Mütəxəssislər bildirirlər ki, Tip 1 diabeti olan insanlar düzgün müalicə, mütəmadi nəzarət və uyğun qidalanma proqramı ilə peşəkar səviyyədə idmanla məşğul ola və istənilən idman hədəfinə çata bilərlər.
Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının Daxili xəstəliklər üzrə mütəxəssisi dos. dr. Şəngül Aydın Yoldemir açıqlamasında qeyd edib ki, Tip 1 diabet diaqnozu aktiv həyatdan uzaqlaşmaq demək deyil.
O, Tip 1 diabetin immun sisteminin mədəaltı vəzdə insulin istehsal edən hüceyrələri zədələməsi nəticəsində yaranan, orqanizmin insulin istehsal edə bilmədiyi xroniki xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, “Bu xəstəlik idmana maneə deyil. Düzgün planlama, düzgün müalicə və mütəmadi nəzarətlə bu insanlar bir çox idman növündə böyük uğurlar qazana bilirlər.”
Mütəxəssis fiziki aktivliyin Tip 1 diabetin idarə olunmasında vacib rol oynadığını vurğulayıb:
“Daimi idman qan şəkərinin tənzimlənməsini yaxşılaşdırır, insulinə həssaslığı artırır və ürək-damar sağlamlığını dəstəkləyir. Eyni zamanda əzələ gücünü artırır, həyat keyfiyyətini yüksəldir və insanın özünə inamını gücləndirir. Buna görə idman müalicənin vacib hissəsi sayılmalıdır.”
Yoldemir bildirib ki, Tip 1 diabeti olanlar qaçış, üzgüçülük, tennis, velosiped, futbol və basketbol kimi idman növləri ilə təhlükəsiz şəkildə məşğul ola bilərlər. Lakin idman proqramı mütləq fərdi şəkildə hazırlanmalıdır.
O həmçinin qeyd edib ki, idman zamanı qan şəkərində dəyişikliklər ola bilər: xüsusilə uzunmüddətli məşqlərdə şəkərin düşməsi, bəzi intensiv məşqlərdə isə yüksəlməsi mümkündür. Buna görə idmandan əvvəl, idman zamanı və sonra qan şəkəri nəzarətdə saxlanmalı, insulin dozası və qidalanma planı fəaliyyətə uyğun tənzimlənməlidir.
Mütəxəssis əlavə edib ki, dünyada xroniki xəstəliklərlə yaşayan və böyük idman uğurları qazanan çox sayda idmançı var. Onlar düzgün nəzarət sayəsində yüksək səviyyədə nəticə əldə edirlər.
Sonda o vurğulayıb ki, Tip 1 diabet uşaqların və gənclərin həyat məqsədlərinə və idman karyerasına maneə deyil. Düzgün tibbi nəzarət, uyğun qidalanma və davamlı müalicə ilə həm sağlam həyat sürmək, həm də idmanda uğur qazanmaq mümkündür.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

