Rumıniya Ukraynaya 20-dən çox hərbi yardım paketi göndərib və Kiyevlə gələcək hərbi təchizatlar barədə müzakirələri davam etdirir.
Gundelik.az bu barədə Rumıniyanın müdafiə naziri İon Moşteanu Euronews Rumıniyaya açıqlama verib.
Nazirin sözlərinə görə, yardım barədə məlumatlar Rumıniyanın Milli Müdafiə Ali Şurasının qərarı ilə məxfi saxlanılır. “Şəxsən mən şəffaflığın tərəfdarıyam, imkan olsa, bu məlumatları ictimaiyyətə açıqlayardım”, – deyə Moşteanu bildirib.
Avqustun 4-də Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ və NATO-nun Ukraynaya dəstək üçün yeni mexanizm – Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısını işə salmaq barədə qərar qəbul etdiyini bəyan edib. Yeni mexanizm alyans üzvlərinə könüllü töhfələr hesabına ABŞ silah və texnologiyalarının Ukraynaya tədarükünü maliyyələşdirməyə imkan verəcək.
Bundan bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ bundan sonra yalnız Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına çalışacaq. Tramp qeyd edib ki, Vaşinqton NATO müttəfiqlərinə milyardlarla dollar dəyərində raket və digər hərbi texnika satır və bu silahların alınması Ukraynaya dəstəyi təmin edəcək.
Qeyd edək ki, NATO daha əvvəl də üzv ölkələri ABŞ-dən daha çox silah alaraq Ukraynaya çatdırmağa çağırmışdı.
Gundelik.az

