Gundelik.az Dünya Maqnezium dəbi sürətlə yayılır: Bəs hər kəs üçün faydalıdırmı?
Dünya Xəbərlər

Maqnezium dəbi sürətlə yayılır: Bəs hər kəs üçün faydalıdırmı?

Yuxu pozğunluğundan əzələ qıcolmaları, yorğunluq və stressə qədər bir çox problem üçün adı tez-tez hallanan maqnezium son dövrlərin ən populyar qida əlavələrindən birinə çevrilib. Lakin onu şüursuz şəkildə qəbul etmək müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Bir vaxtlar yalnız idmançılar və sağlam həyat tərzi ilə maraqlananların diqqət mərkəzində olan maqnezium indi gündəlik həyatın ən çox müzakirə olunan sağlamlıq mövzularındandır. “Yuxu üçün istifadə edilməlidir?”, “Hansı növü daha təsirlidir?”, “Ən yaxşı maqnezium hansıdır?” kimi suallar getdikcə daha çox səslənir.

Maqneziumun faydası nədir?

Sağlamlıq Elmləri Universitetinin Hamidiyə Əczaçılıq Fakültəsinin Farmakologiya kafedrasının müəllimi dosent Mehmet Evren Okurun sözlərinə görə, maqnezium orqanizmdə 300-dən çox ferment reaksiyasında iştirak edən vacib mineraldır.

Onun əsas funksiyaları bunlardır:

Əzələlərin yığılması və işləməsi;

Qanda şəkərin tənzimlənməsi;

Ürək ritminin qorunması;

Sümük sağlamlığının dəstəklənməsi;

Sinir sisteminin normal fəaliyyəti.

Maqnezium çatışmazlığı zamanı:

əzələ qıcolmaları,

ətraflarda qarışqalanma və keyimə,

yorğunluq hissi kimi əlamətlər yarana bilər.

Niyə maraq bu qədər artıb?

Mütəxəssisin fikrincə, bunun əsas səbəbi tibbdə profilaktik və qoruyucu yanaşmanın ön plana çıxmasıdır. Son 20-30 ildə D vitamini, omeqa yağ turşuları və maqnezium kimi orqanizm üçün vacib maddələrin əhəmiyyəti daha çox vurğulanmağa başlayıb.

Bir çox qidada olsa da, çatışmazlıq geniş yayılıb

Maqnezium yaşıl yarpaqlı tərəvəzlərdə, paxlalılarda və müxtəlif dənli bitkilərdə mövcuddur. Buna baxmayaraq, araşdırmalar göstərir ki, bir çox insan gündəlik qidalanma ilə kifayət qədər maqnezium ala bilmir.

Məlumatlara görə:

Qərb ölkələrində insanların təxminən 50 faizi qidadan kifayət qədər maqnezium qəbul etmir;

ABŞ-da aparılan bəzi tədqiqatlarda əhalinin təxminən 15 faizində maqnezium çatışmazlığı aşkar olunub.

Bəzi insanlar daha çox ehtiyac duyur

Aşağıdakı qruplarda maqnezium ehtiyacı daha yüksək ola bilər:

Kron xəstəliyi olanlar;

Çölyak xəstələri;

2-ci tip diabet xəstələri;

İnsulin müqaviməti olan şəxslər;

Yaşlı insanlar;

Uzun müddət mədə turşusunu azaldan dərmanlar qəbul edənlər;

Bəzi diabet müalicələri alan şəxslər.

Həmçinin, sağlam yaşlı qadınlarda fiziki aktivliyi dəstəkləyə və intensiv idmandan sonra əzələ ağrılarını azaltmağa kömək edə bilər.

Maqneziumu özbaşına qəbul etmək olmaz

Mütəxəssislər sosial şəbəkələrdə və ya yaxınların məsləhəti ilə maqnezium qəbul etməyi doğru hesab etmirlər. Hansı növün, hansı dozada və hansı məqsədlə istifadə olunacağı yaşa, cinsə, mövcud xəstəliklərə və qəbul edilən dərmanlara görə dəyişə bilər.

Məsələn:

aktiv idmançılar üçün seçim fərqli ola bilər;

yaşlı qadınlarda istifadə xüsusiyyətləri dəyişə bilər;

yuxu problemləri, depressiya və miqren zamanı seçilən maqnezium formaları bir-birindən fərqlənə bilər.

Həddindən artıq qəbulun da riski var

Mütəxəssislər maqnezium əlavələrinin etibarlı mənbələrdən, xüsusilə apteklərdən alınmasını tövsiyə edirlər. İnternet üzərindən satılan saxta məhsullar risk yarada bilər.

Tövsiyə olunan dozadan artıq qəbul edildikdə nadir hallarda maqnezium zəhərlənməsi baş verə bilər. Bu zaman əsas əlamətlər:

ishal,

baş ağrısı,

ümumi narahatlıq hissi ola bilər.

Xüsusilə böyrək xəstəliyi və ya böyrək çatışmazlığı olan şəxslər diqqətli olmalıdırlar. Çünki maqnezium orqanizmdən böyrəklər vasitəsilə xaric edilir və bu şəxslərdə onun yığılması ciddi fəsadlara səbəb ola bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version