Gundelik.az Elm və təhsil Ədəbiyyat Ruhun Güzgüsündən Boylanan Poeziya
Ədəbiyyat Xəbərlər

Ruhun Güzgüsündən Boylanan Poeziya

At hamısın quyuya…
Uyu gözəl bala, uyu, yuxunda
Görəsən həyatın varın, yoxun da
Kimlər üzmüş səni, kimlər incitmiş
Hər birinin üzü qalsın yuxunda!
Böyük bir quyu gör, qaranlıq olsun
Ucu bucağı hey seçilməz olsun
Hər pis xatirəni, qəm kədərini
At bir-bir quyuya, görünməz olsun.
İndiyədək səni görməyənləri,
Yanından düz keçib baxmayanları,
Sorğulayanları, tək qoyanları,
İtələ quyuya, bilinməz olsun.
Küçəyə buraxıb, tərk edənləri,
Bilinməz yollara qərq edənləri,
Atalıq, analıq etməyənləri,
At qaranlıqlara tanınmaz olsun.
Başına bir sığal çəkən deyillər,
Boynu qucaqlayıb, öpən deyillər,
Səni xatırlayıb dönən deyillər
Sənsə at kəfənlə cəhənnəm olsun.
Ar olsun övladın atan “ana” ya
İcazə vermə heç yaran qanaya
Sonra da odu vur  həmin quyuya
Keçmişinlə birgə yanıb kül olsun.
***********************************************
Bilirsinizmi?..
Darıxmaq hissini bilirsinizmi?
Köksündə bir yanan oda bənzəyir
Üzərinə töksən tonla dənizi
Vulkan tək püskürən dağa bənzəyir.
Tək qalmaq qorxusun bilirsinizmi?
Boğazında sanki bir ilan gəzir.
Udlaqdan hey sıxıb, boğacaq kimi
Ən çox bu duyğular gecələr sezir .
Dəlirmək hissini bilirsinizmi?
Hər yerdə, hər yanda onu görürsən.
Toxunmaq istərkən, yox olmağını
Ancaq toxunandan sonra bilirsən.
***************************************************
Seçim 
Söylə getməkmi yaxşı, qalmaqmı yaxşı?
Çırpınan bu qəlbi sıxmaqmı yaxşı?
Sənlə yol alırdı,  ömrün naxışı,
De, məni yolumdan niyə saxladın?
İndi sən deginən, necə eyləyim?
Tərk edim mən səni, yoxsa dinləyim?
Sən allah cavab ver, sən kişiliyin
Bu sevən könlümü niyə dağladın?
Bilirsən, gecələr mən səni pusdum,
O etməz deyərək, inanıb susdum
Özümə verdiyim sözləri pozdum
Bu şəffaf ruhumu niyə korladın?
Gəlginən bir kərə vicdanla danış,
Hər biri yalandı, sözlərin yalnış.
Mən səni sevərkən, sən yavaş-yavaş
Başqa könüllərdə yelkən açdırdın?
************************************************
Ünvansız  duyğular
Bu gün duyğularım bir az qarışır
Gah sevinir ürək, gah da boğulur.
Bilmirəm nə edim ağlım da çaşır
Qarmaşıq hisslərdən qəlbim yorulur.
Beynim hey düşünür, bilsəniz necə
Elə bil qəlbimdə iki yol gedir,
Bir yandan göz yaşım, axır qəlbimə
Bir yandan təbəssüm mənə zövq verir.
İstərdim o zövqlə getsin həyatım
Bir soyuq baxışın onu məhv edir.
Ağlayır gözlərim, damcılar atır
Gülüşüm üzümdən məni tərk edir.
Bəzən də sevgiylə baxırsan mənə
Onda bilirəm ki, qəlbin kimindi
Yaxınlaşıb öpsən sən bircə kərə
O zaman sanaram dünya mənimdi…
*************************************************
Pay
Günəş tək bir anda doldun könlümə
Mən səni ömrümə nur eləmişdim .
Sən isə vəfasız çıxdın sevgimə
Mən səni  ömrlük yar eləmişdim.
Səhərim də səndin, axşamım da sən,
Mən səni həyatıma var eləmişdim.
Qədrimi bilmədin, sevmədin məni,
Ürəyimi sevginə tay eləmişdim.
Sən mənə qış oldun, mən sənə bahar,
Səni qışımda yağan qar eləmişdim.
Heç kəs bilməsin, göz dəyər deyə
Mən səni qəlbimdə sirr eləmişdim.
Bəs niyə səhrada tək qoydun məni?
Mən səni dilimə ab eləmişdim.
Tapmarsan mənim tək yarı sən indi
Beş barmağımı sənə bal eləmişdim
Qulağımda səsin hallanır yenə
Məni şirin dilinlə ram eləmişdin.
Səsini eşitsəm nifrətdən indi
Bu dünyanı sənə zay eləmişdim.
İndi qəlb yaralı, ümidlər solğun,
Sən gedib uzaqda başqa yol buldun.
Mən səni sevgimlə ucaldan oldum,
Sən məni cəhənnəmə pay eləmişdin.
https://www.instagram.com/narmin_huseyns_blog?igsh=Ym1ybHA3bnozdXBv&utm_source=qr

NƏRMİN HÜSEYN

Gundelik.az
Exit mobile version