Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, “Hərəkət yaşını öyrən , sağlam yaşa ” kampaniyası çərçivəsində bir ay ərzində ölkə boyu vətəndaşların “hərəkət yaşı” ölçüləcək və cəmiyyətdə müntəzəm fiziki aktivlik vərdişlərinin formalaşdırılması təşviq ediləcək.
Nazir kampaniyanın təqdimat mərasimində çıxış edərək vurğulayıb ki, sağlam cəmiyyət qurmaq əsas məqsədlərdən biridir və sağlamlıq olmadan xoşbəxt həyat mümkün deyil. O, hər kəsi sağlam qalmaq üçün daha fəal həyat tərzi sürməyə çağırıb.
Memişoğlu qeyd edib ki, Türkiyədə ailə həkimləri, icma sağlamlıq mərkəzləri və sağlam həyat mərkəzləri vasitəsilə təxminən 1,5 milyon səhiyyə işçisi həm müalicə, həm də profilaktik xidmətlər göstərir. Onun sözlərinə görə, cəmiyyətin sağlamlığı üçün ən böyük risklər artıq çəki, hərəkətsizlik və müxtəlif asılılıqlardır.
Nazir xatırladıb ki, ötən il həyata keçirilən “çəkini öyrən , sağlam yaşa ” kampaniyası çərçivəsində təxminən 10 milyon insanın boy və çəki göstəriciləri ölçülüb. Ehtiyacı olan şəxslər dietoloqlara və sağlam həyat mərkəzlərinə yönləndirilib, nəticədə vətəndaşların ümumilikdə 513 ton çəki itirməsinə dəstək göstərilib.
Yeni kampaniya ilə isə insanların yalnız düzgün qidalanma deyil, həm də fizioterapevtlərin nəzarəti altında həyata keçirilən məşqlər vasitəsilə sağlamlıqlarını qoruya bilmələri hədəflənir. Nazir bildirib ki, aktiv həyat tərzi sağlam qalmağın əsas şərtlərindən biridir.
Memişoğlu əlavə edib ki, hazırda Türkiyədə fəaliyyət göstərən 348 Sağlam Həyat Mərkəzində dietoloq və fizioterapevt xidmətləri, hamiləlik məktəbləri, xərçəng müayinələri də daxil olmaqla 17 müxtəlif xidmət pulsuz təqdim olunur. Bu xidmətlər üçün həm MHRS sistemi, həm də ailə həkimləri vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Nazirin sözlərinə görə, ötən il 7,7 milyon vətəndaş xərçəng müayinəsinə dəvət edilib və 28 mindən çox insanda xəstəlik erkən mərhələdə aşkar edilərək müalicəyə başlanılıb.
Kampaniya çərçivəsində vətəndaşların “hərəkət yaşı” müxtəlif fiziki testlərlə müəyyənləşdirilir. Ehtiyacı olan şəxslər isə sağlam həyat mərkəzlərində fiziki aktivlik və məşq proqramlarına yönləndirilirlər.
Tədbirin sonunda nazir sağlam həyat tərzini təşviq etmək məqsədilə velosiped sürüb və vətəndaşlarla basketbol oynayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

