Təhlükəsizlik fokuslu Android alternativi olan GrapheneOS komandası Google və Apple-ı “təhlükəsizlik adı altında təqdim olunan, amma əslində rəqabətə zidd siyasətlər” yürütməkdə ittiham edir.
Son Google reCAPTCHA yeniləməsinə görə, əgər Windows, Linux və ya ümumiyyətlə smartfon olmayan bir cihazdan istifadə edirsinizsə, insan olduğunuzu təsdiqləmək üçün telefonla QR kod skan etməyiniz tələb oluna bilər.
Amma burada əsas məqam budur: istifadə edilən telefon hər telefon ola bilməz. O, ya Apple cihazı, ya da Google tərəfindən sertifikatlaşdırılmış Android telefonu olmalıdır.
Niyə bu vacibdir?
Əksər insanlar bunu sadəcə kiçik CAPTCHA yeniləməsi kimi görür. Amma əslində məsələ daha dərindir.
Google burada “hardware attestation” adlanan sistemi vebə gətirir. Bu sistem cihazın serverə onun rəsmi təsdiqlənmiş hardware və proqram təminatı ilə işlədiyini sübut etməsini tələb edir.
Apple bu məqsədlə Apple App Attest sistemindən, Google isə Google Play Integrity API sistemindən istifadə edir. Banklar və dövlət xidmətləri artıq bu cür yoxlamalardan istifadə etməyə başlayıblar.
İndi isə eyni sistemin vebə tətbiq olunması planlaşdırılır. Bunun nəticəsində daha “standart olmayan” telefonlar və ya GrapheneOS kimi məxfilik yönümlü sistemlər istifadə edən insanlar bəzi xidmətlərə daxil ola bilməyəcək.
Mənbə:Digital Trends
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

