Tiroid düyünləri cəmiyyətdə kifayət qədər geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, hər düyün xərçəng demək deyil və bütün düyünlərdə əməliyyata ehtiyac olmur.
Endokrin cərrahiyyə mütəxəssisi Prof. Dr. Ahmet Cem Duralın sözlərinə görə, tiroid düyünləri ölçüsü, forması və quruluşuna görə qiymətləndirilməlidir. Düyünlərin böyük hissəsi xoşxassəli olur və bəzi hallarda yalnız müntəzəm müayinə və ultrasəs müayinəsi ilə izlənilməsi kifayətdir.
Hansı düyünlər daha çox şübhə doğurur?
Ultrasəs müayinəsində sərt quruluşlu, sərhədləri qeyri-müəyyən və ya nizamsız olan, mikrokalsifikasiyalar ehtiva edən düyünlərdə xərçəng riski daha yüksək olur. Belə hallarda həkim lazım bildikdə iynə biopsiyası aparılır.
Düyünün böyüməsi, boyunda təzyiq yaratması, udma və ya nəfəs alma çətinliyi törətməsi də əlavə qiymətləndirmə tələb edir.
Əməliyyatda səs tutulması riski
Tiroid əməliyyatları zamanı səs tellərinin fəaliyyətini təmin edən sinirlərin zədələnməsi səs dəyişikliklərinə səbəb olur. Müasir cərrahi üsullar və sinir monitorinq sistemləri bu riskin azalmasına kömək edir.
Mütəxəssisin verdiyi məlumata görə, qalıcı səs tutulması 0,1 faizdən az, müvəqqəti səs dəyişiklikləri isə təxminən 1 faiz hallarda görülür.
Tiroidin tamamilə çıxarılması həmişə lazım deyil
Əməliyyat qərarı verilən hər xəstədə tiroid vəzinin tam çıxarılması tələb olunmur. Tək bir düyünün həddindən artıq hormon ifraz etdiyi hallarda yalnız həmin düyünün yerləşdiyi pay çıxarılır. Bəzi kiçik tiroid xərçənglərində də yalnız xərçəngli payın çıxarılması mümkün olur.
Lakin şiş böyükdürsə, vəzdən kənara yayılıbsa, aqressiv xüsusiyyət daşıyırsa və ya limfa düyünlərinə keçibsə, tiroidin tam çıxarılması lazım gələ bilər.
Yeni müalicə üsulları
Müasir texnologiyalar arasında sinir monitorinqi və infraqırmızı görüntüləmə sistemləri mühüm yer tutur. Bu üsullar əməliyyat zamanı sinirlərin və paratiroid vəzlərinin qorunmasına kömək edir.
Bəzi xoşxassəli tiroid düyünlərində və seçilmiş kiçik xərçənglərdə radiotezlik və ya mikrodalğa enerjisi ilə aparılan ablasiya müalicəsindən də istifadə olunur. Lakin bu üsul hələ bütün xəstələr üçün cərrahiyyənin alternativi hesab edilmir.
Boyunda yeni şişlik və ya düyün, udma və nəfəs alma çətinliyi kimi əlamətlər müşahidə edilərsə, vaxtında həkim müayinəsindən keçmək vacibdir. Erkən diaqnoz və düzgün müalicə tiroid xərçəngində müalicənin uğurunu artırır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

