Gundelik.az Elm və təhsil Ədəbiyyat Poeziyanın PƏRVANƏSİ
Ədəbiyyat

Poeziyanın PƏRVANƏSİ

Sual-cavab

-Çəkməyə boyan var, suyu quruyub?

Nə gəlibdir gözlərinin yaşına?

-Çağlayan sulardı bir vaxt, kiriyib,

Oyma naxış salıb çayır daşına.

-Qəlbinin aynası açıqmı barı,

Eyvanına qonaq gəlsin bəyaz quş?

-Mən heç itirmədim açan baharı,

Çiçəktək qarını tökdü ayaz, qış.

-Zaman su misalı nəyə gərək ki,

Çatlamış küp kimi sızdı ömürdən?

-Zaman, o dediyin, sudan məgər ki,

Həyat qəlibini tökdü çamurdan.

-Ömür nədən qərib bir sual deyər,

Min bir cavab duyar imtahanında?

-Sevgidən doğulan acı bal yeyər,

Zəhər də, dərman da arı şanı

  Aşiq

Anamın laylalı səsi,

Yatmış körpəmin nəfəsi,

Dilsiz söylənən sözlərin aşiqiyəm.

Baş yastladığım çiyinin,

Sülhü tapan ürəyinin,

Səssiz anlayan gözlərin aşiqiyəm.

Susmuş dualı dillərin,

Çöldə yabanı güllərin,

Yağış qoxulu çöllərin aşiqiyəm.

Dünyanın hər güzarı var,

Sükut çökmüş məzarı dar,

O məzarın aşiqiyəm,

Mən hüzurun aşiqiyəm

    Sükut

Köhnə evimizi yağışlar yuyur,

Kimsəsiz qalıbdır, hər kəs işində.

Hərdən qonaq gəlir, külək uyuyur,

Çırpır qapıları hər gedişində.

 

Kölgələrdən naxış yeri qızarır,

İndi rəngi solan pərdələrin də,

Qəribədir, lampa hələ közərir,

Ümidi yaşayır vədələrin də.

 

Aramla əriyir tüstülənən şam,

Deyir: savaş, ya da yaşa süqutda.

Min bir suallara cavab tapmışam,

Köhnə evimizə çökən sükutda.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version