Sentyabr 10, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Şok pəhrizlər əks nəticə verir

Tətil dönüşündə tərəzidə bir neçə kilo artıq görmək insanları sürətli nəticə vəd edən şok pəhrizlərə yönəldir. Lakin mütəxəssislər bildirirlər ki, bu artımın hamısı piylənmə ilə bağlı deyil. Qidalanma və yuxu rejiminin dəyişməsi, az hərəkətlilik və bədəndə müvəqqəti maye yığılması tərəzidə artıma səbəb olur.

Qidalanma və pəhriz mütəxəssisi Bensu Enyüksek şok pəhrizlərin davamlı olmadığını və sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirir. Onun sözlərinə görə, sürətli nəticə əvəzinə balanslı qidalanma və davamlı həyat tərzi dəyişikliklərinə üstünlük verilməlidir.

Hər gün hərəkət edin

Tətil zamanı azalan fiziki aktivliyi gündəlik həyata qaytarmaq vacibdir. Orta sürətli gəzinti belə çəkiyə nəzarət prosesinə kömək edir.

Yemək vaxtlarını keçirməyin

Zülal, tərəvəz, meyvə, tam taxıllı məhsullar və sağlam yağlarla balanslaşdırılmış qidalanma gün ərzində həddindən artıq aclığın qarşısını almağa kömək edir.

Kifayət qədər su için

Su qəbulunu gün ərzində bölmək tövsiyə olunur. Gündəlik ehtiyac təxminən hər kiloqram çəkiyə 30–35 millilitr hesablanır. Bu miqdar hava şəraiti, fiziki aktivlik və sağlamlıq vəziyyətinə görə dəyişir.

Yuxu rejiminizi bərpa edin

Tətil zamanı pozulan yuxu rejimi iştaha və enerji balansına təsir edərək çəkiyə nəzarəti çətinləşdirir. Buna görə müntəzəm və keyfiyyətli yuxuya qayıtmaq vacibdir.

Tərəzidəki artımı dərhal problem hesab etməyin

Tətil dönüşündə görülən artıq çəkinin hamısı piy toxumasından ibarət deyil. Qidalanma və bağırsaq rejiminin dəyişməsi, eləcə də maye yığılması müvəqqəti çəki artımına səbəb olur. Buna görə dərhal sərt pəhrizə başlamaq əvəzinə əvvəlcə normal qidalanma rejiminə qayıtmaq lazımdır.

Şirniyyatı tamamilə qadağan etməyin

Dondurma, şirniyyat və qəlyanaltıları tamamilə rasiondan çıxarmaq əvəzinə onların qəbul tezliyinə və porsiyasına diqqət yetirmək daha davamlı yanaşmadır.

Porsiyalara diqqət edin

Tabağın tərəvəz və salatla zənginləşdirilməsi, kifayət qədər zülal və tam taxıllı məhsulların qəbul edilməsi balanslı qidalanmaya kömək edir. Məqsəd ac qalmaq deyil, orqanizmin ehtiyaclarını qarşılayan sağlam qidalanma rejimi yaratmaqdır.

Şok pəhrizlərdən uzaq durun

Mütəxəssis bildirir ki, sosial mediada qısa müddətdə böyük çəki itkisi vəd edən pəhrizlərə aldanmaq olmaz. Yemək vaxtlarını keçirmək, karbohidratları tamamilə rasiondan çıxarmaq, yalnız salat və ya maye qəbul etmək qısa müddətdə tərəzidə azalma yaratsa da, davamlı deyil. Bu üsullar orqanizmin enerji və qida maddələrinə olan tələbatının ödənilməməsinə və sağlamlığın pisləşməsinə səbəb olur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az