Burun yalnız üz görünüşünün deyil, həm də nəfəsalma funksiyasının mühüm hissəsidir. Mütəxəssislər burun quruluşu qiymətləndirilərkən həm xarici görünüşün, həm də burun daxilindəki arakəsmə (septum), hava yolları və digər anatomik xüsusiyyətlərin nəzərə alınmasının vacibliyini bildirirlər.
Burun üzün mərkəzində yerləşdiyi üçün onun ölçüsü, burun körpüsünün quruluşu və ucunun mövqeyi üz ifadəsinə təsir göstərir. Lakin burnu təkcə “böyük”, “kiçik” və ya “əyri” kimi qiymətləndirmək düzgün deyil. Onun üzün digər hissələri ilə nisbəti də nəzərə alınmalıdır.
Rinoplastikadan əvvəl nələrə diqqət edilir?
Rinoplastika planlaşdırılarkən alın-burun keçidi, burun-dodaq münasibəti, çənənin quruluşu və üzün uzunluğu kimi xüsusiyyətlər birlikdə dəyərləndirilir. Məsələn, çənənin geridə olması burnu olduğundan daha böyük göstərə bilər.
Hər kəs üçün eyni burun forması uyğun deyil. Yaş, üz quruluşu, dəri qalınlığı, sümük və qığırdaq xüsusiyyətləri fərqli olduğundan məqsəd başqa şəxsin burun formasını təkrarlamaq deyil, üzlə uyğun və təbii görünüş yaratmaqdır.
Burun quruluşu nəfəsalmağa necə təsir edir?
Rinoplastika zamanı yalnız estetik görünüş deyil, nəfəsalma funksiyası da nəzərə alınmalıdır. Burun arakəsməsində əyrilik, tıxanıqlıq və digər struktur problemləri nəfəs almağı çətinləşdirir. Buna görə estetik və funksional ehtiyacların birlikdə qiymətləndirilməsi vacibdir.
Bəzi hallarda burunun təbii anatomik quruluşunu mümkün qədər qorumağa yönələn qoruyucu rinoplastika (Preservation Rhinoplasty) üsullarından da istifadə edilə bilər.
Mütəxəssislərə görə, rinoplastikanın əsas məqsədi insanın üz ifadəsini tamamilə dəyişdirmək deyil, burunun üzün digər hissələri ilə daha harmonik görünməsini və mümkün qədər funksional olmasını təmin etməkdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

