtəsisçisi Larri Ellison xüsusi rol oynayacaq. Həmçinin “Dell Technologies”in qurucusu Maykl Dell və media maqnatı Rupert Merdokun da prosesə cəlb olunacağı gözlənilir.
Sərəncama əsasən, “TikTok”un ABŞ-dakı əməliyyatlarının satılması və ya fəaliyyətinin dayandırılması üçün son tarix 23 yanvaradək uzadılıb.
Müqavilənin ən çətin tərəfi isə sosial şəbəkənin alqoritmi ilə bağlı məsələ olaraq qalır. ABŞ qanunvericiliyi “ByteDance”ın yeni şirkətdə alqoritmlə bağlı hər hansı əməliyyatda iştirakını qadağan edir. Digər tərəfdən, Çin qanunları bu texnologiyanın ixracını məhdudlaşdırır.
Tramp ötən həftə Çin prezidenti Si Cinpinlə telefon danışığı zamanı ticarət, fentanil problemi, Rusiya-Ukrayna müharibəsi və “TikTok” sazişinin təsdiqi kimi məsələlərdə irəliləyiş əldə olunduğunu bildirib.
Gundelik.az
