İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreya təcili təhlükəsizlik iclası keçirib

Şimali Koreyanın qısa mənzilli ballistik raket buraxmasından sonra Cənubi Koreya Milli Təhlükəsizlik Agentliyi çərşənbə günü təcili iclas çağırıb.

Gundelik.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, iclas zamanı ordunun cavab tədbirləri müzakirə olunub və Koreya yarımadasındakı vəziyyətin mümkün təsirləri qiymətləndirilib.

Məlumata görə, Cənubi Koreya hökuməti Pxenyanın mümkün əlavə raket buraxılışlarını diqqətlə izləyəcək və “lazımi tədbirlər” görməyi planlaşdırır. Agentlik qeyd edib ki, buraxılış real vaxt rejimində izlənilib və hadisə barədə prezidentə dərhal məlumat verilib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin məlumatına əsasən, raketlər Şimali Koreyanın Hvanqhae əyalətinin Conqhwa bölgəsindən yerli vaxtla səhər saat 8:10-da (Moskva vaxtı ilə 2:10) şimal-şərq istiqamətində buraxılıb və təxminən 350 kilometr məsafə qət edib.

Hazırda Cənubi Koreya və ABŞ hərbi ekspertləri raketlərin texniki xüsusiyyətlərini müəyyənləşdirmək üzərində çalışırlar. “Renhap” agentliyinin mənbələri raketlərin Yapon dənizinə deyil, quru ərazisinə düşmüş ola biləcəyini istisna etmir.

Bu, Şimali Koreyanın Cənubi Koreya prezidenti Li Cae-Myunq dövründə həyata keçirdiyi ilk raket sınağıdır. Pxenyan sonuncu dəfə may ayında qısa mənzilli ballistik və qanadlı raketləri sınaqdan keçirmişdi.

Raket buraxılışı 31 oktyabr – 1 noyabr tarixlərində Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində baş verib.

Gundelik.az