ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq böhtan və təhqir iddiası qaldırdığını açıqlayıb.
Gundelik.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.
Tramp paylaşımında “The New York Times”ı ölkənin tarixində “ən pis və ən azğın qəzetlərdən biri” adlandırıb və onun Demokrat Partiyasının “sözçüsünə” çevrildiyini iddia edib.
O, qəzetin vitse-prezident Kamala Harrisə dəstəyini birbaşa ilk səhifədə dərc etməsini “indiyə qədər görünməmiş hal” kimi qiymətləndirib və bunu “qanunsuz kampaniya dəstəyi” adlandırıb.
Tramp əlavə edib ki, “The New York Times” uzun illərdir onun, ailəsinin, biznesinin, həmçinin “America First” hərəkatının və bütövlükdə ölkənin əleyhinə yalan məlumatlar yayır. O, əvvəllər “ABC/Disney”, “CBS/Paramount” kimi media qurumları ilə aparılan məhkəmə proseslərində də uğur qazandığını xatırladaraq, həmin hallarda “qərəzli və saxta materialların” yayıldığını bildirib.
Müraciətinə “The New York Times”ın uzunmüddətli böhtan kampaniyasına son qoyulacaq” sözləri ilə yekun vuran Tramp, iddianın Floridada qaldırıldığını qeyd edib.
Sonda isə o, ənənəvi şüarı ilə çıxış edib: “Amerikanı yenidən möhtəşəm edək!”
Gundelik.az

