Səhər yeməyindən əsas yeməklərə və qəlyanaltılara qədər geniş istifadə olunan qatıq zülal, kalsium, fosfor və B qrupu vitaminləri ilə zəngindir. Buna görə mütəxəssislər onu balanslı qidalanmanın bir hissəsi kimi tövsiyə edirlər.
Bəzi qatıq növlərində bağırsaq sağlamlığını dəstəkləyə bilən canlı və aktiv bakteriya kulturları olur. Bu bakteriyalar laktozanı həzm etməkdə çətinlik çəkən insanlara da kömək edir.
Lakin qatığı “möcüzəvi qida” hesab etmək düzgün deyil. Buna baxmayaraq, düzgün seçildikdə sağlam qidalanmaya faydalı töhfə verir.
Hansı qatıq daha faydalıdır?
Mütəxəssislər əsasən sadə, şəkərsiz təbii və ya süzmə qatığa üstünlük verirlər. Yüksək miqdarda şəkər və əlavə şirinləşdiricilər olan məhsullar isə daha az faydalıdır.
Qatıq alarkən etiketdə bunlara diqqət etmək məsləhətdir:
canlı və aktiv bakteriya kulturlarının olması;
əlavə şəkərin az olması;
zülal miqdarı;
kalsium səviyyəsi;
bitki mənşəli məhsullarda kalsium, D vitamini və yodla zənginləşdirilib-zənginləşdirilməməsi;
tam yağlı məhsullarda doymuş yağın miqdarı.
Qatıq iltihabı azaldaq bilərmi?
Bəzi araşdırmalar canlı bakteriya kulturları olan qatığın orqanizmdə iltihabın bəzi göstəricilərini azaltmağa kömək edə biləcəyini göstərir.
ABŞ-ın Viskonsin-Madison Universitetinin professoru Bredli Bollinqin sözlərinə görə, nəticələr ümidvericidir, lakin bu təsirin dəqiq nədən qaynaqlandığı hələ məlum deyil.
Xroniki iltihab 2-ci tip diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin inkişafında rol oynayır. Bununla belə, qatığın nə qədər və hansı tezliklə qəbul edilməsinin faydalı olduğu hələ tam müəyyənləşdirilməyib.
Qatıq 2-ci tip diabet riskini azalda bilərmi?
Araşdırmalar müntəzəm qatıq istehlakı ilə 2-ci tip diabet riskinin daha aşağı olması arasında əlaqə olduğunu göstərir.
2017-ci ildə 13 araşdırmanın nəticələrini əhatə edən təhlildə bu əlaqə müəyyən edilib. 2022-ci ildə aparılan başqa bir araşdırmada isə gündəlik qəbul edilən hər 50 qram qatığın xəstəliyin inkişaf riskinin təxminən 7 faiz azalması ilə əlaqəli ola biləcəyi bildirilib.
Lakin qatıq diabetin qarşısını alan və ya müalicə edən vasitə kimi qəbul edilməməlidir. Məhsul seçərkən şəkər və doymuş yağ miqdarına diqqət yetirmək vacibdir.
Qatıq arıqlamağa kömək edir?
Bir sıra araşdırmalar müntəzəm qatıq istehlakını daha aşağı bədən kütlə indeksi və çəki ilə əlaqələndirir.
Lakin burada səbəb-nəticə əlaqəsi tam aydın deyil. İnsanlar qatıq yedikləri üçün daha az çəkiyə sahib ola bilər, yaxud ümumilikdə sağlam qidalanan insanlar rasionlarına qatığı daha çox daxil edə bilərlər.
Bu səbəbdən qatığı birbaşa arıqladan qida hesab etmək düzgün deyil.
Bitki mənşəli qatıq faydalıdırmı?
Soya, badam, kokos və yulafdan hazırlanan bitki mənşəli qatıq məhsullarının qida dəyəri və canlı bakteriya miqdarı fərqli olur.
Bəzi məhsullar istilik emalından keçir və bu zaman canlı bakteriyalar məhv olur. Buna görə etiketdə canlı kulturların olub-olmadığını yoxlamaq lazımdır.
Bitki mənşəli və süd əsaslı qatıqda şəkər olur. Xüsusilə uşaqlar üçün satılan şirinləşdirilmiş məhsullara diqqət etmək vacibdir.
Qatıq alarkən nələrə diqqət etməli?
Ən yaxşı seçimlərdən biri sadə və şəkərsiz qatıqdır. Bağırsaq sağlamlığı önəmlidirsə, canlı bakteriya kulturları olan məhsullara üstünlük vermək olar.
Bitki mənşəli qatıq alarkən isə kalsium, D vitamini və yodla zənginləşdirilib-zənginləşdirilmədiyini yoxlamaq lazımdır.
Şirinləşdirilmiş qatıq da balanslı qidalanmanın bir hissəsidir. Lakin onu sağlamlıq qidasından daha çox şirin qəlyanaltı kimi qiymətləndirmək daha doğrudur.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

