Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının Ağciyər Xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Sinem İliaz vərəmin (tüberkülozun) hələ də mühüm ictimai sağlamlıq problemi olduğunu, xüsusilə uzun sürən öskürək şikayətlərinin ciddi qəbul edilməli olduğunu bildirib.
Xəstəxananın açıqlamasında onun fikirlərinə yer verilib. İliaz qeyd edib ki, vərəm müalicə oluna bilən xəstəlik olsa da, dünyada hələ də ən çox ölümə səbəb olan yoluxucu xəstəliklərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 10 milyondan çox insan vərəmə yoluxur və 1 milyondan çox insan bu xəstəlik səbəbilə həyatını itirir.
Ağciyərləri zədələyən vərəm barədə danışan İliaz bildirib ki, 3 həftədən uzun sürən öskürək, bəlğəmdə qan, gecə tərləmələri, çəki itkisi və halsızlıq kimi əlamətlər ciddi xəbərdarlıq əlamətləridir və belə hallarda dərhal həkimə müraciət edilməlidir.
O əlavə edib ki, Türkiyədə vərəmlə mübarizə davamlı şəkildə aparılır və xəstələrin böyük hissəsi düzgün müalicə ilə tam sağala bilir. Lakin müalicənin uğurlu olması üçün dərmanların mütəmadi və tam şəkildə qəbul edilməsi vacibdir.
Vərəmin hava yolu ilə yayıldığını xatırladan mütəxəssis bildirib ki, xəstə insanın öskürməsi və ya asqırması nəticəsində mikroblar yayılır və xüsusilə qapalı, izdihamlı yerlərdə yoluxma asanlaşır. Buna görə erkən diaqnoz həm fərdi, həm də ictimai sağlamlıq üçün çox önəmlidir.
Risk qruplarına immun sistemi zəif olanlar, xroniki xəstələr, siqaret çəkənlər və düzgün qidalanmayanlar daxildir.
O həmçinin bildirib ki, vərəm qarşısı alına bilən xəstəlikdir. Körpəlikdə vurulan BCG peyvəndi ağır formalara qarşı qoruyucudur. Yaşayış yerlərinin havalandırılması, gigiyena qaydalarına əməl edilməsi və şübhəli hallarda həkimə erkən müraciət də qorunmada vacibdir.
Sonda vurğulanıb ki, uzun sürən öskürək kimi sadə görünən əlamətlər belə ciddi xəstəliyin göstəricisi ola bilər və heç vaxt laqeyd yanaşılmamalıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

