Gundelik.az Dünya Hind okeanında indiyədək ən dərin və ən böyük balina qəbiristanlığı aşkar olunub
Dünya Xəbərlər

Hind okeanında indiyədək ən dərin və ən böyük balina qəbiristanlığı aşkar olunub

Hind okeanının cənub-şərqində aparılan araşdırmalar zamanı yaşı 5 milyon ildən çox olan fosillərin yer aldığı, indiyədək qeydə alınmış ən dərin və ən geniş balina qəbiristanlığı aşkarlanıb.

İtaliya, Çin və Yeni Zelandiyadan olan alimlər dərin dəniz aparatı ilə Hind okeanının cənub-şərqində yerləşən Diamantina bölgəsindəki sualtı xəndəklər və dağlıq əraziləri tədqiq ediblər.

Tədqiqatçılar 2023-cü ildə həyata keçirdikləri 32 dalış zamanı dəniz dibində 485 balina fosili sahəsi və güclü şəkildə çürümüş 5 yeni balina cəsədi aşkar ediblər. Bu qalıqlar təxminən 7 min metr dərinlikdə yerləşir. Halbuki, indiyədək tapılan balina qalıqlarının böyük hissəsi 4 kilometrdən daha az dərinlikdə qeydə alınmışdı.

Alimlərin fikrincə, şimal-qərbdən cənub-şərqə doğru təxminən 1200 kilometr uzanan bu ərazi əvvəllər məlum olmayan “balina qalıqları super dəhlizi” ola bilər.

Araşdırma zamanı təxminən 5,3 milyon il əvvələ aid, nəsli kəsilmiş dimdikli balina növü Pterocetus benguelae-yə məxsus fosilləşmiş kəllə sümüyü, eləcə də elm üçün yeni olan Pterocetus diamantinae növünə aid başqa bir kəllə sümüyü də tapılıb.

Mütəxəssislər çürüməkdə olan balina qalıqları üzərində xərçəngkimilər, molyusklar, sümüklərlə qidalanan qurdlar və kövrək dəniz ulduzları da daxil olmaqla çoxsaylı canlı növlərinin yaşadığını müəyyən ediblər.

Tədqiqatın müəlliflərindən biri, İtaliyanın Pisa Universitetinin alimi Covanni Bianuççi bildirib ki, bu kəşf işığın çatmadığı və təzyiqin son dərəcə yüksək olduğu dərin dəniz mühitində canlıların necə uyğunlaşdığını anlamağa imkan yaradır.

Araşdırmanın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunub.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version