Gundelik.az Dünya Si Cinpin və Kim Çen In Pxenyanda keçirilən danışıqlarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Dünya Xəbərlər

Si Cinpin və Kim Çen In Pxenyanda keçirilən danışıqlarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Çin və Şimali Koreya mediasının məlumatına görə, Pxenyanda keçirilən danışıqlar zamanı Çin prezidenti Si Cinpin və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluq münasibətlərini gücləndirmək niyyətlərini bir daha təsdiqləyiblər.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, “Kim Çen In Koreya İşçi Partiyası (KFP) və KXDR hökumətinin Koreya-Çin dostluğunu ən vacib strateji prioritet hesab etməyə davam edəcəyinə və iki ölkə arasındakı münasibətləri sosialist ölkələri arasında münasibətlər modelinə, sarsılmaz xüsusi, səmimi və davamlı strateji münasibətə çevirmək üçün bütün səylərini əsirgəməyəcəyinə əminlik bildirib”.

KXDR lideri “iki ölkə arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın intensiv inkişafını” yüksək qiymətləndirib.

“Beynəlxalq vəziyyətdəki dəyişikliklərdən asılı olmayaraq, partiyamız və hökumətimiz Çin partiyası və hökumətinin vahid Çin prinsipinə əsaslanan əsas maraqların qorunmasına yönəlmiş siyasətini və mövqeyini tam dəstəkləyəcək”, – deyə Kim Çen In vurğulayıb.

“Xinhua” agentliyinin məlumatına görə, Si Cinpin eyni zamanda Şimali Koreya liderinə Pekinin KXDR-i sarsılmaz dəstəkləyəcəyinə əminlik verib.

Danışıqlar zamanı Çin lideri qeyd edib ki, iki ölkə “qarşılıqlı siyasi etimadın təməlini möhkəmləndirməli və praktiki əməkdaşlıq səviyyəsini yüksəltməlidir”.

Si Cinpin dövlət səfəri ilə Pxenyandadır.

Bu il Pxenyan və Pekin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 65-ci ildönümüdür. Si Cinpinin KXDR-ə son səfəri yeddi il əvvəl, 2019-cu ildə baş tutub.

Mənbə:İnterfax.ru

Tərtib etdi:Məhəmməd Nəzərov

Gundelik.az

Exit mobile version