Sadıq Elcanlı (İbrahimov) 12 yanvar 1956-cı ildə Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olmuşdur.1978-ci ildə filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə başlamış, 1981-1984-cü illərdə C. Məmmədqluzadənin ev müzeyində elmi işçi, 1984-1992-ci illərdə Azərbaycan teleradio şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. Əmək fəaliyyəti “Azərbaycantelefilm” Yaradıcılıq Biriliyinin baş redaktoru (1992-1997), ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru kimi davam etdirmiş, uzun müddət Azərbaycan Televiziya və Radio Verilişləri baş redaksiyasının baş redaktoru işləmişdir.Yaradıcılığa 70-ci illərdən başlayan Sadıq Elcanlı ilk qələm təcrübəsi olan “Qudyalçay nəğmələri”, “Yaşıl budaqlar”, “Səhər” və s. əsərləri almanaxlarda çap olunmuşdur. Povest və hekayələrinin yer aldığı “Sirli səsin sorağı” adlı ilk kitabı 1988-ci ildə işıq üzü görmüşdür. Sonrakı illərdə isə yazıçının “Əbədi sevginin xatirələri”, “Yaddaş yarası”, “Qanlı Quzğun meydanı”, “Mənim mövqeyim”, “Zülmət”, “Sükutun sonu” və s kitabları nəşr olunub. Sadıq Elcanlı 50-dən artıq bədii televiziya filminin, eyni zamanda milli televiziyanın daimi verilişlərinin (“Vətən”, “Poeziya”, “Qurtuluş”, “Vətəndaş”, “Araz”, “Klassik irsimizdən”, “Şam işığında”, “Yurd yeri” və s.) yaradıcısı və ssenari müəllifi olub. Əsərləri ərəb, fars, ingilis, bolqar və s. dillərinə tərcümə olunub. Sadıq Elcanlının 60-illik yubileyi ilə əlaqədar kitabxanada bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin əsas mahiyyəti bir sıra ədiblərin, eləcə də, sözü gedən yazıçının əsərlərinə oxucu diqqəti yönəltmək və onun əsərlərini tanıtmaqdı. Bu öhdəlik ən çox kitabxanaçının üzərinə düşməkdədir. Bu münasibətlə kitabxanada yazıçının kitab sərgisi hazırlanır. Sərgiyə “Sadıq Elcanlı-60”, “Ədəbi yolum işığa heyrətdən başladı”, “Yaddaş yarası” ,“Qanlı Quzğun meydanı”, “Mifdən qədim adam”, “Sirli səsin sorağında”, “ Qədim bir nağılın qul bazarında”, “Sübhün sərin havası”, “Saflıq sorağında”, “Bir günlük itki” və s. başqa başlıqlar verilə bilər. Şairin bir sıra kitabları, “Sükutun sonu”, “Əbədi sevginin xatirələri”, “Yaddaş yarası”, “Qanlı quzğun meydanı” və s. kitablar, eləcə də, sözü gedən yazıçı haqqında ədiblərimizin söylədiyi fikirlər və dövri mətbuatdan bəzi nümunələr sərgidə nümayiş oluna bilər.
Görkəmli şəxsiyyətlərin Sadıq Elcanlı haqqında söylədikləri.
1.“Sükutun sonu” Azərbaycan nəsrində təzə söz deyən kitabdır. Dünya ədəbiyyatında çox gözəl nümunələri olan elmi-fantastik nəsrin milli ədəbiyyatımızda yükünü, ağırlığını çəkmək şərəfi Sadıq Elcanlının bəxtinə düşüb.
Xalq şairi Nəbi Xəzri
- Sadıq Elcanlının “Sirli səsin sorağı” kitabı onun bir yazıçı kimi axtarışlarının sabahına ümid doğurur.
Alim Bəxtiyar Məmmədzadə
- Sadıq Elcanlı o şəxslərdəndir ki, ömür yolunu xalqına, vətəninə faydalı işlərə sərf edir. Ədəbiyyat tarixinin qorunmasında, intelektual nəsrin zənginləşməsində özünəməxsus xidmətlər göstərir.
Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi ilə döyünsün. Yaşadıqlarını, gördüklərini, səmimi duyğularının dili ilə kağızı köçürsün. Sevilib, seçilsə də, sənətdə yüksəklərə ucalsa da, yenə qəlbinə, ruhuna xəyanət etməsin. Sadıq Elcanlı da bu müsbət xüsusiyyətlərin hər biri var.
Sadıq Elcanlı qədim Şabranda-dağ ilə dənizin görüşdüyü yerdə dünyaya gəlib, dağdan ucalığı, dənizdən dərinliyi əxz edib. Sadıq Elcanlın yaradıcılıq istiqaməti olduqca genişdir. O, həm ciddi yazıçı, ədəbiyyatşünas, tənqidçi, həm də jurnalist, publisist, redaksiya rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Ədəbi-dram Verilişləri” baş redaksiyasının baş redaktoru olmuşdur. S. Elcanlı onlarca hekayə, povest, roman, yüzlərcə publisistik, ədəbi- tənqidi məqalə, esse, resenziya, silsilə ədəbi-bədii verilişlərin, bədii və sənədli filmlərin müəllifidir. Azərbaycan, çağdaş nəsrində və publisistikiasında özünəməxsus mövqe sahibi, Milli televiziyanın “Ədəbiyyat və publisistika” redaksiyasının baş redaktoru, respublikanın “Əməkdar jurnalisti”, istedadlı yazıçının ədəbi tənqidimiz tərəfindən ədəbiyyatımızda yeni yol” kimi qiymətləndirilən, mifoloji-fantastika janrında yazılan “Qanlı quzğun meydanı”, “Yaddaş yarası” romanları və bir sıra əsərləri qılınc-qələm qüdrətli tariximizə, milli yaddaşımıza Türkçülük, Azərbaycançılıq istiqamətində üz tutur, böyük tarixi gücün, xilaskar yaddaş enerjisinin bu günlə ürək söhbətinə, çağdaş söhbətinə, çağdaş mənəvi mühitimizə nəqlinə, transformasiyasına can atır, uğurlu milli özünəqayıdış modelləri təklif edir. Publisistik Sadıq Elcanlı bir neçə kitaba öz imzasını qoymuşdur. Tələbəlik dövründə kiçik həcmli hekayələr yazan Sadıq Elcanlı getdikcə yaradıcılığının sərhədlərini genişləndirib. İri həcmli əsərlər onun müxtəlif illərdə dərc olunan bir-birindən maraqlı əsərləri ayrı-ayrılqda oxuculara təqdim olunur. Yazıçının iri məzmunlu əsərləri ilə yanaşı kiçik əsərləri, hekayələri də oxucular tərəfindən bir mənalı qarşılanmış və sevilərək oxunmuşdur. Naşirin hekayələrində də, povestində də insan aləminin sirli səsinin sorağına diqqət, insan mənəviyyatının sirrinə varmaq, bu yolla insanı da, həyatı da bədii idrak meyli səciyyəvidir. Daxili-mənəvi aləmin ruhunu, mənası və səs ahəngini, psixoloji aspektdə insanın özünü və bütövlükdə həyatı ifadə etməsini yazıçının duymaq və dürüst yaratmaq cəhdi, öz səsi ilə ifadəsi əsasən uğurlu görünür, yaxşı təsir bağışlayır. Kitabxanaçı qısa tanışlıq verdikdən sonra yazıçının bir neçə hekayələrinə keçid alır. Bu hekayələrindən biri də, “Sirli səsin sorağı” hekayəsidir. “Sirli səsin sorağı” hekayəsində müharibədə üç oğul itirmiş Aran kişinin şəxsiyyəti, itkisindən doğan acını ona unutduran ömür-gün yoldaşı Cahan arvad, bir də halal əməyi