Gundelik.az Mədəniyyət və cəmiyyət Ürək tutmasından şübhələnirsinizsə və evdə təksinizsə, nə etməlisiniz?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ürək tutmasından şübhələnirsinizsə və evdə təksinizsə, nə etməlisiniz?

Ürək tutması hər zaman güclü sinə ağrısı ilə özünü göstərmir. Mütəxəssislər xüsusilə evdə tək olan şəxslərə belə vəziyyətdə vaxt itirmədən təcili tibbi yardım xidmətinə zəng etməyi və təcili tibbi yardım əməkdaşlarının göstərişlərinə əməl etməyi tövsiyə edir.

Ürək tutması zamanı sinənin ortasında və ya sol tərəfində istirahətlə keçməyən təzyiq, sıxılma, yanma və ya əzilmə hissi yaranır. Ağrı sol qola, çiyinlərə, boyuna, çənəyə və ya kürəyə yayıla bilər.

Bəzi insanlarda isə nəfəs darlığı, qəfil soyuq tər, solğunluq, ürəkbulanma, həzmsizlik, başgicəllənmə və göz qaralması əsas əlamətlər olur.

İlk olaraq təcili tibbi yardım xidmətinə zəng edin

Evdə tək olduğunuz halda ürək tutmasından şübhələnirsinizsə, dərhal Təcili Yardım Xidmətinə zəng edin. Ünvanınızı dəqiq bildirin və evdə tək olduğunuzu qeyd edin. Telefonu səsgücləndiriciyə qoymaq ünsiyyəti davam etdirməyi asanlaşdıra bilər.

Mümkündürsə, evin giriş qapısının kilidini açıq saxlayın ki, tibbi yardım briqadası gəldikdə içəri daxil ola bilsin.

Özünüz avtomobil idarə etməyin

Ürək tutmasından şübhələnən şəxsin avtomobil sürərək xəstəxanaya getməsi təhlükəlidir. Bu zaman qəfil ritm pozğunluğu, təzyiq dəyişiklikləri və ya huş itkisi baş verir.

Yardım gələnədək özünüzü yormayın

Tibbi yardım gələnə qədər ayaq üstə dayanmaq, gəzmək və fiziki güc tələb edən hərəkətlər etməkdən çəkinin. Nəfəs almaqda çətinlik varsa, rahat yarıoturaq vəziyyətdə dincəlmək olar. Dar yaxa, qalstuk və kəmər kimi geyimləri boşaltmaq, mümkündürsə otağı havalandırmaq məsləhətdir.

İnternetdə yayılan “öskürərək ürək tutmasını dayandırmaq” kimi elmi əsası olmayan üsullara əl atmaq olmaz.

Aspirini özbaşına qəbul etməyin

Aspirin bəzi ürək tutması hallarında istifadə oluna bilsə də, hər kəs üçün uyğun deyil. Allergiya, aktiv qanaxma və digər risklər nəzərə alınmalıdır. Buna görə aspirin və ya başqa dərman qəbul etməzdən əvvəl təcili tibbi yardım əməkdaşının və ya tibb mütəxəssisinin göstərişinə əməl etmək daha təhlükəsizdir.

Əlamətlərin keçməsini gözləməyin. Şikayətlər davam edirsə və ya təkrarlanırsa, təcili tibbi yardıma müraciəti gecikdirmək olmaz.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version