İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çernobılda “mavi itlər” göründü – Alimlər sirri araşdırır

Çernobıl təcrid zonasında yaşayan bəzi itlərin tüklərinin mavi rəngə çevrilməsi elm adamlarını çaşdırıb. Könüllülər bu vəziyyətin kimyəvi çirklənmə ilə bağlı ola biləcəyini bildirsələr də, alimlər itlərin radiasiyaya qarşı müəyyən dərəcədə immunitet inkişaf etdirdiyini düşünürlər.

Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyası ətrafında fəaliyyət göstərən “Dogs of Chernobyl” könüllü qrupunun paylaşdığı videoda ən azı bir itin tamamilə mavi rəngə büründüyü görünür. Qrupun açıqlamasında qeyd olunur ki, “keçən həftə bu itlər mavi deyildilər, səbəbi bilinmir, vəziyyəti anlamaq üçün onları müşahidə edirik. Böyük ehtimalla hər hansı kimyəvi maddə ilə təmasda olublar”.

Səlahiyyətlilər isə bildiriblər ki, rəng dəyişməsinə baxmayaraq, itlər “aktiv və sağlam” görünür, lakin antisanitar şəraitdə yaşayırlar.

Nüvə fəlakətinin varisləri

2017-ci ildən fəaliyyət göstərən “Çernobıl İtləri” komandası hər il təcrid zonasında təxminən 700 itə qida və tibbi yardım göstərir. Bu heyvanlar 1986-cı ildə baş vermiş Çernobıl faciəsindən sonra insanların tərk etdiyi ev itlərinin nəslindəndir.

Hazırda bölgədə radiasiya səviyyəsi 11,28 millirem civarındadır ki, bu da insan üçün icazə verilən dozanı təxminən altı dəfə üstələyir.

Mavi tüklərin sirri – kimyəvi, yoxsa bioloji?

Sosial media istifadəçiləri mavi rəngin yuyula bilən kimyəvi çirklənmə nəticəsində yarandığını ehtimal edirlər. Bəzi alimlər isə bu hadisəni bölgədəki uzunmüddətli radiasiya təsirləri ilə əlaqələndirir.

Tədqiqat: Çernobıl itləri radiasiyaya uyğunlaşır

ABŞ-ın Kolumbiya Universitetinin ekoloji sağlamlıq üzrə eksperti Dr. Norman J. Kleimanın rəhbərlik etdiyi tədqiqat qrupu Çernobıl ərazisində yaşayan 116 itin qan nümunələrini təhlil edib. Nəticələr göstərib ki, bu itlər digər bölgələrdəki heyvanlardan genetik baxımdan fərqlənir və iki müxtəlif populyasiyaya bölünür.

Araşdırma zamanı radiasiya və zəhərli mühitə uzunmüddətli məruz qalma ilə əlaqəli 400-ə yaxın genetik fərqlilik nöqtəsi və 52 gen müəyyən olunub.

Alimlərin qənaətinə görə, Çernobıl itləri təkcə sağ qalmağı deyil, həm də radiasiyaya qarşı müəyyən dərəcədə davamlılıq qabiliyyəti qazanmağı bacarıblar.

Gundelik.az