ABŞ prezidenti Donald Trump Vaşinqtonda keçirilən Ağ Ev müxbirləri şam yeməyi zamanı baş verən silahlı insident zamanı “narahat olmadığını” bildirib. O, CBS News-un “60 Minutes” proqramına verdiyi müsahibədə deyib ki, hadisə zamanı təhlükəsiz yerə çıxarılarkən qorxu hiss etməyib.
“Qorxmadım. Həyatı anlayıram. Biz çılğın bir dünyada yaşayırıq,” – deyə Trump bildirib.
ABŞ mediasının məlumatına görə, 31 yaşlı şübhəli Cole Tomas Allen hadisə zamanı təhlükəsizlik yoxlama məntəqəsi yaxınlığında atəş açdıqdan sonra saxlanılıb. O, bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq. Hadisə ilə bağlı FBI və terrorla mübarizə üzrə xüsusi qrup araşdırma aparır.
ABŞ-ın baş prokuroru Todd Blanche ilkin nəticələrə əsasən bildirib ki, şübhəli böyük ehtimalla yüksək vəzifəli Ağ Ev rəsmilərini hədəf alıb. Motiv isə hələ də araşdırılır.
Hadisə zamanı Trump ilə birlikdə vitse-prezident JD Vance, səhiyyə naziri Robert F Kennedy Jr, mətbuat katibi Karoline Leavitt və müşavir Stephen Miller də tədbirdə iştirak edirdi.
Atəş səslərindən sonra Trump təhlükəsizlik əməkdaşları tərəfindən zaldan çıxarılıb. Daha sonra o bildirib: “Düşünə bilmirəm ki, bundan daha təhlükəli bir peşə var.”
Ağ Evin açıqlamasında qeyd olunub ki, Trump və hökumət üzvləri “atəş açılması ilə müşayiət olunan sui-qəsd cəhdindən sağ çıxıblar” və prezident “qorxmaz mövqe nümayiş etdirir”.
Tədbirin təşkilatçılarından olan jurnalist Weijia Jiang hücumu “dəhşətli” adlandırıb və minlərlə qonağın qorunmasına görə Gizli Xidmətə təşəkkür edib.
Hadisə yerində hüquq-mühafizə orqanları hücumçu ilə atışmaya girib və onu zərərsizləşdirib. Şübhəlinin üzərində iki silah və bıçaqlar olduğu bildirilib.
Məlumata görə, şübhəli hökumət rəsmilərini “yuxarıdan aşağıya qədər” hədəf almağı planlaşdırıb. Onun ailə üzvlərinə göndərdiyi iddia edilən yazılı sənəddə bu barədə qeydlər yer alıb.
Atışma zamanı yaralanan polis əməkdaşı xəstəxanadan buraxılıb. Onun gülləkeçirməz jileti daha ağır nəticələrin qarşısını alıb.
Hadisədən sonra Trump mediaya təşəkkür edib və insanları fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.
Qeyd edək ki, bu, Trump-a qarşı üçüncü belə təhlükədir. 2024-cü ildə Pensilvaniyada keçirilən mitinqdə güllə onun qulağını cızmış, daha sonra isə Floridada silahlı şəxs onun qolf klubunun yaxınlığında aşkarlanmışdı.
Keçmiş prezident Barack Obama də hadisəyə reaksiya verərək bildirib ki, zorakılığın demokratiyada yeri yoxdur və Gizli Xidmət əməkdaşlarının fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Dünya liderləri də hücumu qınayıb. Böyük Britaniyanın baş naziri Keir Starmer bunu “şok edici” adlandırıb, Kanadanın baş naziri Mark Carney isə hadisənin faciə ilə nəticələnməməsinə görə rahatlıq hiss etdiyini bildirib.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

