ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin açılışı ərəfəsində Cənubi Koreyada biznes liderləri ilə görüşü zamanı Hindistanla ticarət sazişi imzalamaq niyyətində olduğunu bildirib.
Gundelik.az xəbər verir ki, Tramp çıxışında Hindistanın baş naziri Narendra Modini “çox hörmət etdiyini və sevdiyini” vurğulayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Hindistanın ticarət və sənaye naziri Piyush Goyal Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Dehlinin ABŞ-la ticarət sazişi imzalamağa tələsmədiyini bəyan etmişdi.
İki ölkə arasındakı münasibətlər Tramp administrasiyasının avqustun 27-dən etibarən Rusiyadan neft alışı səbəbindən Hindistan mallarına 25 faiz əlavə gömrük rüsumu tətbiq etməsi ilə gərginləşib. Yeni qərara əsasən, ABŞ Hindistan məhsullarına 50 faizədək rüsum tətbiq edəcək.
Asiya ölkələri ilə iqtisadi əlaqələrdən danışan Tramp həmçinin Cənubi Koreya ilə ticarət sazişinin “çox qısa zamanda, demək olar ki, bir neçə dəqiqə ərzində tamamlanacağını” da qeyd edib.
Gundelik.az