canlandırılır. Qoca qazmaçının istifadəyə verdiyi üç yanaşı quyu onun ürəyində üç oğul olub, ürəyinin dayağıdır. Onsuz da, “hərdən itdiyini, açıq-aşkar azdığını hiss edən” Aran kişi Cahan arvadı da itirir, nefti tükəndiyindən quyular da bağlanır. Zəhməti ilə ümid və təsəlli tapan qoca indi üç qəbirlik buruq qəbiristanlığını bütöv şəxsiyyətinin ləyaqəti ilə yaşaya bilir. Sadıq Elcanlının digər əsəri isə “Ömrün son qərənfilləri” əsəridir. Ömrün dramatizmini yüksək mənəvi ləyaqətlə yaşamaq “Ömrün son qərənfilləri” hekayəsində irəli sürülür. Buruq ustası Kərim kişi günlərin birində”…iş yoldaşlarının pul yığıb aldıqları qiymətli hədiyyəni qəbul edərək təqaüdə çıxdı”. İlk asudə günlərinin dadı ötüb, şitlik üzə çıxdıqca, itki duyulduqca darıxan Kərim kişi gənc qızdan zövq alıb, meylini ona salsa da, itirdiyini tapa bilmir. Qoca neftçi ilə gənc qızın mənəvi ünsiyyəti, qızın ona qərənfil verib toyuna çağırması Kərim kişinin özünü tapmasına kömək edir. Kərim kişi toya yox, işə gedir, özünə sədaqəti ilə özünü tapır. Özünü təsdiqə çatır, ömrünün mənasını müəyyənləşdirir. Kitabxanaçı digər hekayələrə keçid alır. “Dostlar”, “Qəribçilik” tənqidi psixologiya ilə seçilir. “Dostlar” dakı Məsti öz həqiqi adı çoxları tərəfindən unudulmuş adamdır. Özünəxəyanət, mənəvi saflığa və halal torpağa biganəlik, eyni zamanda nə vaxtsa kiminsə onu-aldadılmış dostu duyacağına ümidi Məstini məst edib, qəribələşdirib… “Məstiylə Dəşti… halalca dost idilər”- sərrast və güclü kinayədir. Özü içməyən, içirən Dəşdiyə, onun “dost” luğuna sədaqəti nəticəsi idi ki, Məsti məst olub özünə xəyanət yoluna düşmüşdü. Dəşti Məstinin torpağını ələ keçirib, üzüm əkib şərab çəkir. Məsti halal torpağa qayğısızlığı və şəraba bağlanmağı ilə, halalı qorumağı və kiməsə ümidi ilə özünü itirir.
Nasirin hekayələrində psixologizm maraq doğurur.Yazı tərzində üslubi imkanlardan, dildən maksimum istifadə cəhddir, təbiidir. Şirin, tutumlu, ekspressiv bədii dil təbii alınır.Təkrirlərdən istifadə əsasən uğurludur, psixoloji analitikliyi, subyektiv-konkret ifadə etməni şərtləndirir. Ironik yaratma nasirin istedadının zənginliyinə dəlalət edir. Daha sonra kitabxanaçı digər əsər haqqında qısa məlumat verərək bildirir ki, kitabdakı povest “Əsrin qazancı” adlanır. Məhşur yazıçı Sübhan Zəminlini ilan vurur. Zootexnik onu ölmüş görür, üzüyuxarı çevirəndə çaşır elə bilir ki, ölən lap onun özüdür. Pasportunu, qəzetdə onun haqqındakı yazını öyrənir. Onun paltarını özünə götürür, öz paltarlarını ona geyindirir və zootexnik yazıçı kimi yaşamağa başlayır. Hamı onu Sübhan Zəminli bilir, o da bu dona girib, “əsrin qazancı” romanını bitirmək üzrədir. Əsərdən məlum olur ki, yazıçı və zootexnik əkiz imiş, sel beşiyi ilə yazıçını körpə vaxtında aparıbmış. Povest təsadüflər üzərində