Gundelik.az Dünya Qlobal temperatur artımı 4 il ərzində 1,5 dərəcə həddini aşa bilər
Dünya Xəbərlər

Qlobal temperatur artımı 4 il ərzində 1,5 dərəcə həddini aşa bilər

Alimlər müəyyən ediblər ki, Yer kürəsi getdikcə daha sürətlə istilik toplayır və 2025-ci ildə qlobal temperatur sənaye inqilabından əvvəlki (1850-1900) orta göstərici ilə müqayisədə 1,37 dərəcə Selsi yüksəlib. Mütəxəssislər hesab edirlər ki, bu templə davam edərsə, təxminən 4 il ərzində 1,5 dərəcəlik kritik hədd keçilə bilər.

17 ölkədən 56 elmi qurumun 70-dən çox aliminin hazırladığı və Avropa Komissiyasının sifarişi ilə Copernicus İqlim Dəyişikliyi Xidməti (C3S) tərəfindən yayımlanan hesabatda bildirilib ki, iqlim sistemi sürətlə istiləşməkdə davam edir.

Hesabata görə:

2016-2025-ci illər dövründə orta qlobal istiləşmə 1,26 dərəcə olub.

2024-cü ildə əsasən fosil yanacaqların istifadəsi nəticəsində yaranan istixana qazı emissiyaları 56,8 milyard ton karbon qazı ekvivalenti ilə tarixdə ən yüksək səviyyəyə çatıb.

2025-ci il müşahidələr tarixində ən isti üçüncü il kimi qeydə alınıb.

İnsan fəaliyyəti əsas səbəb sayılır

C3S-in İqlim Strategiyası üzrə rəhbəri Samantha Burgess bildirib ki, son on ildə baş verən istiləşmənin demək olar ki, hamısı insan fəaliyyətinin nəticəsidir. Onun sözlərinə görə, bunun təsirləri artıq dünyanın müxtəlif bölgələrində insanların yaşayışına və ekosistemlərə ciddi zərər vurur.

İngiltərə Meteorologiya Xidmətinin mütəxəssisi Matt Palmer isə qeyd edib ki, rekord həddə çatan istixana qazı emissiyaları atmosferdə daha çox istiliyin toplanmasına və Yer kürəsinin enerji balansının pozulmasına səbəb olur.

Dənizlər və okeanlar da təhlükə altındadır

Cənubi Koreyanın Pusan Milli Universitetinin professoru June-Yi Lee bildirib ki, dəniz isti hava dalğalarının sayı sürətlə artır. 1991-2025-ci illər arasında bu hadisələrin yaşandığı günlərin sayı dünya üzrə üç dəfədən çox artıb.

Bu proses:

dəniz ekosistemlərinə zərər vurur,

ərzaq istehsalını və iqtisadiyyatı təhdid edir,

sahil mühafizə sistemlərini zəiflədir,

quru ərazilərdə ekstremal hava hadisələrinin daha da şiddətlənməsinə səbəb ola bilir.

Dəniz səviyyəsi rekord həddə yüksəlib

Niderland Kral Dəniz Araşdırmaları İnstitutunun tədqiqatçısı Aimee Slangen bildirib ki, 2025-ci ildə qlobal dəniz səviyyəsi yeni rekorda çatıb. 1901-ci ildən bəri dəniz səviyyəsi ümumilikdə 23 santimetr yüksəlib və bu artımın sürəti getdikcə artır.

Alimlər xəbərdarlıq edirlər ki, hətta belə görünüşcə kiçik artımlar belə alçaq sahil bölgələrində daşqın riskini artırır, insanların dolanışığına və təbii ekosistemlərə ciddi ziyan vurur.

Ekspertlərin fikrincə, Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcə hədəfinə yaxınlaşmamaq üçün ölkələr 2030-cu ilə qədər karbon emissiyalarını azaltmaq və karbonsuzlaşma tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirmək məcburiyyətindədirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version