Avstraliyanın məşhur pərakəndə satış şirkəti Barbeques Galore uğursuz xilasetmə cəhdlərindən sonra fəaliyyətini dayandırıb. Nəticədə təxminən 500 əməkdaş işsiz qalacaq.
1977-ci ildə Max Mason tərəfindən yaradılan və manqal avadanlıqları ilə açıq hava mebelləri satan şirkət fevral ayında könüllü idarəetmə prosesinə daxil olmuşdu. Şirkəti xilas etmək üçün bir razılaşma hazırlanırdı, lakin bu həftə rəhbərlik həmin səylərin nəticəsiz qaldığını açıqlayıb.
Gələn həftədən etibarən şirkətə məxsus 62 mağaza mərhələli şəkildə bağlanacaq, franşiza əsasında fəaliyyət göstərən 27 mağaza üçün isə keçid tədbirləri görüləcək. Şirkət bildirib ki, bütün əməkdaşlara qanunla nəzərdə tutulan maaş və kompensasiyalar tam şəkildə ödəniləcək.
Parlaq qırmızı loqosu ilə tanınan bu brendin süqutu analitiklər tərəfindən “əfsanəvi bir markanın faciəli sonu” kimi qiymətləndirilib.
Şirkətin açıqlamasında qeyd olunub ki, təyin edilən idarəçilər markanın tam bağlanmasının və ya ləğvinin qarşısını almağa çalışıblar. Bunun üçün ev sahibləri və təchizatçılarla danışıqlar aparılaraq gələcək fəaliyyət üçün daha əlverişli ticarət şərtləri yaratmaq planlaşdırılırdı.
Lakin son həftələrdə bu danışıqlar heç bir razılaşma ilə nəticələnməyib. Buna görə də şirkətin fəaliyyəti dayandırılacaq və 16 iyundan etibarən aktivlərinin satışı başlanacaq.
Şirkət vurğulayıb ki, bütün əməkdaşların hüquqları və sosial ödənişləri tam şəkildə təmin ediləcək.
Bundan əlavə, hədiyyə kartlarından iyun ayının sonuna qədər istifadə etmək mümkün olacaq. Ancaq bunun üçün xüsusi şərt tətbiq olunub: müştəri hədiyyə kartındakı hər 1 Avstraliya dollarına görə özü əlavə 2 dollar xərcləməlidir.
Məsələn, 50 dollarlıq hədiyyə kartından istifadə etmək üçün müştəri özü 100 dollar ödəməli və ümumi alış-veriş məbləği 150 dollar olmalıdır.
Analitik Roger Montgomery bildirib ki, Avstraliyadakı mövcud iqtisadi vəziyyət çətinlik yaşayan bir şirkətin xilas edilməsini olduqca mürəkkəbləşdirir.
O, Australian Broadcasting Corporation kanalına açıqlamasında belə deyib:
“Bu, Avstraliyanın əfsanəvi pərakəndə satış markalarından biri üçün faciəli sonluqdur.”
Daha sonra isə əlavə edib:
“Əgər Avstraliyalılara manqal sata bilmirsinizsə, bəs onda kimə sata bilərsiniz?”
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

