Bakıda kirayə mənzil bazarında qiymət artımı davam edir. Tələbin yüksəlməsi bəzi əmlak sahiblərinin mənzilin vəziyyətindən asılı olmayaraq kirayə haqlarını artırmasına səbəb olub. Ekspertlər yaxın dövrdə mənzil kirayələrinin ucuzlaşacağını gözləmirlər, əksinə, qiymət artımının davam edəcəyini bildirirlər.
“Averon Real Estate” şirkətinin rəhbəri, əmlak mütəxəsisi Əli İmanov Gündelik.az-a açıqlamasında bildirib ki, kirayə bazarında artım xüsusilə bir sıra metro stansiyalarının ətrafında daha çox müşahidə olunur.
Onun sözlərinə görə, hazırda qiymət artımı əsasən Qara Qarayev, Nərimanov, Gənclik Nəsimi və Azadlıq metro stansiyalarının yerləşdiyi ərazilərdə özünü göstərir:
“Ümumilikdə kirayə bazarında artımlar var. Elə əmlak sahibləri də var ki, mənzilin şəraiti uyğun olmasa belə, tələbatın yüksək olmasından istifadə edərək qiyməti süni şəkildə artırırlar. Əsas səbəb tələbin çox olmasıdır. Hazırda Nizami metrosu ətrafında söküntü işləri daha intensiv getdiyinə görə həmin ərazidə kirayə mənzillərə tələbat da artıb. Qiymət artımı Hövsan ərazisinə də təsir edib. Hazırkı vəziyyətə əsasən, mənzil kirayələrində qiymət enməsi gözlənilmir. Əksinə, qarşıdakı dövrdə bahalaşmanın davam edəcəyi ehtimal olunur”.
Nurəddin Abdullayev
Gundelik.az
