Gundelik.az Dünya ABŞ vurulan hərbi helikopterə görə İrana zərbələr endirdi
Dünya Xəbərlər

ABŞ vurulan hərbi helikopterə görə İrana zərbələr endirdi

ABŞ Hörmüz boğazında Amerika hərbi helikopterinin vurulmasına cavab olaraq İranın hərbi və müşahidə obyektlərinə bir sıra hava zərbələri endirdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Hörmüz boğazı yaxınlığında hava hücumundan müdafiə sistemləri, idarəetmə mərkəzləri və radar qurğuları hədəfə alınıb.

Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ bazalarına qarşı hücumlar təşkil etdiyini bildirib. Məlumata görə, Bəhreyn və İordaniyadakı Amerika bazaları, həmçinin Küveyt istiqamətində həyata keçirilən hücumların qarşısı alınmağa çalışılıb.

ABŞ bu əməliyyatları bazar ertəsi vurulan Apache hərbi helikopterinə görə “mütənasib cavab” adlandırıb. İran tərəfi isə ABŞ-ın hücumlarını “qəddar və amansız” kimi qiymətləndirib.

CENTCOM daha əvvəl helikopterin iki ekipaj üzvünün Amerika pilotsuz dəniz vasitəsi tərəfindən xilas edildiyini açıqlamışdı. Bu, ABŞ ordusunun belə bir texnologiyadan istifadə etdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləməsi olub.

ABŞ rəsmilərinin sözlərinə görə, helikopterə hücum İranın istifadə etdiyi pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Lakin bir ABŞ rəsmisi CBS News-a bildirib ki, hücumun qəsdən olub-olmadığı hələ dəqiq məlum deyil. İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi isə ölkənin bu hadisəyə görə məsuliyyəti üzərinə götürmədiyini yazıb.

Bundan sonra ABŞ qırıcı təyyarələri İranın Hörmüz boğazı yaxınlığındakı hava müdafiə sistemlərini, idarəetmə məntəqələrini və müşahidə radarlarını vurub.

İran isə ABŞ zərbələri nəticəsində bir rabitə qülləsinin və iki su anbarının zədələndiyini bildirib. Hədəflər arasında İranın Cask (Jask), Sirik şəhərləri və Fars körfəzində yerləşən Qeşm adası da olub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, vurulan helikopter Hörmüz boğazında patrul xidməti aparırdı. O qeyd edib ki, hər iki pilot xilas olunub və xəsarət almayıb, lakin ABŞ bu hücuma cavab verməyə məcburdur.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson isə Trampın İrana qarşı hərbi əməliyyatların bərpası qərarını verdiyi vaxt onun yanında olduğunu deyib və bunun zəruri addım olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-a xəbərdarlıq edərək bəyan edib ki, İran heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq.

O, sosial şəbəkədə yazıb: “ABŞ döyüş meydanında uğursuzluğa düçar olsa da, bizim qətiyyətimizi sınamağa qərar verdi. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin.”

Əraqçi əlavə edib ki, İran ətrafında yerləşən xarici qüvvələr istənilən vaxt təsadüfi hadisələr və ya qarşıdurmaların arasında qalmaq riski ilə üz-üzədir və bu riskin azaldılması üçün ən yaxşı yol onların bölgəni tərk etməsidir.

Bu gərginlik İsrailin həmin gün Livanın cənubunda həyata keçirdiyi hücumlardan sonra daha da artıb. Tehran xəbərdarlıq edib ki, İsrailin Livana hücumları yeni cavab zərbələrinə səbəb ola bilər.

Bundan əvvəl İsrail və İran həftəsonu qarşılıqlı hücumlardan sonra atəşi dayandırmışdılar. Donald Tramp isə hər iki tərəfi dərhal silahlı əməliyyatları dayandırmağa çağıraraq bildirib ki, bunlar Vaşinqton və Tehran arasında aparılan danışıqlara zərər vurur.

Onun sözlərinə görə, tərəflər təcili atəşkəsə yaxınlaşırlar və yaxın bir neçə gün ərzində müsbət nəticə əldə oluna bilər. Tramp həmçinin qeyd edib ki, razılaşma baş tutarsa, Hörmüz boğazı yenidən açılacaq.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version