Yeni bir araşdırmaya görə, hava çirkliliyindən ölüm riski yoxsulluq səviyyəsinin yüksək olduğu və bərpa olunan enerjidən az istifadə edildiyi bölgələrdə ən yüksəkdir. “Nature” jurnalında dərc olunan araşdırmalar göstərir ki, yoxsulluq artdıqca hava çirkliliyinə qarşı həssaslıq da artır.
“Məsələ təkcə yoxsul ərazilərin daha çox çirklənməsi ilə bağlı deyil”, – deyə Barselona Qlobal Səhiyyə İnstitutunun (ISGlobal) tədqiqatının aparıcı müəllifi Zhaoyue Çen bildirib.
Çen qeyd edib ki, varlı ərazilərdə ümumiyyətlə daha yaxşı təchiz olunmuş səhiyyə sistemləri, daha əhatəli ictimai səhiyyə proqramları, hava çirkliliyinin təsirləri barədə daha yüksək ictimai məlumatlılıq və ətraf mühit siyasətini həyata keçirmək qabiliyyəti var. O əlavə etdi ki, “Hər bölgə və dövr üçün hava çirkliliyindən qaynaqlanan ölüm riskinin kəmiyyətcə hesablanması ən həssas icmaları daha dəqiq müəyyən etməyə kömək edə bilər”.
Barselona Qlobal Səhiyyə İnstitutu (ISGlobal) və Barselona Superkompüter Mərkəzi arasında əməkdaşlıq çərçivəsində aparılan tədqiqatda 2003-2019-cu illər arasında 31 Avropa ölkəsində 88 milyondan çox ölüm hadisəsi ilə bağlı məlumatlar təhlil edilib.
Tədqiqatçılar hava çirkliliyinin sağlamlıq risklərinin yalnız çirklənmə səviyyələri ilə deyil, həm də insanların həssaslığı ilə müəyyən edildiyini aşkar ediblər.
Bölgələr oxşar hava çirkliliyinə məruz qaldıqda belə, sosial-iqtisadi və demoqrafik şəraitə görə sağlamlıq nəticələri əhəmiyyətli dərəcədə dəyişə bilər. Tədqiqata görə, adambaşına düşən ÜDM-in yüksək olduğu, yoxsulluq səviyyəsinin aşağı olduğu və ömür uzunluğunun daha uzun olduğu bölgələrdə – əsasən Şimali və Qərbi Avropada – hava çirkliliyindən ölüm riski daha aşağıdır.
Əksinə, risklər Cənubi və Şərqi Avropa bölgələrində xeyli yüksəkdir; bəzi yerlərdə onlar sosial-iqtisadi cəhətdən daha yaxşı vəziyyətdə olan bölgələrə nisbətən iki dəfə yüksəkdir.
Tədqiqatın baş müəllifi Joan Ballester Claramunt bildirib ki, “Qərbi Avropa ölkələri ümumiyyətlə təmiz enerjiyə, yaşıl infrastruktura və daha sərt emissiya nəzarətinə daha çox resurs ayırmağa meyllidirlər”.
O əlavə edib ki, Şərqi Avropa ölkələri tez-tez xarici maliyyələşdirmədən daha çox asılıdırlar və hələ də bərpa olunan enerjinin çirklənməyə nəzarət tədbirləri ilə inteqrasiyasının ilkin mərhələsindədirlər.
Mənbə:Euronews
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

