İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp Si Cinpinlə danışıqlardan gözləntilərini açıqlayıb 

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra iki ölkə arasında razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.

Gundelik.az xəbər verir ki, Amerika lideri bu barədə Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən APEC sammiti çərçivəsində danışıb. 

“Düşünürəm ki, biz razılaşacağıq”, – Tramp qeyd edib. O, mümkün razılaşmanın hər iki tərəf üçün qarşılıqlı faydalı olacağına inandığını vurğulayıb və əlavə edib ki, sövdələşmənin bağlanması münaqişələrin davam etməsindən və əlavə problemlərin yaranmasından daha yaxşıdır.

Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, Tramp oktyabrın 30-da Cənubi Koreyada Si Cinpinlə danışıqlar aparacaq. ABŞ lideri bildirib ki, görüşdə Çinin Rusiya neftinin alışını azaltmaq məsələsi müzakirə olunacaq. Bundan əlavə, Ukraynada vəziyyətin nizamlanması da danışıqların gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Trampın Si Cinpindən Rusiyaya təzyiq göstərməsini xahiş edəcəyini bildirmişdi.

Gundelik.az