Yaxın Şərqdə davam edən gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyənlik qlobal iqtisadiyyatla yanaşı, region ölkələrinin sosial-iqtisadi həyatına da təsirsiz ötüşmür. Enerji resurslarının daşınmasında mühüm rol oynayan bu strateji keçid nöqtəsində baş verən proseslər təkcə neft və qaz bazarına deyil, həm də ərzaq təhlükəsizliyinə, qiymət sabitliyinə və cəmiyyətin davranış modellərinə birbaşa təsir göstərir.
Mövzunun sosial və iqtisadi aspektlərini daha dərindən təhlil etmək üçün Gundelik.az xəbər portalı tanınmış sosioloq Naib Niftəliyev ilə həmsöhbət olub.
Hörmüz boğazının bağlanması regionda hansı ilkin təsirlərə səbəb ola bilər?
– Hörmüz boğazının bağlanması, ilk növbədə, regional logistika əlaqələrinin məhdudlaşmasına gətirib çıxara bilər. Bu isə neft və enerji resurslarının daşınmasında müəyyən baryerlər və çətinliklər yaradır. Tərəflərin – həm İranın, həm də ABŞ-ın – geri çəkilməyə tələsməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Nəticədə, xüsusilə bu marşrutdan asılı olan məhsulların qiymətində artım və təchizatda məhdudlaşma ehtimalı yaranır.
Bu vəziyyət ərzaq bazarına necə təsir edə bilər?
– Region ölkələrində müəyyən ərzaq məhsullarının bahalaşması mümkündür. Xüsusilə Hörmüz boğazı vasitəsilə daşınan məhsulların qiymətində artım müşahidə oluna bilər. Münaqişəyə yaxın ərazilərdə yaşayan əhalinin ərzaq ehtiyatı toplaması, panik davranışlar nümayiş etdirməsi isə təbii və gözləniləndir.
Bununla belə, qlobal miqyasda yanaşdıqda, hazırda kütləvi ərzaq qıtlığı gözlənilmir. Çünki dünya üzrə ərzaq resursları və iqtisadi imkanlar kifayət qədər diversifikasiyaya malikdir.
Münaqişənin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?
– Hazırda tərəflər arasında açıq genişmiqyaslı quru əməliyyatları müşahidə olunmur. Daha çox lokal toqquşmalar, raket zərbələri və hava hücumları baş verir. Münaqişə müəyyən fasilələrlə davam edir və tərəflərin heç biri hələ ki, üstünlük qazana bilməyib. Eyni zamanda, diplomatik kanallar da tam bağlanmayıb və müəyyən atəşkəs elementləri müşahidə olunur.
Bu prosesin uzunmüddətli təsirləri nədən ibarət ola bilər?
– Uzunmüddətli perspektivdə bu vəziyyət bazarlara daha ciddi təsir göstərə bilər. Xüsusilə enerji resurslarının qiymətinin artması zəncirvari şəkildə ərzaq qiymətlərinə də təsir edir. Yəni birbaşa qıtlıq olmasa belə, bahalaşma qaçılmazdır.
Əgər münaqişə dərinləşər və Hörmüz boğazında açıq hərbi əməliyyatlar başlasa, bu, artıq yalnız lokal deyil, daha geniş regional təsirlərə səbəb ola bilər.
İran faktorunun region ölkələri üçün əhəmiyyəti nədir?
– İran bir çox region ölkələri üçün əlverişli qiymətlərlə ərzaq və sənaye məhsulları ixrac edən mühüm tərəfdaşdır. Bu məhsulların tədarükündə məhdudiyyətlər yaranarsa, həmin ölkələrdə qiymət artımı qaçılmaz olacaq. Eyni zamanda İranın alıcılıq qabiliyyətinin zəifləməsi də regional ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər.
Yaxın perspektivdə qiymət artımı hansı səviyyədə ola bilər?
– Yaxın aylarda ərzaq bazarında kəskin dəyişiklik gözlənilmir. Lakin enerji resurslarının bahalaşması fonunda bəzi məhsulların qiymətində artım mümkündür. Ümumilikdə, region üzrə bahalaşmanın 20–30 faiz aralığında olması ehtimal edilir. Bu artım daha çox enerji ilə əlaqəli sahələrdə hiss olunacaq.
Bu prosesin sosial təsirləri barədə nə deyə bilərsiniz?
– Belə vəziyyətlərdə psixoloji faktorlar da ön plana çıxır. İnsanların panikaya düşərək ərzaq ehtiyatı toplaması təbii reaksiyadır. Lakin dövlətlərin strateji ehtiyatlarının olması bu cür risklərin qarşısını almaqda mühüm rol oynayır.
Ümumilikdə, vəziyyət mürəkkəb və dinamikdir. İnsanlar həm gündəlik həyatlarını davam etdirir, həm də münaqişə şəraitinə uyğunlaşmağa çalışırlar.
Mövcud şəraitdə Hörmüz boğazı ətrafında baş verən proseslər daha çox regional təsirlərlə xarakterizə olunur. Qlobal ərzaq qıtlığı gözlənilməsə də, qiymət artımları və iqtisadi təzyiqlər qaçılmazdır. Bu baxımdan həm dövlətlərin, həm də cəmiyyətin ehtiyatlı və hazırlıqlı davranması xüsusi əhəmiyyət kəsb edir.
Gundelik.az