qurulmuşdur. Müəllif bu üsulla görünənin nə olduğunu üzə çıxarmağa, “insanın heç vaxt özünün özü ilə eyniyyət yaratmadığını” göstərməyə çalışır. Əsərdə detektiv elementi, bununla bağlı düşüncə və təfərrüfat xeyli yer tutur. Müəllif real, inandırıcı verməyə xüsusi səy göstərir. Əsərdə adı verilməyən Zootexnik Yazıçının kölgəsi olaraq iki adamı tanıdır: özünü və yazıçını. Povestdə yazıçı müəyyən dərəcədə yaxşı bir insan kimi tanınır. Özgə şöhrətini yaşayan zootexnik–yazıçı hamını inandırsa da, özündən qaça bilmir, özünü yaşamır. Öz hərəkətlərinə “əsrin qazancı” kimi bəraət qazandırmağa cəhd edir. Yazıçının ölümü bilinərsə, bu əsər yazılmazdı, bu əsər zootexnikin xidmətidir. Amma bu, kökü çürük olan düşüncədir. Bu fəlsəfə ilə hər cür rəzilliyi doğrultmaq olar. Həsrətində olduğu hər şeyə qovuşan zootexnik atasının qəbrini, kişinin sel aparmış oğul dərdini, öz arvadını, atasız qalmış uşaqlarını düşünür. Müəllif onu yolayrıcında saxlayır. Əsərdə zootexnikin ətrafındakıları yazıçı olmasına inandırması təfərrüatı genişdir, onun yazıçı yerinə yaşaması və məhz Zootexnik kimi yaşaması görünür daha dərindən və aparıcı şəkildə verilməli idi. Bu problemi dərinləşdirdi.
İstedadlı yazıçının ədəbi tənqidimiz tərəfindən “ədəbiyyatımızda yeni yol” kimi qiymətləndirilən, mifoloji-fantastika janrında yazılan “Qanlı quzğun meydanı”, “Yaddaş yarası”romanları və bir sıra əsərləri qılınc-qələm qüdrətli tariximizə, milli yaddaşımıza, Türkçülük, Azərbaycançılıq istiqamətində üz tutur, böyük tarixi gücün, xilaskar yaddaş enerjisinin bu günlə ürək söhbətinə, çağdaş mənəvi mühitimizə nəqlinə, transformasiyasına can atır, uğurlu milli özünəqayıdış modelləri təklif edir. Əsər Azərbaycan ədəbiyyatında nadir müraciət olunan mifoloji-frantastik nəsrin uğurlu təkrarsız nümunələrini yaradıb.
Sadıq Elcanlı müasir oxucu və tamaşaçının nə istədiyini bilir, çağdaş dövrün nəbzini tutur, aktual problemləri, cəmiyyəti düşündürən problem məsələləri ədəbiyyata gətirir, özünəməxsusü ifadə vasitələri ilə istedadlı yazıçı məharəti ilə qələmə alır. Əbəs yerə onun yaradıcılığının intelektual ədəbiyyata aid etmirlər. Onun əsərlərində tənqid də var, məntiqi nəticə də. Oxucu yazıçının nə demək istədiyini duyur, mürəkkəb ədəbiyyat aləmindən öz payına düşənləri görür. Yaradıcılığının əsas mövzularından biri olan insan və mənəviyyat problemləri hekayələrində də başlıca yer tutur. Yazıçı tez-tez şəhər və kənd həyatını bir-biri ilə qarşılaşdırır. Hər iki mühitin insanlarını ən incə detallarına kimi təsvir və təhlil edir. Onun əsərlərinin hamısı sanki insanpərvərliyə çağırışdır.Yazıçı oxucularını öz nöqsanlarını görməyə, əməllərini təhlil etməyə dəvət edir. Ədibin hekayələrinin dili də olduqca sadədir, xalq dilinə yaxındır.
AYNUR TURAN
Gundelik.az

