İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Sosial şəbəkələrdə “ideal həyat” görüntüsünün reallıqal təzadı

Hazırki  dövrdə sosial şəbəkələr və media insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnformasiya bolluğu, sürətli kommunikasiya imkanları və qlobal əlaqələrin genişlənməsi bir tərəfdən cəmiyyətin inkişafına təkan versə də, digər tərəfdən yeni sosial və psixoloji çağırışlar da yaradır. Bu proseslərin insan davranışına və ictimai düşüncəyə təsirini daha dərindən anlamaq üçün Gundelik.az xəbər portalının suallarını sosioloq, sosial psixoloq Naib Niftəliyev cavablandırıb.

Sosial şəbəkələrdə “ideal həyat” görüntüsü insanlara necə təsir edir?

— Sosial şəbəkələr insanların maddi məqsədlərini və həyat hədəflərini formalaşdırmaq baxımından mühüm vasitədir. Lakin burada təqdim olunan uğur modeli çox zaman şişirdilir və reallıqdan uzaqlaşdırılır. Filmlərdə gördüyümüz həyat tərzi sosial şəbəkələr vasitəsilə daha intensiv şəkildə təqdim olunur və insanlar bunu gerçəklik kimi qəbul etməyə başlayırlar.

Bu, müəyyən mənada müsbət təsir də yaradır – insan daha çox çalışmaq, inkişaf etmək və yüksək məqsədlərə çatmaq istəyir. Lakin digər tərəfdən, bu gözləntilər reallıqla üst-üstə düşmədikdə ciddi psixoloji və sosial problemlər meydana çıxır. İnsanlar çətinlikləri normal yollarla həll etmək əvəzinə, onları böyüdərək ictimai müzakirəyə çıxarır və nəticədə vəziyyət daha da mürəkkəbləşir.

Bu hal “çıxılmazlıq sindromu” kimi xarakterizə oluna bilər. İnsan ideal həyat axtarışında real həyatdan uzaqlaşır, sosial şəbəkələrdə təqdim olunan süni və ideallaşdırılmış obrazları öz həyatına tətbiq etməyə çalışır. Nəticədə isə doğru ilə yanlışı ayırmaq çətinləşir və fərd müxtəlif mənfi təsirlərə məruz qalır.

Media sosial problemləri işıqlandırarkən nəyi səhv edir?

— Medianın sosial problemləri işıqlandırarkən riayət etməli olduğu əsas prinsiplər obyektivlik, qərəzsizlik və maarifləndirmədir. Lakin bir çox hallarda bu prinsiplər arxa plana keçir, onların yerini reytinq və kommersiya maraqları tutur.

Bu zaman cəmiyyətin daha çox diqqətini cəlb edən, bəzən isə kriminallaşmış həyat tərzi normallaşdırılır və hətta müəyyən mənada “dəb” kimi təqdim olunur. Nəticədə insanlar problemlərin həlli üçün qeyri-etik və qeyri-qanuni yolları qəbul edilən davranış kimi görməyə başlayırlar.

Digər ciddi problem etik qaydaların pozulmasıdır. Xüsusilə sosial cəhətdən həssas qrupların şəxsi məlumatlarının, görüntülərinin və ünvanlarının açıq şəkildə təqdim olunması onların cəmiyyətdə stigmatizasiyasına, sosial təcridə və təzyiqə məruz qalmasına səbəb olur.

Media çox vaxt problemlərin səbəblərini araşdırmaq əvəzinə, yalnız nəticələr üzərində fokuslanır. Halbuki müasir media yalnız məlumat verən deyil, eyni zamanda ictimai rəyi formalaşdıran güclü sosial institutdur. Bu baxımdan onun məsuliyyəti də böyükdür.

Media sosial problemləri işıqlandırarkən tədqiqatçı yanaşmanı gücləndirməli, sosioloji araşdırmalara və mütəxəssis rəylərinə istinad etməlidir. Sosial elmlərin nəticələrindən istifadə, maarifləndirici məzmunun artırılması və yeni texnologiyaların, o cümlədən süni intellektin imkanlarından səmərəli istifadə bu sahədə mühüm rol oynaya bilər.

Müasir media öz fəaliyyətinə tənqidi və sağlam yanaşaraq, cəmiyyət qarşısındakı məsuliyyətini daha dərindən dərk etməli və informasiya idarəçiliyi dövründə daha balanslı və etik mövqe sərgiləməlidir.

Tərtb etdi:Səid Mikayılzadə
Gundelik.az