Müasir dünyada cəmiyyətlərin üzləşdiyi sosial problemlər getdikcə daha mürəkkəb və çoxşaxəli xarakter alır. Qloballaşma, texnoloji inkişaf və sürətlə dəyişən həyat tərzi bir tərəfdən imkanlar yaratsa da, digər tərəfdən mənəvi dəyərlərin aşınması, ailə institutunun zəifləməsi, sosial ədalətsizlik və insanlar arasında münasibətlərin korlanması kimi ciddi problemləri də gündəmə gətirir. Bu proseslər xüsusilə inkişaf etməkdə olan cəmiyyətlər üçün daha ağrılı nəticələr doğurur.
Cəmiyyətdə baş verən bu dəyişikliklərin səbəbləri və mümkün çıxış yolları ilə bağlı sosioloq Elçin Bayramov aktual mövqeyini bölüşür. O, müsahibəsində mənəvi deqradasiya, sosial-iqtisadi çətinliklər, gender rollarının transformasiyası və sosial ədalət anlayışının cəmiyyət üçün həyati əhəmiyyət daşıdığını vurğulayır.
Elçin müəllim, müasir cəmiyyətlərin ən önəmli sosial problemi nədir?
— Müasir cəmiyyətimizin iki əsas və olduqca təhlükəli problemi var. Bunlardan biri mənəvi deqradasiya, digəri isə sosial-iqtisadi vəziyyətdir. Mənəvi deqradasiya xüsusilə son 30–35 ildə, sovet dövründən sonra “müasirlik”, “qadın azadlığı”, “gender bərabərliyi” kimi anlayışlar adı altında aparılan təbliğatların nəticəsində formalaşıb. Bu proses gənclərin düşüncə tərzinə ciddi təsir göstərib, Qərb dəyərlərinin nəzarətsiz şəkildə yayılmasına və milli-mənəvi dəyərlərimizə qarşı münasibətin dəyişməsinə səbəb olub.
Televiziya kanallarında, şou proqramlarda, seriallarda və sosial mediada bu tip təbliğatın geniş yayılması cəmiyyət üçün ağır fəsadlar doğurur. Nəticədə milli genofond zədələnir, boşanmaların sayı rekord həddə çatır, ailə qurmaq və uşaq sahibi olmaq meyli kəskin şəkildə azalır.
Millət həm mənəvi, həm də sosial-fiziki baxımdan təhlükəli mərhələyə qədəm qoyur. Bu prosesin qarşısı alınmalıdır. Milli-mənəvi dəyərləri zəiflədən təbliğatlar dayandırılmalı, cəmiyyətin əsas sütunlarını sarsıdan yanaşmalara qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülməlidir. Dövlətin əsas vəzifəsi əhalinin mənəvi və fiziki sağlamlığını qorumaqdır.
Sosial ədalət prinsipləri cəmiyyətdə necə təmin olunmalıdır?
— Sosial ədalət sağlam cəmiyyətin əsas dayağıdır. Cəmiyyətin bütün üzvləri ölkənin imkanlarından bərabər şəkildə faydalanmalıdır. Təəssüf ki, hazırda ciddi sosial bərabərsizlik mövcuddur. Əhalinin kiçik bir hissəsi yüksək rifah içində yaşayır, böyük əksəriyyət isə gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.
Sosioloqların cəmiyyətin inkişafında rolu nə qədər əhəmiyyətlidir?
— Cəmiyyətdə sosial problemlərlə mübarizədə iki əsas institut var: sosioloqlar və jurnalistlər. Sosioloqlar problemləri araşdırır, analiz edir və dövlətə təqdim edir. Jurnalistlər isə bu problemləri ictimaiyyətə çatdırır. Lakin ictimai dəstək olmadan bu proses effektiv nəticə verə bilməz.
Müasir dövrdə insanlar arasında münasibətlərin keyfiyyəti necə dəyişib?
— Təəssüf ki, münasibətlər bəzi hallarda bu istiqamətlər dəyişir. İnsanlar bəzən eqoist və fərdiyyətçi olurlar. Dostluq, qonşuluq və ailə münasibətləri zəifləyib, fədakarlıq anlayışı arxa plana keçib. Sağlam cəmiyyət sağlam ailə modelinə və sosial ədalət prinsipinə əsaslanmalıdır.
Hazırladı: Fəridə Sadıqzadə
Gundelik.az
