İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Süni intellekt dəstəkli dələduzluq həyəcanı: Zərər 68 milyard dollara çatdı

ABŞ-də aparılan yeni araşdırma göstərir ki, süni intellekt və saxta görüntü və səs yaratma texnologiyalarından istifadə edən dələduzluq halları ciddi şəkildə artıb. Gallup və Stop Scams Alliance təşkilatlarının birgə keçirdiyi sorğuya əsasən, ötən il ABŞ-da uğurla həyata keçirilən dələduzluq hadisələrinin 12 faizində süni intellekt texnologiyalarından istifadə olunub.

Yanvar və fevral aylarında 5 min 173 yetkin şəxsin iştirak etdiyi sorğunun nəticələrinə görə, ötən il ABŞ-də yetkin əhalinin təxminən 6 faizini təşkil edən, yəni 15 milyona yaxın insan dələduzluğun qurbanı olub.

Araşdırmada qeyd olunur ki, məlumatlar zərərçəkənlərin öz bəyanlarına əsaslanır. Mütəxəssislər bildirirlər ki, süni intellektdən istifadəni müəyyən etmək çətin olduğundan, faktiki göstəricilər açıqlanan rəqəmlərdən daha yüksəkdir.

Maddi zərər 68 milyard dollara çatıb

Stop Scams Alliance təşkilatının təsisçisi və baş icraçı direktoru Ken Westbrook bildirib ki, dələduzlar artıq mütəşəkkil cinayət şəbəkələri kimi fəaliyyət göstərir və texnologiyadan kütləvi hücumlar üçün istifadə edirlər.

Onun sözlərinə görə, ötən il ABŞ-də dələduzluq nəticəsində qeydə alınan ümumi maliyyə zərəri 68 milyard dollara çatıb. Bu məbləğ dünyanın iri aviaşirkətlərindən birinin illik gəliri ilə müqayisə olunur.

Araşdırma həmçinin rəsmi qurumların statistikası ilə real itkilər arasında ciddi fərq olduğunu üzə çıxarıb. Sorğu iştirakçılarının bildirdiyi ümumi zərər məbləği Federal Ticarət Komissiyasına (FTC) edilən şikayətlərdə göstərilən rəqəmdən təxminən dörd dəfə çox olub.

Mütəxəssislər hesab edirlər ki, çox sayda dələduzluq hadisəsinin rəsmi qurumlara bildirilməməsi problemin real miqyasını müəyyənləşdirməyi çətinləşdirir və bu sahədə mübarizə üçün ayrılan resursların yetərsiz qalmasına səbəb olur.

Psixoloji təsirlər daha ağırdır

Sorğuda iştirak edənlərin 75 faizi dələduzluğun onların psixoloji sağlamlığına və ümumi rifahına mənfi təsir göstərdiyini bildirib.

Ken Vestbruk vurğulayıb ki, dələduzluğun yaratdığı emosional zərbə bəzən maliyyə itkisindən daha ağır olur və qurbanların uzun müddət psixoloji çətinliklər yaşamasına səbəb olur.

Araşdırmanın digər diqqətçəkən nəticələri:

Hər dörd amerikalıdan biri həyatının müəyyən dövründə dələduzluğun qurbanı olduğunu bildirib.

Zərərçəkənlərin 21 faizi ciddi, 46 faizi isə orta səviyyədə maliyyə çətinliyi ilə üzləşib.

Ən geniş yayılmış dələduzluq üsulu saxta internet saytlarıdır və bütün halların 40 faizini təşkil edir.

Telefon zəngləri, SMS-lər və elektron poçt mesajları da dələduzluq cəhdlərinin təxminən yarısında istifadə olunan əsas vasitələr sırasındadır.

Dələduzluq halları aşağı gəlirli insanlar, azlıq qrupları və ali təhsili olmayan şəxslər arasında daha çox müşahidə olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az