SpaceX-in 12 iyunda baş tutması gözlənilən birjaya çıxışı (IPO) ilə şirkətdə 4 mindən çox hazırkı və keçmiş işçinin milyonçu olacağı bildirilir. Eyni zamanda, şirkətin obyektlərinin yerləşdiyi bölgələrdə daşınmaz əmlak bazarının da canlanacağı proqnozlaşdırılır.
New York Times-ın (NYT) Hill.com investisiya platformasının məlumatlarına əsasən hazırladığı xəbərə görə, SpaceX-in birjaya çıxmasından sonra 4 400-dən çox hazırkı və keçmiş işçi milyonçu statusu qazanacaq.
Bu işçilərin təxminən 400-nün isə 100 milyon dollardan çox sərvətə sahib olacağı bildirilir.
Təxminən 22 min işçisi olan SpaceX-in bu həftə səhm başına 135 dollardan birjaya çıxması planlaşdırılır. Bu qiymətləndirməyə əsasən şirkətin bazar dəyəri 1,77 trilyon dollara çata bilər.
Bu dəyər ABŞ-ın texnologiya nəhəngi General Electric-in (GE) bazar dəyərinin təxminən 5 qatına bərabərdir.
Şirkət ilin birinci rübündə böyük zərər açıqlasa da, Moody’s, Fitch və S&P kimi beynəlxalq reytinq agentliklərindən investisiya dərəcəli kredit reytinqi almağı bacarıb.
Ümumilikdə IPO proseslərində sərvət adətən qurucular və erkən investorların əlində cəmləşir. Lakin bu dəfə minlərlə işçinin eyni anda böyük sərvət əldə etməsi nadir hal kimi qiymətləndirilir.
Hill.com-un qurucusu Andrew Benson 100 milyon dollardan çox sərvətə sahib 400 nəfərin olması faktını “çox nadir görünən vəziyyət” kimi dəyərləndirib.
Halka açılmadan ən böyük qazanan isə şirkətin baş icraçı direktoru (CEO) Elon Musk olacaq. SpaceX-də təxminən 42% paya sahib olan Musk-ın bu listinqdən sonra dünyanın ilk trilyon dollarlıq sərvətinə yaxınlaşa biləcəyi deyilir.
Şirkətə erkən dövrdə qoşulan işçilər də böyük qazanc əldə ediblər.
2011-ci ildə SpaceX-də işləməyə başlayan Trevor Hise 100 mindən çox səhm alıb. NYT onun səhmlərinin dəyərinin ən az 13,5 milyon dollara çatacağını yazır.
2012-ci ildə şirkətə qoşulan keçmiş fırlatma mühəndisi Gavin Pretty də maaşla yanaşı səhm alaraq böyük qazanc əldə edənlərdəndir.
Lakin hər kəs bu fürsətdən yararlana bilməyib. Bəzi işçilərin şirkətin gələcəkdə IPO edəcəyinə inanmadığı üçün səhmlərini hətta restoran hədiyyə kartları ilə dəyişdiyi də bildirilir.
IPO-nun yaratdığı sərvət artımının SpaceX-in Texasdakı Brownsville bölgəsində yerləşən “Starbase” fırlatma bazası ətrafında daşınmaz əmlak bazarını da canlandıracağı gözlənilir.
Mütəxəssislər işçilərin maaşdan çox səhm formasında qazandığını, buna görə də IPO sonrası bölgəyə böyük pul axını olacağını bildirirlər. Yerli rieltorlar isə artıq ABŞ-ın müxtəlif ştatlarından ev almaq üçün müraciətlərin artdığını deyirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

